Folklor İnstitutunun əməkdaşı “Elmi liderlikdə qadınlar və qızlar – davamlı inkişafın yeni dövrü” mövzusunda elmi konfransda məruzə edib

Folklor İnstitutunun əməkdaşı “Elmi liderlikdə qadınlar və qızlar – davamlı inkişafın yeni dövrü” mövzusunda elmi konfransda məruzə edib

09 Fevral 2024, 20:46 / Konfranslar, İclaslar

Fevralın 9-da AMEA Rəyasət Heyətinin və AMEA Qadınlar Şurasının birgə təşkilatçılığı ilə 11 Fevral – Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününə həsr olunmuş tədbir keçirilib.

“Elmi liderlikdə qadınlar və qızlar – davamlı inkişafın yeni dövrü” mövzusunda keçirilmiş elmi konfransı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova açaraq tədbir iştirakçılarına AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin salamlarını və təbriklərini çatdırıb. Bu əlamətdar günün BMT Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnaməyə əsasən keçirildiyini bildirən akademik Azərbaycanda builki Qadınlar və Qızlar Elmdə Beynəlxalq Gününün keçirilməsinin olduqca əhəmiyyətli hadisə ilə də yadda qalacağını vurğulayıb. Qeyd edib ki, iki gün öncə Azərbaycan xalqı yüksək siyasi iradəsini ortaya qoyaraq vətəndaş mövqeyi və mütəşəkkillik göstərməklə öz liderinə, Müzəffər Ali Baş Komandana birmənalı inamını nümayiş etdirib: “Müstəqillik dövründə ilk dəfəydi ki, seçki məntəqələri milli suverenliyin tam təmin olunduğu ərazilər də daxil olmaqla, bütün respublikanı əhatə edirdi. Seçkilərdə Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti, o cümlədən elmdə söz sahibi olan qadın və qızlarımız da böyük ruh yüksəkliyi ilə iştirak etdilər. Seçkilər göstərdi ki, Azərbaycan xalqı öz gələcəyinin, öz taleyinin əsl sahibi olmaqda israrlıdır”.

Akademik builki Beynəlxalq Qadınlar və Qızlar Günündə əhatə edilməsi xüsusən vacib olan əsas məqsədlər haqqında məlumat verib. Bildirib ki, bu məqsədlər diplomatiyada və beynəlxalq məsələlərdə, davamlı, ədalətli və inklüziv sosial-iqtisadi inkişaf, elm, təhsil, texnologiya və yaşıl iqtisadi artım, mədəniyyət sahələrində qadınların rolunu araşdırmaq və onları öz fəaliyyətlərini genişləndirməyə təşviq etmək kimi məsələlərdən ibarətdir.

AMEA Qadınlar Şurasının sədri, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə Prezident seçkilərində, bütövlükdə ölkəmizin ictimai-siyasi həyatında qadın alimlərimizin fəal iştirak etdiyini bildirib. Qeyd edib ki, Azərbaycanın qadın alimləri öz fəaliyyətlərində və şəxsi həyatlarında görkəmli oftalmoloq alim, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı akademik Zərifə xanım Əliyevanın həyat yolunu və zəngin elmi yaradıcılığını nümunə götürürlər.

Daha sonra elmi məruzələr dinlənilib. Konfransda AMEA Folklor İnstitutunun Qadınlar Təşkilatının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimova “Azərbaycan folklorşünaslığında qadın alimlərin rolu” mövzusunda məruzə ilə çıxış edib. O, görkəmli yazıçı, tanınmış ədəbiyyatşünas alim Əzizə Cəfərzadənin həyatı və çoxşaxəli yaradıcılığından, onun folklorşünaslıq fəaliyyətinin istiqamətlərindən, Folklor İnstitutunda çalışan qadın tədqiqatçıların fəaliyyətindən, qeyri-maddi mədəni irsin toplanılması, arxivləşdirilməsi, nəşri, tədqiq olunması, eləcə də beynəlxalq əlaqələrin genişləndirilməsi, elmi təşkilatçılıq və s. sahələrdəki nailiyyətlərindən danışıb.