Folklor İnstitutunun dosenti milli-mənəvi dəyərlərin qorunmasında Azərbaycan folklorunun rolundan danışıb

Folklor İnstitutunun dosenti milli-mənəvi dəyərlərin qorunmasında Azərbaycan folklorunun rolundan danışıb

23 Noyabr 2026, 09:07 / Konfranslar, İclaslar

21 noyabr 2026-cı il tarixində Böyük İdeallar Araşdırma Mərkəzinin təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərin, İslamın çağdaş durumu və məsuliyyətimiz” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova “Milli folklorumuzda milli-mənəvi dəyərlərin yeri: Azərbaycan folklorunda milli kimlik, əxlaq, ailə, vətən sevgisi, müdriklik, mərdlik, humanizm və mənəvi irsin təzahürləri” mövzusunda geniş məruzə ilə çıxış edib. O, Azərbaycan xalqının əsrlər boyu formalaşmış mənəvi dünyasının, milli kimliyinin və əxlaqi dəyərlər sisteminin qorunub saxlanılmasında folklorun müstəsna rolundan bəhs edib.

Alim çıxışı zamanı qeyd edib ki, folklor xalqın yalnız şifahi yaradıcılıq nümunələrinin məcmusu deyil, həm də onun tarixi yaddaşını, dünyagörüşünü, həyat fəlsəfəsini, mənəvi-əxlaqi prinsiplərini və milli özünüdərkini özündə yaşadan zəngin mədəni irsdir. Nağıllarımızda, dastanlarımızda, atalar sözlərimizdə, bayatılarımızda, mərasim folklorumuzda və aşıq yaradıcılığımızda xalqımızın əsrlər boyu formalaşdırdığı müdriklik, mərdlik, ədalət, sədaqət, böyüyə hörmət, kiçiyə qayğı, ailə birliyi, vətənə bağlılıq və humanizm kimi ali dəyərlər öz əksini tapır.

Məruzədə xüsusilə vurğulanıb ki, milli-mənəvi dəyərlərin yaşadılması və gələcək nəsillərə ötürülməsi milli varlığın qorunmasının əsas şərtlərindən biridir. Bu baxımdan folklor nümunələri xalqın mənəvi yaddaşını yaşadan, nəsillər arasında tarixi-mədəni bağlılığı təmin edən mühüm vasitədir. Xüsusilə “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanlarında qəhrəmanlıq, el birliyi, vətənə sədaqət, namus, qeyrət və ədalət ideyalarının ifadəsi milli xarakterin formalaşmasında folklorun əhəmiyyətini bir daha təsdiqləyir.

İlhamə Qəsəbova Azərbaycan folklorunda ailə institutunun, ana obrazının, qadın müdrikliyinin və mənəvi tərbiyə ənənələrinin də xüsusi yer tutduğunu diqqətə çatdırıb. Onun fikrincə, xalq yaradıcılığı nümunələrində əks olunan ailə dəyərləri, valideynə ehtiram, övlad məsuliyyəti və nəsillərarası mənəvi bağlılıq müasir cəmiyyət üçün də aktuallığını qoruyur.

Məruzəçi müasir qloballaşma və informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə milli folklor irsinin öyrənilməsinin, təbliğinin və gənc nəslə çatdırılmasının xüsusi əhəmiyyət daşıdığını bildirib. Folklorun yalnız keçmişin yadigarı kimi deyil, bu günümüzün mənəvi ehtiyaclarına cavab verən canlı mədəni yaddaş kimi dəyərləndirilməsinin vacibliyini vurğulayıb.

Yekun olaraq İlhamə Qəsəbova vurğulayıb ki, milli-mənəvi dəyərlər xalqın keçmişini yaşadan xatirələr toplusu deyil, onun bu gününü müəyyənləşdirən və gələcəyinə istiqamət verən mənəvi təməldir.Xalqın folkloru onun kimliyinin güzgüsü, milli yaddaşının daşıyıcısı, mənəvi varlığının ifadəsidir. Folklorunu yaşadan xalq öz tarixini, dilini, adət-ənənələrini və milli ruhunu yaşadır. Bu baxımdan milli-mənəvi dəyərlərin qorunması yalnız alimlərin, tədqiqatçıların və mədəniyyət xadimlərinin deyil, bütövlükdə cəmiyyətin, xüsusilə də gənc nəslin mənəvi məsuliyyətidir. O qeyd edib ki, müasir dünyada milli kimliyi qorumaq, milli-mənəvi irsi yad təsirlər qarşısında yaşatmaq və onu zamanın tələblərinə uyğun şəkildə gələcək nəsillərə ötürmək hər birimizin vətəndaşlıq borcudur. Çünki milli yaddaşını qoruyan, köklərinə bağlı olan, mənəvi dəyərlərini yaşadan xalqın gələcəyi də möhkəm təməllər üzərində qurulur.