Folklor İnstitutunun alimləri “Ozan-aşıq mədəniyyəti: tarixi köklər, müasir yanaşmalar və perspektivlər” mövzusunda beynəlxalq elmi simpoziumda iştirak ediblər

Folklor İnstitutunun alimləri “Ozan-aşıq mədəniyyəti: tarixi köklər, müasir yanaşmalar və perspektivlər” mövzusunda beynəlxalq elmi simpoziumda iştirak ediblər

24 May 2024, 19:00 / Konfranslar, İclaslar

23-24 may 2024-cü il tarixlərində Xəzər Universitetində bu universitetin Dillər və ədəbiyyatlar və Musiqi və incəsənət departamentləri, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), UNESCO Türkiyə Nümayəndəliyi, Ankara Hacı Bayram Vəli Universiteti və Qazaxıstanın Əhməd Yəsəvi Universitetinin birgə təşkilatçılığı ilə “Ozan-aşıq mədəniyyəti: tarixi köklər, müasir yanaşmalar və perspektivlər” mövzusunda beynəlxalq elmi simpozium keçirilib. Simpoziumda dünyanın müxtəlif ölkələrindən olan alim və tədqiqatçıların məruzələri dinlənilib, türk xalqlarının ortaq mədəniyyətindən, ozan-aşıq sənətinin tarixindən və keçdiyi təşəkkül yolundan bəhs edilərək gələcək perspektivlər müzakirə olunub.

Simpoziumda  AMEA Folklor İnstitutunun Müasir folklor şöbəsinin müdiri, fil.e.d., prof. Füzuli Bayat “Media çağının aşığı və ya neo-aşıq”, Xarici əlaqələr şöbəsinin müdiri Əli Şamil “Azərbaycan Qaşqay şairi Məzunun şeirinin dili”, Aşıq yaradıcılığı şöbəsinin baş elmi işçisi, fil.e.d., prof. Ramil Əliyev “Abbas və Gülgəz” dastanında degenerativ zaman və məkan”, həmin şöbənin böyük elmi işçisi Sahibə Paşayeva “Sədnik Pirsultanlı yaradıcılığında ozan-aşıq mədəniyyətinin tarixi köklərinin təsviri”, Dədə Qorqud şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Aynurə Səfərova “Qurbani” dastanına dair bəzi qeydlər”, Mifologiya şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. İlhamə Qəsəbova “Qopuz törəməli simli saz alətləri”, Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Aynur İbrahimova “Aşıq Azaflı irsi mədəni irsimizin mühüm tərkib hissəsi kimi”, Cənubi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d. Qiymət Məhərrəmli “Aşıq Alı divanilərində irfani düşüncə”, Müasir folklor şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Aynur Cəlilova “Aşıq sənətində ov ənənələri” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələr konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.