XƏBƏRLƏR
Folklor İnstitutunda elmin populyarlaşdırılması istiqamətində növbəti mühazirə deyilib
27 may 2024-cü il tarixində Folklor İnstitutunda AMEA-nın müəssisələrində elmin populyarlaşdırılması istiqamətində keçirilən tədbirlər çərçivəsində növbəti mühazirə deyilib. “Eposun səciyyəsi, strukturu və tədqiqi metodları” mövzusunda olan mühazirəni institutun Mərasim folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Ağaverdi Xəlil deyib. Alim bildirib ki, eposun milli məlumat daşıyıcısı olaraq əsas səciyyəsi xalqın ideallarını, onun özünəməxsus düşüncə və davranışlarını, mənəvi dəyərlərini təcəssüm etdirməsidir. O, epos termini, özündə mütləq şəkildə mifoloji elementlər daşıyan arxaik epos və orta əsrlər dövründə formalaşaraq sabitləşən, müəyyən dəyərləri ehtiva edən klassik epos barədə məlumat verib. Mühazirədə eposun strukturu, süjet və motivləri, o cümlədən qəhrəmanın möcüzəli doğuluşu, ilk hünər, yetkinlik, magik xüsusiyyətlər, sehrli vasitələrə malik olma və s. motivlərdən bəhs olunub.
Eposun ritualla əlaqəsindən bəhs edən alim qeyd edib ki, “epos ritualın ən geniş simvolik inkişafını əks etdirən bədii nümunə kimi özündə başlanğıcdan gələn sakral dəyərləri qoruyur, onları xalqın ideallarına transformasiya edərək bu yaradıcılıq növünün ideya və məzmununu müəyyənləşdirir. Epos təkcə ritualdan qaynaqlanaraq yaranması ilə səciyyələnmir, o, eyni zamanda ritual şəraitində söylənir. Yəni epos üçün arxaik ritual qaynaq olur, müasir ritual isə söylənmə şəraitini təmin edir”, – deyə alim vurğulayıb.
Mühazirə auditoriya tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.