“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabının təqdimat mərasimi keçirilib

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabının təqdimat mərasimi keçirilib

06 May 2024, 14:28 / Konfranslar, İclaslar

Mayın 3-də Azərbaycanda Atatürk Mərkəzində AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə institutun Mərasim folkloru şöbəsinin müdiri, fil.e.d., dos. Ağaverdi Xəlil və həmin şöbənin baş elmi işçisi, fil.e.d., dos. Nubar Həkimovanın həmmüəllifliyi ilə nəşr olunan “Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycanda Atatürk Mərkəzinin direktor müavini Osman Musayev iştirakçıları salamlayaraq kitab haqqında məlumat verib.

Sonra Ərzincan Binali Yıldırım Universitetinin professoru Ali Kafkasyalı çıxış edərək, tədbirin əhəmiyyətindən söz açıb, təqdimat mərasimində iştirak etdiyi üçün şad olduğunu bildirib.

AMEA Azad Həmkarlar İttifaqının sədri, siy.e.ü.f.d, dos. Sənan Həsənov,  AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, fəl.ü.f.d., dos. Şölət Zeynalov Ulu Öndərin mədəniyyətimizə verdiyi töhfələrdən bəhs edib, xüsusilə Heydər Əliyev və andiçmə mərasiminin böyük önəm daşıdığını diqqətə çatdırıblar.

Tədbirdə çıxış edən AMEA Mərkəzi Elmi Kitabxanasının Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin müdiri Günel Bağırova-Hüseynova gələcəkdə kitabın dünya dillərinə tərcümə olunaraq xarici dövlət kitabxanalarına göndərilməsinin böyük əhəmiyyət kəsb edəcəyini vurğulayıb.

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin eksperti, nasir, publisist Əkbər Qoşalı, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri, fil.e.d., prof. Sayalı Sadıqova, şair, publisist Rafael İncəyurd, Folklor İnstitutunun əməkdaşları – fil.e.d., dos. Leyla Məmmədova, fil.ü.f.d., dos. İlhamə Qəsəbova, fil.ü.f.d., dos. Atəş Əhmədli, fil.ü.f.d. Nizami Adışirinov, fil.ü.f.d., dos. Səfa Qarayev, fil.ü.f.d., dos. Hikmət Quliyev və fil.ü.f.d., dos. Zümrüd Mənsimova çıxış edərək, kitab haqqında fikirlərini bölüşüb, Heydər Əliyevin folklorumuza göstərdiyi diqqətdən bəhs edib, tədbirin Ulu Öndərin doğum gününə sayılı günlər qaldığı zamanda keçirilməsinin təqdirəlayiq olduğunu bildiriblər.

Sonda müəlliflər AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov  başda olmaqla, kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə, tədbirin təşkil olunmasına görə Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərova və tədbirin bütün iştirakçılarına minnətdarlıqlarını bildiriblər.