Əməkdaşlarımız beynəlxalq konfransda məruzə ediblər

Əməkdaşlarımız beynəlxalq konfransda məruzə ediblər

17 Aprel 2024, 23:42 / Mühüm hadisələr

15-16 aprel 2024-cü il tarixlərində AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Özbək və Azərbaycan filologiyasının aktual məsələləri” mövzusunda beynəlxalq konfrans keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycan və Özbəkistanın dərin tarixi köklərə, ortaq milli-mədəni və mənəvi dəyərlərə, zəngin adət-ənənələrə mənsub dövlətlər olduğunu bildirib. Azərbaycan-Özbəkistan əlaqələrinin yeni müstəvidə, müasir dövrün çağırışlarına uyğun inkişaf etdiyini deyən AMEA rəhbəri iki ölkə arasındakı əlaqələrin son illərdə Prezident İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sıx dostluq və qardaşlıq münasibətləri sayəsində keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, ölkələrimiz arasında ikitərəfli əlaqələr hazırda Türk Dövlətləri Təşkilatı çərçivəsində daha sürətlə inkişaf etməkdədir.

Akademiya ilə Özbəkistanın elmi qurumları arasında əlaqələrin son illər daha da inkişaf etdiyini deyən AMEA rəhbəri qardaş ölkənin bir sıra müəssisələri ilə ikitərəfli müqavilələrin imzalandığını söyləyib.

Akademik İsa Həbibbəyli bugünkü konfransın elmi və tarixi əhəmiyyətini önə çəkib, beynəlxalq tədbirin əsas məqsədinin Azərbaycan-Özbəkistan əlaqələrinin dairəsini daha geniş üfüqlərə doğru genişləndirmək və yeni əsərlər meydana qoymaq olduğunu bildirib.

Daha sonra özbək və Azərbaycan alimlərinin məruzələri dinlənilib.

Konfransda AMEA Folklor İnstitutunun əməkdaşları da iştirak ediblər. İnstitutun Qadınlar Təşkilatının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimova “Azərbaycan xalq qəhrəmanlıq dastanı “Koroğlu”nun variantları”, Folklor və yazılı ədəbiyyat şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şəbnəm Məmmədova isə “Yaddan çıxmış “Özbək ədəbiyyatı antologiyası” mövzusunda məruzələrlə çıxıb ediblər. Məruzələr ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.