XƏBƏRLƏR
Folklor İnstitutunun 2023-cü il üzrə illik hesabatı dinlənilib
Dekabrın 7-də AMEA Folklor İnstitutunun Elmi şurasının hesabat iclası keçirilib. İclasda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Elmi şura üzvləri və gündəlikdəki məsələlərə aidiyyəti olan şəxslər iştirak ediblər.
İclası AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq Folklor İnstitutunda aparılan elmi-tədqiqat işlərindən danışıb. “Dünyada gedən müasir folklorşünaslıq proseslərinin əks-sədası bu institutun aparıcı elmi istiqamətlərinə çevrilib. Son illərdə çap olunan folklor örnəkləri toplularından göründüyü kimi, toplama sahəsində də Folklor İnstitutunun nailiyyətləri çoxdur. İndiyədək diqqətdən kənarda qalan folklor və etnoqrafiyanın əlaqəsi məsələsinə fikir verilərsə, Folklor İnstitutu ölkə üzrə yeni bir istiqamət də aça bilər, – deyə akademik İsa Həbibbəyli bildirib.
Sonra Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov çıxış edərək, 2023-cü ildə institutda aparılan tədqiqat işləri, təşkil olunmuş tədbirlər və yeni nəşrlər, o cümlədən “Heydər Əliyev İli” çərçivəsində işıq üzü görən kitablar barədə məlumat verib.
Daha sonra Folklor İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanova institutun 2023-cü il üzrə illik hesabatını təqdim edib. Dos. Afaq Ramazanova Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, habelə dövlət proqramlarının icrası ilə əlaqədar elmi müəssisələrə tapşırılmış işlərin yerinə yetirilməsi haqqında məlumat verib. Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq keçirilən tədbirlər və Ümummilli Lider Heydər Əliyevin 100 ilik yubileyi ilə əlaqədar nəşr olunmuş kitablar barəsində iştirakçıları məlumatlandırıb. Həmçinin, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq “Folklordan görünən Şuşa” seriyasından ilk kitabın nəşr edildiyini (Folklordan görünən Şuşa, I kitab. Həsən İxfa Əlizadə arxivindən Şuşa folkloru. Hazırlayanı: Afaq Ramazanova. Bakı: Elm və təhsil, 2023, 122 s.), digərinin isə çapa hazırlandığı qeyd edib.
Hesabatda bildirilib ki, 2023-cü ildə Folklor İnstitutunda “Azərbaycan xalq yaradıcılığının qaynaqları, təşəkkülü, inkişaf qanunauyğunluqları və əlaqələri” istiqamətində 4 problem, 9 mövzu, 66 iş əsasında tədqiqatlar aparılıb.
Bu il institutda AMEA-nın “Zəngəzur folklorunun milli-mədəni yaddaş və bəşəri zənginlik kontekstində semantik analizi” elmi-tədqiqat proqramı icra olunur. Proqram çərçivəsində üç kitab çapa hazırlanıb.
Ümumilikdə il ərzində 6-sı xaricdə olmaqla 37 kitab və monoqrafiya, 3 konfrans materialı, 6 jurnal, 45-i xaricdə olmaqla 300-ə yaxın məqalə nəşr olunub. Məqalələrdən 12-si beynəlxalq indeksli jurnallarda dərc edilib.
Bu ilin əvvəlində institutda Qərbi Azərbaycan folkloru şöbəsi fəaliyyətə başlayıb, AMEA Rəyasət Heyətinin 12 iyul 2023-cü il tarixli 16/11 saylı qərarı ilə elektron elmin inkişafı istiqamətində işlərin tərkib hissəsi olaraq Elektron xidmətlər şöbəsi yaradılıb.
2023-cü ildə İnstitutun doktoranturasına və dissertanturasına iki ixtisas – “Folklorşünaslıq” və “Azərbaycan ədəbiyyatı” üzrə cəmi 9 nəfər qəbul olub. İnstitutun əməkdaşlarından 2 nəfər elmlər doktoru, 5 nəfər fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb, 1 nəfər professor elmi adı alıb.
Dos. Afaq Ramazanova 2023-cü ildə Folklor İnstitutunun təşkilatçılığı ilə 1 beynəlxalq konqres, 1 beynəlxalq konfrans, 6 respublika elmi konfransı, 3 elmi seminar, 1 sessiya, 2 dəyirmi masa, 3 anım tədbiri, 5 təqdimat mərasiminin keçirildiyini bildirib.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Folklor İnstitutunun 2023-cü il üzrə illik hesabatını məqbul hesab edib.