Əməkdaşımız V Türk dünyası yazarlar qurultayında iştirak edib

Əməkdaşımız V Türk dünyası yazarlar qurultayında iştirak edib

10 Noyabr 2023, 17:00 / Mühüm hadisələr

6-8 noyabr 2023-cü il tarixlərində Ankara şəhərində Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin təşkilatçılığı, həmçinin Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Xaricdə Yaşayan Türklər və Qohum Topluluqlar Başqanlığı, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Türk Dil Qurumunun dəstəyi ilə V Türk dünyası yazarlar qurultayı keçirilib. Qurultayda 19 ölkədən 100 elm xadimi, şair və yazıçı iştirak edib. Türkiyə Cümhuriyyətinin 100 illiyi şərəfinə keçirilən qurultayda “Türk dünyasında ortaq dil, əlifba”, “Türk dünyasında təhsil, mədəniyyət, incəsənət və ədəbiyyatda birlik, bərabərlik düşüncəsi”, “Türk dünyasında müəllif hüquqları problemləri”, “Türk dünyasında ortaq kitabxana, oxu mədəniyyəti, ortaq dildə nəşrlər və tərcümə məsələləri”, “Türk dünyası ortaq ədəbiyyatı, müqayisəli ədəbiyyat, ədəbi növlər, ədəbiyyat universitetləri ilə qurumların iş birliyi” mövzularında təşkil olunmuş bölmələrdə müzakirələr aparılıb.

Müzakirəyə çıxarılan problemlər üzrə hər biri 20 nəfərdən təşkil olunmaqla 5 işçi qrup yaradılıb və işçi qrupların 2 gün davam edən iclaslarında təkliflər irəli sürülüb, fikir mübadiləsi aparılaraq qərarlar qəbul edilib. Qurultayın sonunda bütün təkliflər səsə qoyulub və müvafiq dövlət qurumlarına, səfirliklərə təqdim etmək üçün vəsatətlər qəbul olunub.

Qurultayda Azərbaycandan olan nümayəndə heyətinə Xalq yazıçısı Anar rəhbərlik edib. Yazıçılar, jurnalistlər və elm xadimlərindən ibarət nümayəndə heyətinin üzvü kimi AMEA Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Tahir Nəsib ikinci işçi qrupunda öz təkliflərini müzakirəyə təqdim edib və təklifləri səsə qoyularaq qəbul olunub.