AMEA Folklor İnstitutunda Mifologiya və Folklor və yazılı ədəbiyyat şöbələrinin 2026-cı il üzrə hesabatları müzakirə olunub

AMEA Folklor İnstitutunda Mifologiya və Folklor və yazılı ədəbiyyat şöbələrinin 2026-cı il üzrə hesabatları müzakirə olunub

23 Noyabr 2026, 10:40 / Konfranslar, İclaslar

AMEA Folklor İnstitutunda Mifologiya və Folklor və yazılı ədəbiyyat şöbələrinin 2026-cı il üzrə elmi-tədqiqat fəaliyyətinin nəticələri Elmi Şuranın genişləndirilmiş, hibrid formatlı iclasında müzakirə olunub.

İclasda əvvəlcə Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy, daha sonra Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Leyla Məmmədova hesabatlarla çıxış ediblər. Hesabatlarda şöbələrin elmi-tədqiqat istiqamətləri, nəşr fəaliyyəti, beynəlxalq əməkdaşlıq, konfrans və seminarlarda iştirak, eləcə də elmi nəticələrin ictimaiyyətə çatdırılması istiqamətində görülən işlər təqdim olunub.

Mifologiya şöbəsinin hesabatında mifologiya, epik ənənə, ritual-mifoloji sistemlər, milli kimlik və folklorun nəzəri problemləri üzrə aparılan araşdırmaların nəticələri diqqətə çatdırılıb. İl ərzində şöbə əməkdaşlarının müxtəlif elmi istiqamətləri əhatə edən monoqrafiyaları, kitabları və folklor topluları nəşr olunub. “Dədə Qorqud” eposunun mifoloji strukturu və semantikası, Azərbaycan və Anadolu folklorunda mərasim ənənələri, xalq bayramlarının ritual-mifoloji əsasları, azsaylı xalqların folkloru və milli kimlik məsələləri üzrə tədqiqatlar aparılıb. Ümumilikdə, hesabat ilində şöbə əməkdaşları tərəfindən 9 kitab və folklor nəşri hazırlanıb. Onlardan 5-i nəşr olunub, 4-ü isə çapa təqdim edilib.

Bildirilib ki, hesabat ili ərzində şöbə əməkdaşlarının 45 məqaləsi respublika səviyyəli elmi nəşrlərdə, 17 məqaləsi isə xarici ölkələrin elmi nəşrlərində dərc olunub. Beynəlxalq elmi konfranslarda 52, respublika səviyyəli elmi konfranslarda isə 10 məruzə ilə çıxış edilib.

Folklor və yazılı ədəbiyyat şöbəsinin hesabatında isə epik ənənə, mərasim folkloru, folklor və ədəbiyyat əlaqələri, eləcə də əski əlifbada olan mətnlərin transliterasiyası istiqamətində görülən işlər əksini tapıb. İl ərzində şöbə əməkdaşlarının həmmüəllifliyi ilə monoqrafiya nəşr olunub, bir sıra elmi kitab və mətnlərin transliterasiya işləri hazırlanıb. Türk Akademiyasının layihəsi çərçivəsində mərasim folkloruna dair kitab da çap mərhələsinə çatdırılıb.

Şöbədə elmi müzakirələrin təşkili, dil və folklor məsələlərinin təbliği istiqamətində seminar və tədbirlər keçirilib. Həmçinin elmi nəticələrin geniş auditoriyaya çatdırılması məqsədilə Vikipediyada 8 məqalə yerləşdirilib.

Hesabat göstəricilərinə əsasən, şöbə əməkdaşları tərəfindən il ərzində 58 elmi məqalə hazırlanıb. Beynəlxalq elmi konfranslarda 44, respublika səviyyəli elmi konfranslarda isə 4 məruzə təqdim edilib. İl ərzində 3 elmi seminar və tədbir keçirilib. Şöbənin ümumi istinad sayı 306, h-indeksi 13 olub.

Hesabatların müzakirəsindən sonra hər iki şöbənin 2026-cı il üzrə elmi-tədqiqat fəaliyyətinin nəticələri səsverməyə çıxarılıb və Elmi Şura tərəfindən məqbul hesab edilib.