Əməkdaşımız Özbəkistanda keçirilən konfransda məruzə ilə çıxış edib

Əməkdaşımız Özbəkistanda keçirilən konfransda məruzə ilə çıxış edib

07 Yanvar 2024, 00:11 / Mühüm hadisələr

AMEA Folklor İnstitutunun Qadınlar Təşkilatının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimova Özbəkistan Respublikasının Zahirəddin Məhəmməd Babur adına Əndican Dövlət Universitetinin dəvəti ilə həmin təhsil müəssisəsində Filologiya fakültəsinin Folklorşünaslıq kafedrasında professor Salima Mirzoyevanın sədrliyi ilə “Folklorşünaslığın aktual problemləri” mövzusunda təşkil olunan konfransda iştirak edib.

Konfransda “Azərbaycan folklorşünaslığının yeni tarixi və aktual problemləri” mövzusunda məruzə edən Aynur İbrahimova folklorda etnik-milli xarakterli problemlərin tədqiqinin, xalq yaradıcılığının sosial-mədəni və ictimai-mənəvi aspektlərinin öyrənilməsinin vacibliyini vurğulayıb.

Sözügedən konfransda Türkiyənin Atatürk Universitetinin professoru Hüseyn Baydemirin və Özbəkistanın müxtəlif elm və təhsil müəssisələrindən olan alimlərin məruzələri dinlənilib.

Daha sonra əməkdaşımız Əndican Dövlət Universitetinin rəhbərliyi və akademik heyətlə görüşərək iki dost, qardaş xalqın elmi-ədəbi əlaqələrinin inkişafından, hər iki elm və təhsil müəssisəsinin gələcək əməkdaşlıq planlarından söz açıb. O, Əndican Dövlət Tarix və Mədəniyyət Muzeyində, muzeyin nəzdindəki Əlyazmalar fondunda olub və Babur adına kitabxananı ziyarət edib. Qeyd edək ki, azərbaycanlı alim Əndican Dövlət Universitetinin rektoru, professor Akramcan Yuldaşov tərəfindən Sertifikatla təltif olunub.

Aynur İbrahimova, həmçinin Özbəkistan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Fərqanə vilayətindəki filialında Xalq yaradıcılığı fakültəsində bakalavr və magistr təhsili alan tələbələrə ustad dərsləri keçib. Dərslərdə folklorunun lirik növ və janrları haqqında məlumatlar verən əməkdaşımız türk xalqlarının mahnı yaradıcılığında özünəməxsus yeri olan layla-ninni-əllə janrının meydana gəlməsindən, xalq mahnılarının konkret musiqi motivinə bağlı olan müxtəlif formalı poetik mətnlərindən bəhs edib, eyni zamanda həmin mətnlər tələbələr tərəfindən səsləndirilib.

Səfər çərçivəsində Aynur İbrahimova Özbəkistan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Fərqanə Filialının direktoru Gapurov Mirmuxsin, elm və innovasiyalar üzrə müavin Rəşid Turqunbayevlə və idarə heyəti ilə görüşüb, rəhbərlik tərəfindən tətbiq olunan inteqrasiyalı yanaşma tərzindən məmnunluğunu ifadə edərək, tələbələrin yüksək hazırlığından bəhs edib.

Görüş və müzakirələrdən sonra hər iki elm ocağı arasında əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparılıb, əməkdaşlığa dair saziş imzalanıb. Sazişdə gələcəkdə informasiya və nəşrlərin mübadiləsi, birgə elmi tədqiqatların, maarifləndirici tədbirlərin təşkili, kadr hazırlığı məsələlərində əməkdaşlıq nəzərdə tutulub.