Türkiyəli və kərküklü alimlər Folklor İnstitutunun qonağı olublar

Türkiyəli və kərküklü alimlər Folklor İnstitutunun qonağı olublar

18 Aprel 2024, 23:50 / Qonaqlar

17 aprel 2024-cü il tarixində türkiyəli və kərküklü alimlər AMEA Folklor İnstitutunun qonağı olublar. Görüşdə Türkiyədə fəaliyyət göstərən Dünya Söz Akademiyasının İdarə Heyətinin sədri, professor Hayrettin İvgin, İraq Mədəniyyət Nazirliyi Türkman Kültür Mərkəzinin sədri Dr. Sabah Abdullah Kərküklü, İraq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Dr. Mutaz Əbdülhəmid və “Şəfəq” jurnalının baş redaktoru, şair Qardaş Əlişoğlu iştirak ediblər. Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov qonaqları səmimi qarşılayaraq institutun fəaliyyəti, inkişaf perspektivləri və s. haqqında məlumat verib. Qarşılıqlı fikir mübadiləsi əsasında keçən görüşdə müasir elmin aktual problemləri ilə bağlı maraqlı söhbət aparılıb. İstər Türkiyə, istərsə də İraqla ədəbi-mədəni əlaqələrin genişləndirilməsi, İraq-türkman folklorunun öyrənilməsi istiqamətində fəaliyyətlərin təşkili və qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdə Folklor İnstitutunun Klassik folklor şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Rza Xəlilov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Əli Şamil, Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Səkinə Qaybalıyeva və İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs, filologiya üzrə fəlsəfə doktoru Gülnar Osmanova da iştirak ediblər.

Sonda qonaqlara institutda nəşr olunan kitablar, elmi jurnallar, disklər hədiyyə olunub və xatirə şəkilləri çəkilib.