“Dədə Qorqud” jurnalının 93-cü sayı nəşr olunub

“Dədə Qorqud” jurnalının 93-cü sayı nəşr olunub

26 Noyabr 2026, 20:26 / Nəşrlər

AMEA Folklor İnstitutunun elmi-ədəbi orqanı olan “Dədə Qorqud” jurnalının 93-cü sayı işıq üzü görüb.
Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunan jurnalın baş redaktoru filologiya elmləri doktoru, professor Ramazan Qafarlı, baş redaktorun müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Aynurə Səfərova, məsul katibi isə filologiya üzrə fəlsəfə doktoru, dosent Xalidə Məmmədovadır.

Jurnalın yeni nömrəsində Azərbaycan folklorşünaslığının aktual problemlərinə, milli-mədəni yaddaşın qorunmasına, mərasim folkloruna və folklorun yazılı ədəbiyyatla əlaqələrinə həsr olunmuş elmi məqalələr yer alıb.
“Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar” bölməsində Ramazan Qafarlının “«Dədə Qorqud» və Azərbaycan nağılları: motivdən mədəni yaddaşa”, Xuraman Kərimovanın “«Kitabi-Dədə Qorqud»da qadın və kişi xarakterlərinin müqayisəsi”, Sevinc Qasımovanın “«Kitabi-Dədə Qorqud» dastanında Allah–Tanrı fəlsəfi paralelizmi” adlı məqalələri təqdim olunub.

“Folklorşünaslıq: problemlər, tədqiqlər” bölməsində isə Füzuli Bayatın, Leyla Məmmədovanın, İvan Pavliinin, Aydın Mustafayevin, Əpoş Vəliyevin, Fəridə Kazımovanın, Atif İslamzadənin, Tahir Orucovun, Elçin Qaliboğlunun və Aysel Həsənovanın folklorun müxtəlif nəzəri və praktik məsələlərinə həsr olunmuş araşdırmaları dərc edilib. Məqalələrdə türk mədəniyyətində yumor və sosial tənqid, folklor mətnlərinin yazılı ədəbiyyata transformasiyası, təbiət və ekoloji problemlər, od kultu, paremiologiya, mərasim folkloru, milli kimlik və uşaq nağıllarının janr-poetik xüsusiyyətləri kimi mövzular araşdırılıb.

Nəşrdə, həmçinin Azərbaycan folklorunun toplanması və təbliği istiqamətində materiallar da yer alıb. Aynurə Səfərovanın hazırladığı “Neftçala folklorundan örnəklər”, Ramazan Qafarlının tərcüməsində təqdim olunan “Alpomish / Alpamış” özbək xalq dastanı, eləcə də İlahə Qurbanovanın transliterasiya etdiyi Cənubi Azərbaycandan toplanmış folklor nümunələri oxuculara təqdim olunub.

Qeyd edək ki, 2001-ci ildən nəşr olunan “Dədə Qorqud” elmi-ədəbi jurnalında 2023-cü ildən etibarən dərc olunan elmi məqalələrə DOI (Digital Object Identifier) – rəqəmsal obyekt identifikatoru təyin edilir. Bu, məqalələrin beynəlxalq elmi informasiya mühitində identifikasiyasına, axtarışına və onlara elektron istinad edilməsinə imkan yaradır. Jurnalda Azərbaycan, rus, ingilis və türk dillərində elmi məqalələr dərc olunur.