XƏBƏRLƏR
“Masallı folklor örnəkləri” kitabının III cildinin təqdimat mərasimi keçirilib
30 may 2024-cü il tarixində Masallı şəhər Gənclər Evində Masallı Rayon İcra Hakimiyyəti və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə AMEA Folklor İnstitutunun Müasir folklor şöbəsinin müdiri, fil.e.d., prof. Füzuli Bayatın toplayıb tərtib etdiyi “Masallı folklor örnəkləri” kitabının III cildinin təqdimat mərasimi keçirilib. Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatı, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, AMEA Folklor İnstitutunun əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də rayon ağsaqqalları, ziyalılar, media əməkdaşları və gənclər iştirak ediblər.
Təqdimat mərasimi Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Milli Məclisin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı rayon rəhbərini, qonaqları və iştirakçıları salamlayaraq bildirib ki, xalqımızın əvəzsiz mənəvi dəyərlərini qorumaq, gələcək nəsillərə çatdırmaq çox böyük əhəmiyyət kəsb edir. Çünki ana dili kimi folklor da xalqın mənəvi diriliyi, milli kimliyidir. Masallının folklor ənənələrinin, adətlərinin və folklor materiallarının toplanılması, sistemləşdirilməsi, toplu formasında nəşr edilərək gələcək nəsillərə çatdırılması böyük iş olduğu qədər, həm də çox məsuliyyətlidir.
Füzuli Bayatın nəşr etdirdiyi 3 cildlik kitabın folklorumuzun inkişafında və gələcək nəsillərə çatdırılmasında böyük rolu vardır. Çünki Masallı rayonu ölkəmizin qədim yaşayış məskənlərindəndir.
Daha sonra çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov qeyd edib ki, Füzuli Bayat Azərbaycan folklorunun və ədəbiyyatının tədqiqi və təbliği sahəsində böyük işlər görüb. O, Azərbaycan Respublikasının milli-mənəvi dəyərlərinin qorunmasında, gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, ortaq türk ədəbiyyatı, müasir folklor sahəsində apardığı uğurlu tədqiqatlarına, çoxsaylı elmi-publisistik kitablarına, türk xalqlarının müasir folklor tarixinin elmi araşdırılmasında göstərdiyi xidmətlərə görə bir sıra diplom və fəxri fərmanlarla təltif olunub.
Füzuli Bayat Türkiyədə indiyə qədər işləyən xarici vətəndaşlar içində ən çox elmi əsərləri olan tədqiqatçı hesab edilir. O, Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstan başda olmaqla bir çox ölkələrdə 80-dən çox beynəlxalq simpozium, konfrans və qurultaylarda məruzə ilə iştirak edib.
Sonra prof. Füzuli Bayat çıxış edərək, kitabın ərsəyə gəlməsində əməyi olan bütün əməkdaşlara, Rayon İcra Hakimiyyətinə, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinə təşəkkürünü bildirib. Artıq kitabın IV cildinin də nəşri üçün folklor nümunələrinin toplanılmasına başlanıldığını bildirib. Xalqımıza, xüsusilə cənub bölgəsinə məxsus olan, yüz illər, min illər yol keçib gələn adət-ənənələr, folklor nümunələri bu gün də burada yaşamaqdadır. Laylalar, oxşamalar, bayatılar, əfsanələr, rəvayətlər, lətifələr, söyləmələr, alqış və qarğışlar, atalar sözləri, məsəllər, nəğmələr və s. örnəklər insanların ən sevincli və kədərli vaxtlarında – beşik başında, tarlada, inək sağanda, xəmir yoğuranda, nehrə çalxayanda, qız köçürəndə, oğul evləndirəndə və digər mərasimlərdə yaranıb.
“Masallı” toponiminin bir yozumu da folklor nümunəsi olan “misallar”la bağlıdır. Yəni “məsəlli, misallı” diyar, “məsəl çəkənlərin” bol olduğu bir yurd yeridir. Müxtəlif zamanlarda bu diyarda yaşayan insanlar şifahi xalq yaradıcılığının ən gözəl nümunələrini yaradıblar.
Tədbirdə AMEA Folklor İnstitutunun dosenti, fil.ü.f.d. Aynur İbrahimova və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova da çıxış ediblər.
Sonda folklorşünas alim Füzuli Bayata “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin Fəxri fərmanı təqdim edilib.
Kitab təqdimatı “Halay” xalq folklor kollektivinin çıxışı ilə yekunlaşıb.