IX Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib

IX Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib

11 Noyabr 2023, 17:00 / Mühüm hadisələr

Noyabrın 11-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə Bakı Ekspo Mərkəzində IX Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib.

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan sərgidə 11 ölkədən 30-dan çox xarici təşkilat, 131 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edir.

Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master-klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək. Sərgi müddətində müxtəlif formatda 220-dən çox tədbirin təşkili nəzərdə tutulur.

Sərginin fəxri qonaq ölkəsi olan Rusiya Federasiyasının tanınmış yazarları, tarixçiləri və elm adamlarının da sərgidə iştirak edəcəyi gözlənilir. Həmçinin Türkiyənin görkəmli yazarları, elm adamları, tanınmış aktyorları xüsusi tədbirlər proqramı ilə sərgidə təmsil olunur.

Qeyd edək ki, IX Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan Milli Elmlər Akademiyası öz nəşrlərini sərgiləyir. AMEA-nın elmi müəssisə və təşkilatları tərəfindən 2023-cü il ərzində çap olunmuş seçilmiş əsərlər, xüsusilə “Heydər Əliyev İli” çərçivəsində işıq üzü görmüş kitablar, monoqrafiyalar, Böyük Qayıdışa həsr edilmiş nəşrlər, sanballı çoxcildliklər, elmi jurnallar Akademiyanın stendini ziyarət edən qonaqlara təqdim edilir.

Sərginin açılış mərasimində AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov və institut əməkdaşları da iştirak ediblər.

Sərgi noyabrın 15-nə kimi davam edəcək.