XƏBƏRLƏR
Folklor İnstitutunda folklor və yazılı ədəbiyyatın qarşılıqlı əlaqələri, milli yaddaş və bədii düşüncə məsələləri müzakirə olunub
AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsində növbəti elmi seminar keçirilib. Seminarda Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Rza Xəlilov, aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Ağayeva, böyük elmi işçi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəbnəm Məmmədova və aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülnar Osmanova məruzələrlə çıxış ediblər. Seminarda şöbə əməkdaşları ilə yanaşı, Mifologiya və Mərasim folkloru və milli kulinariya ənənəsi şöbələrinin əməkdaşları da iştirak ediblər.
Seminarda ilk olaraq filologiya üzrə fəlsəfə doktoru, dosent Rza Xəlilov “Mahmud bəy Mahmudbəyovun “Zaqafqaziya tatarlarının xalq poeziyasından” tədqiqatı barədə” mövzusunda məruzə edib. Məruzədə bildirilib ki, görkəmli maarif və mətbuat xadimi, publisist Mahmud bəy Mahmudbəyovun elmi fəaliyyətinin əsas istiqamətini təhsilin milliləşdirilməsi, demokratikləşdirilməsi, xalq həyatına yaxınlaşması, milli mənlik şüuru uğrunda mübarizə təşkil edir. Vətənpərvər ziyalı folklorumuzun toplanılması, çapı və təbliği sahəsində böyük işlər görüb. M.Mahmudbəyovun toplayıb yazıya aldığı “Aşıq Qərib” dastanı SMOMPK məcmuəsinin 1892-ci il 13-cü buraxılışında, “Molla Qasım” dastanı və atalar sözləri və məsəllər isə 1894-cü il 19-cu buraxılışında çap edilib. Məruzəçi diqqətə çatdırıb ki, Mahmud bəy Mahmudbəyovun “Zaqafqaziya tatarlarının xalq poeziyasından” adlı məqaləsi Azərbaycan türk dastan yaradıcılığı haqqında məlumat verməklə yanaşı, dastanşünaslığımızın yaranması yolunda atılan ilk addım kimi də dəyərləndirilə bilər. Məqalə, həm də dastanşünaslığın ilk prioritetlərini, araşdırmanın harada başlayıb, harada qurtaracağını müəyyənləşdirir.
Sonra filologiya üzrə fəlsəfə doktoru Xəyalə Ağayevanın “Qarabağ mövzusu: poeziyada və folklorda” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi qeyd edib ki, Azərbaycan ədəbiyyatında və folklorunda Qarabağ mövzusu xalqımızın tarixi yaddaşını, milli kimliyini, Vətən sevgisini və mənəvi dəyərlərini özündə birləşdirən mühüm mövzulardan biridir. Qarabağ yalnız coğrafi məkan deyil, həm də Azərbaycan xalqının əsrlər boyu formalaşmış tarixi-mədəni yaddaşının, zəngin folklor irsinin və ədəbi düşüncəsinin ayrılmaz tərkib hissəsidir. Bu baxımdan Qarabağ mövzusunun poeziya və folklor kontekstində araşdırılması milli-mənəvi irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Məruzədə, xüsusilə çağdaş Azərbaycan poeziyasında Qarabağ mövzusuna müraciət edən sənətkarların yaradıcılığı diqqət mərkəzinə gətirilib. Bu kontekstdə Sabir Rüstəmxanlının “Savaş bitməmiş hələ” və “Qarabağa dönüş” əsərləri, Zəlimxan Yaqubun Qarabağ mövzusunda yazdığı şeir və poemaları milli yaddaşın poetik ifadəsi baxımından təhlil olunub.
Sonra isə filologiya üzrə fəlsəfə doktoru, dosent Şəbnəm Məmmədova “1960-1980-ci illər malkar ədəbiyyatında etnik kimlik və folklor nümunələri” mövzusunda məruzə edib. Məruzədə 1960-1980-ci illər malkar ədəbiyyatının tarixi-mədəni mənzərəsi, ədəbi mətnlərdə etnik kimliyin ifadəsi, folklorla yazılı ədəbiyyatın əlaqəsi və dövrün aparıcı sənətkarlarının yaradıcılığı təqdim olunub. Vurğulanıb ki, 1960-1980-ci illər malkar ədəbiyyatı milli yaddaşa, ana dilinə və mədəni irsə marağın bədii ifadəsi ilə seçilir. Bu dövrdə yazıçılar xalqın tarixi təcrübəsini, gündəlik həyatını və mənəvi dəyərlərini ədəbi mətnlərdə əks etdirirdilər. Şifahi ənənədən gələn dağ, yol, ocaq, ana obrazları, xalq danışıq dili və nəğmə ahəngi yazılı ədəbiyyatda yeni məna və milli kolorit qazanır, ənənəvi dəyərlər dövrün ictimai və mənəvi sualları ilə vəhdət təşkil edirdi. Məruzəçi malkar ədəbi yaddaşı və milli özünüdərkini üç sənətkarın yaradıcılığı çərçivəsində təqdim edib. O bildirib ki, Kazım Meçiyev, Qaysın Quliyev və Tənzilə Züməqulovanın yaradıcılığında milli-mədəni yaddaş, doğma dilə və yurda bağlılıq, insan münasibətləri, mənəvi dəyərlər, gündəlik həyat və folklor duyumu ön plana çəkilir.
Seminarda filologiya üzrə fəlsəfə doktoru, dosent Gülnar Osmanovanın “Müstəqillik dövrü nəsrində yol, xaos və zaman arxetiplərinin bədii təcəssümü” mövzusunda məruzəsi də dinlənilib. Məruzəçi müstəqillik dövrü Azərbaycan nəsrində yol, xaos və zaman arxetiplərinin bədii-semantik xüsusiyyətləri, onların mifoloji-fəlsəfi mahiyyəti və obrazların mənəvi-psixoloji dünyasının açılmasındakı funksiyasını diqqət mərkəzinə gətirib. Arxetipik yanaşma əsasında yol obrazının insanın özünüdərk və mənəvi kamilləşmə prosesi, xaos arxetipinin ictimai-siyasi və fərdi-mənəvi böhranların ifadəsi, zaman arxetipinin isə tarixi yaddaş, keçmişlə müasirlik münasibətləri və insanın ekzistensial yaşantıları ilə əlaqəsi təhlil edilib. Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələri Afaq Məsudun və Əli Əmirlinin yaradıcılığından seçilmiş nümunələr əsasında göstərilib ki, müstəqillik dövrü nəsrində bu arxetiplər ənənəvi mifoloji məzmununu qorumaqla yanaşı, yeni tarixi şəraitdə fərqli semantik çalarlar qazanır. Məruzədə, həmçinin arxetiplərin bədii mətnin strukturunda, süjet-kompozisiya quruluşunda və ideya-məzmun qatında funksional əlaqələr yaratması, eləcə də insanın fərdi taleyi, cəmiyyətin transformasiyası, tarixi yaddaş və milli-mənəvi kimlik problemlərinin ifadəsində mühüm poetik funksiya daşıması vurğulanıb.
Sonda məruzələr ətrafında fikir mübadiləsi apalırıb, bəhs edilən mövzuların folklor və ədəbiyyatşünaslıq müstəvisində təhlilinə dair suallar cavablandırılıb.







