Folklor İnstitutunda “Dədə Qorqud” və Mərasim folkloru və milli kulinariya ənənəsi şöbələrinin hesabatları dinlənilib

Folklor İnstitutunda “Dədə Qorqud” və Mərasim folkloru və milli kulinariya ənənəsi şöbələrinin hesabatları dinlənilib

24 Noyabr 2026, 09:28 / Konfranslar, İclaslar

AMEA Folklor İnstitutunda “Dədə Qorqud” və Mərasim folkloru və milli kulinariya ənənəsi şöbələrinin 2026-cı il üzrə elmi-tədqiqat fəaliyyətinin nəticələri Elmi Şuranın genişləndirilmiş, hibrid formatlı iclasında müzakirə olunub.

“Dədə Qorqud” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Ramazan Qafarlı hesabat məruzəsində şöbənin il ərzindəki elmi-tədqiqat fəaliyyətinin nəticələrini təqdim edib.

Bildirilib ki, hesabat dövründə beynəlxalq resenziyalı jurnallarda 5, ölkə resenziyalı jurnallarda 16 məqalə hazırlanaraq çap edilib, beynəlxalq elmi konfranslarda şöbə əməkdaşlarının 19 məruzəsi təqdim olunub.

Həmçinin şöbədə nəşr edilən “Dədə Qorqud” elmi-ədəbi toplusunun il ərzində dörd sayı redaktə və korrektə edilərək çapa hazırlanıb.
Hesabat ilində şöbə tərəfindən üç kitab nəşrə hazırlanıb. Bunlar professor Ramazan Qafarlının “Folklorşünaslığın nəzəri əsasları”, “Türk eposunun mifopoetik sistemi: arxetiplər, semiosfer və sinergetik təkamül” monoqrafiyaları, eləcə də dosent Aynurə Səfərovanın tərtib etdiyi “Neftçala folklor örnəkləri” kitabıdır.

Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Ağaverdi Xəlil hesabat məruzəsində şöbənin mərasim folklorunun toplanması, tədqiqi və nəşri, eləcə də milli kulinariya ənənələrinin araşdırılması istiqamətindəki fəaliyyətinin nəticələrini diqqətə çatdırıb. Qeyd olunub ki, şöbənin mühüm nəşr layihələrindən olan “Mərasim folkloru məsələləri” kitabının dördüncü cildi hesabat ilində çap olunub.

Bildirilib ki, il ərzində şöbə əməkdaşlarının 36 jurnal məqaləsi nəşr edilib, 32 beynəlxalq və respublika elmi konfransında iştirakları təmin olunub. Həmçinin il ərzində şöbə müdiri, filologiya elmləri doktoru, dosent Ağaverdi Xəlilin müəllifi olduğu dörd, filologiya üzrə fəlsəfə doktoru, dosent Atif İslamzadənin iki, filologiya üzrə fəlsəfə doktorları Fidan Qasımova və Sürəyya Əlizadənin hər birinin bir kitabı olmaqla, ümumilikdə səkkiz kitab çap olunmuşdur.


Hesabatlar ətrafında aparılan müzakirələr zamanı “Dədə Qorqud” şöbəsinin fəaliyyəti ilə bağlı hər il aprel ayında ənənəvi “Dədə Qorqud” günlərinin keçirilməsi təklif olunub.

Sonda hər iki şöbənin 2026-cı il üzrə hesabatı ayrı-ayrılıqda səsverməyə çıxarılıb və Elmi Şura üzvlərinin qərarı ilə məqbul hesab edilib.