“Güney Azərbaycan folkloru” seriyasından olan kitabların təqdimatı keçirilib

“Güney Azərbaycan folkloru” seriyasından olan kitabların təqdimatı keçirilib

02 May 2024, 12:25 / Konfranslar, İclaslar

Mayın 1-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə nəşr edilən “Güney Azərbaycan folkloru” seriyasından olan kitabların təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz açıb. Qeyd edib ki, Güney Azərbaycan folklor mühiti Azərbaycan mədəniyyətinin tərkib hissəsi olmaqla zəngin şifahi irs ilə seçilir. Bu irsin toplanması, tədqiqi və təbliği sahəsində AMEA-nın Folklor İnstitutunun Cənubi Azərbaycan folkloru şöbəsi əvəzolunmaz xidmətlər göstərir. Bu gün təqdim olunan kitablar bunun bariz nümunəsidir.

Sonra söz AMEA Folklor İnstitutunun Cənubi Azərbaycan folkloru şöbəsinin müdiri, fil.e.d., dos. Mətanət Abbasovaya verilib. O, çıxışında bildirib ki, Azərbaycan mədəniyyəti iki müxtəlif məkanda – Şimal və Cənub siyasi-coğrafi məkanında inkişaf etsə də, xalq milli-mənəvi düşüncə, təfəkkür bütövlüyünü qoruyub saxlayıb. Müxtəlif ictimai-siyasi şəraitdə olmasına baxmayaraq, bütün dövrlərdə Azərbaycan folkloru ümumtürk etnokulturoloji özəlliyini əks etdirib. Şimalda Sovet siyasi rejimi, Cənubda Pəhləvi rejimi, heç şübhəsiz xalqın mədəniyyətinə ideoloji baxımdan öz təsirini göstərib. Lakin xalq minillərdən gələn özəl dəyərlərə, ilkinliyə, soykökə bağlılığını yaşadıb. Bunun ifadəsi kimi istər Şimali, istərsə də Cənubi Azərbaycanda xalqın milli-mənəvi oyanışı nəticə etibarilə onun yaradıcılıq enerjisini daha çox folklor üzərində kökləyib, məhz şifahi ədəbiyyat xalq ruhunun özünüifadəsinə çevrilib. 

“Cənubi Azərbaycan folklorunun sistemli şəkildə toplanma, nəşr və tədqiqi məsələlərinin elmi istiqamətdə öyrənilməsi AMEA Folklor İnstitutu tərəfindən həyata keçirilib. İnstitutun nəzdində yaradılan Cənubi Azərbaycan folkloru şöbəsi Güney folklorunun qaynaqları, təşəkkül, inkişaf qanunauyğunluqlarının nəzəri və təcrübi əsaslarını müəyyənləşdirərək mətnlərin toplanması, tərtibi, transliterasiyası və nəşri məsələlərini bir arada planlaşdırmaqla tarixi bir ilkə imza atıb. Folklor İnstitutu rəhbərliyinin təşəbbüsü ilə “Güney Azərbaycan folkloru” seriyasından 16 cild, habelə “Qaşqay folklor örnəkləri”, “Təbriz folklor örnəkləri. I cild” və “Təbriz folklor mühiti” olmaqla, ümumilikdə 19 kitab işıq üzü görüb”, – deyə M.Abbasova vurğulayıb.

Tədbir Cənubi Azərbaycan folkloru şöbəsinin əməkdaşı, fil.ü.f.d. Qiymət Məhərrəmlinin aparıcılığı ilə davam edib.

Təqdimat mərasimində güneyli ziyalı, yazıçı, publisist Aqşin Ağkəmərli, tar.e.d. Eynulla Mədətli, tar.e.d., prof. Şahin Fazil, jurnalist, tədqiqatçı Nazir Əhmədli, fil.e.d., prof. Minaxanım Təkləli, tanınmış diktor Eldost Bayramov, AMEA Folklor İnstitutunun aparıcı elmi işçiləri – fil.ü.f.d., dos. Ləman Vaqifqızı (Süleymanova) və fil.ü.f.d., dos. Atəş Əhmədli, şair, tərcüməçi Giya Paçxataşvili, aşıq Cahangir Quliyev və digərləri çıxış edərək sözügedən kitablar haqqında fikirlərini bölüşüblər.