XƏBƏRLƏR
Əməkdaşımız beynəlxalq folklor festivalında iştirak edib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə “Tərəkəmə Çərşənbəsi” V beynəlxalq folklor festivalının keçirilməsi layihəsi çərçivəsində 01-02 iyun tarixlərində Ağsu rayonu Gəgəli kəndi Tərəkəmə yurdu folklor turizmi məkanında beynəlxalq festival keçirilib. Festival çərçivəsində Bakıdan, habelə Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş folklor kollektivlərinin çıxışları olub, kəndirbaz, zorxana, oxatma və s. milli oyunlar göstərilib. Festivalda rəsm əsərləri, dekorativ-sənətkarlıq nümunələrindən ibarət sərgi-yarmarka təşkil edilib. Festivalın keçirilməsi tərəkəmə həyat tərzinin və köç yollarının UNESCO siyahısına alınması ilə səsləşir. Festival təşkilatçılarının əsas hədəfi festivalın davamlı olması, UNESCO-nun ilkin qeyri-maddi mədəni irs siyahısına daxil olmasıdır.
Sərgi-yarmarkaya Bakı, Gəncə, Qəbələ, Ağdam, Bərdə, Füzuli, Ağdaş, Lahıc, Basqal, Gəgəli, Bico və digər yerlərdən gələn sənətkarlar qoşulublar. Tərəkəmə alaçığında milli geyimlər nümayiş olunub. Festivalı Türkiyə, İtaliya, Gürcüstan, Estoniya, İsrail, Əlcəzair və digər ölkələrdən nümayəndələr izləyiblər. Festivalın yekun hissəsində “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin idarə heyətinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Bakı şəhərindən, Qazax-Tovuz, Lənkəran-Astara, Şirvan-Salyan, Gəncə-Daşkəsən, Dağlıq Şirvan, Quba-Xaçmaz, Mil-Muğan, Qarabağ, Mərkəzi Aran, Abşeron-Xızı bölgələrindən gələn folklor kollektivlərinə, yerli və xarici qonaqlara minnətdarlıq edib.
AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Elçin Qaliboğlu festivalda iştirak edib, bölgənin folklor irsinin toplanması, öyrənilməsi imkanlarını araşdırıb, folklor söyləyiciləri, toplayıcıları ilə görüşüb.