XƏBƏRLƏR
Folklor İnstitutunda “20 Yanvar – qəhrəmanlıq tariximizin şərəf səhifəsi” adlı anım tədbiri keçirilib
19 yanvar 2024-cü il tarixində AMEA Folklor İnstitutunda 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş “20 Yanvar – qəhrəmanlıq tariximizin şərəf səhifəsi” adlı anım tədbiri keçirilib. Tədbiri giriş sözü ilə institutun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov açaraq 20 Yanvar hadisələrinin xalqımızın tarixi taleyində oynadığı mühüm roldan bəhs edib.
Əvvəlcə 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Folklor studiyasının 20 Yanvar faciəsi ilə bağlı hazırladığı videoçarx nümayiş olunub. O dövr hadisələrinin lent yazılarını özündə əks etdirən videoçarxın nümayişindən sonra akademik sözünə əlavə olaraq qeyd edib ki, 20 Yanvar hadisələri baş vermə səbəbindən, gedişatından asılı olmayaraq Azərbaycan xalqının sovet imperiyasına qarşı mübarizə hərəkatı idi. Bu hadisələrdə bir daha sübut olundu ki, heç bir qüvvə xalqımızın azadlıq uğrunda mübarizə əzmini qıra bilməz. Bu gün biz həmin hadisələrə yekdil olaraq torpaqlarımızın ərazi bütövlüyü, suverenliyimiz uğrunda mübarizəmizin şərəfli səhifəsi kimi baxırıq.
Sonra söz institutun Türk xalqları folkloru şöbəsinin müdiri, f.e.d., prof. Əfzələddin Əsgərova verilib. 20 Yanvar faciəsi ilə bağlı təəssüratlarını bölüşən professor həmin qanlı gecənin şahidi olduğunu və bu tarixin xalqımızın istiqlalında böyük əhəmiyyət daşıdığını bildirib. O vurğulayıb ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının mənliyini sındıra bilmədi, əksinə xalqımızın yenilməz birliyini, əzmkarlığını, vətənpərvərlik hissinin qüdrətini bütün dünyaya nümayiş etdirdi.
Daha sonra Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d. Xəyalə Ağayeva “Ülvi Bünyadzadənin həyat və yaradıcılığı” mövzusunda məruzə ilə çıxış edib. O, milli yaddaşımıza əbədi həkk olunan azadlıq mücadiləsində şəhidlik zirvəsinə yüksələn qəhrəman oğullarımızdan biri olan Ülvi Bünyadzadənin qısa, lakin şərəfli həyat yolu, bədii yaradıcılığı haqqında məlumat verib. Xəyalə Ağayeva Ülvi Bünyadzadənin bütün şeirlərində vətənpərvərlik ruhunun olduğunu bildirib və həmin şeirlərdən nümunələr səsləndirib.
Tədbirdə Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Sevinc Əliyevanın “Ölümü ilə əbədilik qazanan Ülvi Bünyadzadə” adlı məruzəsi də dinlənilib. Məruzəçi bu cür tədbirlərin 20 Yanvar şəhidlərinin əziz xatirəsinə hörmət və ehtiramın bariz nümunəsi olduğunu qeyd edib. “Vətənimizin taleyində izi olan Ülvi Bünyadzadənin adı poeziya və mərdlik simvolu kimi tariximizə həkk olunub. İllər ötsə də, bu igid Azərbaycan oğlunun parlaq siması bir qəhrəmanlıq obrazı kimi gələcək nəsillərə yadigar qalacaqdır. Onun şəxsiyyəti, qısa ömrü ərzində yazıb-yaratdığı əsərləri, ədəbi fəaliyyəti Azərbaycan xalqının tarixi, ədəbiyyatı və taleyi ilə qaynayıb-qarışmışdır, – deyə Sevinc Əliyeva bildirib.
Sonda çıxış üçün söz alan Mifologiya şöbəsinin böyük elmi işçisi Aydın Mustafayev bildirib ki, 20 Yanvar hadisəsi xalqımızın azadlıq mücadiləsinin bariz nümunəsi, tariximizin qəhrəmanlıq salnaməsidir. Bu hadisənin Qarabağla bağlı hadisələrdən doğduğunu qeyd edən Aydın Mustafayev bu gün artıq Qarabağı azad edərək ərazi bütövlüyümüzü tam bərpa etdiyimizə görə çox qürurlu olduğumuzu vurğulayıb.