XƏBƏRLƏR
“Türk xalqları folklorunun müqayisəli öyrənilməsi problemləri” beynəlxalq elmi konfransının bağlanış iclası keçirilib
20 noyabr 2026-cı il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu və Özbəkistan Respublikası Elmlər Akademiyasının Özbək dili, ədəbiyyatı və folkloru İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Türk xalqları folklorunun müqayisəli öyrənilməsi problemləri” mövzusunda beynəlxalq elmi konfransın bağlanış iclası keçirilib.
Bağlanış iclasında konfransın nəticələri, təqdim olunan elmi məruzələr və müzakirələr ətrafında çıxışlar dinlənilib.
İlk olaraq Özbəkistan Respublikası Elmlər Akademiyasının Özbək dili, ədəbiyyatı və folkloru İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Maqsud Asadov çıxış edib. O, Bakıda keçirilmiş I Türkoloji Qurultayın 100 illiyi münasibətilə Səmərqənddə təşkil olunan II Beynəlxalq Türkoloji Qurultayda da türk xalqlarının birliyi və Türk dünyasında həmrəyliyin əsas müzakirə mövzularından olduğunu xatırladıb.
Maqsud Asadov Azərbaycan və Özbəkistan elmi müəssisələri arasında əməkdaşlığın inkişafında bu kimi beynəlxalq elmi tədbirlərin rolunu xüsusi vurğulayıb. O, iki ölkənin folklorunun müqayisəli tədqiqi üzrə birgə layihələrin həyata keçirilməsini, institutlar arasında əməkdaşlıq memorandumunun imzalanmasını, eləcə də elmi kadr mübadiləsinin təşkilini perspektiv istiqamətlər kimi qeyd edib.
İnstitutlararası əməkdaşlığın gələcək konfranslarda da davam etdirilməsinin vacibliyini bildirən alim müzakirələr zamanı irəli sürülən təkliflərin praktik müstəviyə keçəcəyinə, türk xalqları arasında elmi və mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. O, həmçinin Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türk dünyasının birliyi və əməkdaşlığı ilə bağlı irəli sürdükləri təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyətinə toxunub.
Professor çıxışının sonunda konfransın təşkilatçılarına və iştirakçılarına təşəkkür edib, birgə elmi fəaliyyətin davamlı olmasını arzulayıb.
Daha sonra AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev çıxış edərək AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin salamlarını və təbriklərini konfrans iştirakçılarına çatdırıb.
Konfransın yekun iclasında alim Azərbaycan və Özbəkistan arasında folklorşünaslıq əlaqələrinin tarixi, müasir vəziyyəti və gələcək inkişaf perspektivləri haqqında çıxış edib. O, konfransın əhəmiyyətini yalnız təqdim olunan məruzələrin və müzakirə edilən mövzuların əhatə dairəsi ilə deyil, iki ölkənin folklorşünaslıq məktəblərinin ortaq elmi problemlər ətrafında birləşməsi və gələcək əməkdaşlığın istiqamətlərinin müəyyənləşdirilməsi ilə əlaqələndirib.
Hikmət Quliyev Azərbaycan və özbək xalqlarının ədəbi-mədəni əlaqələrinin dərin tarixi əsaslara malik olduğunu bildirərək Əlişir Nəvai, Nizami Gəncəvi, Məhəmməd Füzuli kimi klassiklərin irsinin, eləcə də ümumi türk-islam ədəbi mühitinin bu münasibətlərin formalaşmasındakı rolunu qeyd edib. XX əsrdə Məqsud Şeyxzadənin yaradıcılıq və elmi fəaliyyəti, Xəlil Rza Ulutürkün özbək ədəbiyyatına marağı və Azad Nəbiyevin Azərbaycan–özbək folklorunun tipologiyası və qarşılıqlı əlaqələri istiqamətində apardığı tədqiqatlar iki ölkə arasında elmi-mədəni münasibətlərin davamlı ənənəsinin mühüm nümunələri kimi səciyyələndirilib.
Çıxışda müasir Azərbaycan–Özbəkistan folklorşünaslıq əlaqələrinin fərdi elmi münasibətlərdən institusional əməkdaşlıq səviyyəsinə yüksəlməsinin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, ortaq türk mədəni irsinin müqayisəli öyrənilməsi yalnız süjet, motiv, obraz və janr oxşarlıqlarının müəyyənləşdirilməsi ilə məhdudlaşmamalı, eyni zamanda onların müxtəlif milli folklor ənənələrində qazandığı fərqli məna və funksiyalar da araşdırılmalıdır. Bu baxımdan “Kitabi-Dədə Qorqud”, “Alpamış”, “Koroğlu” və “Goroğlu” dastanları ilə yanaşı, Azərbaycan aşıq sənəti və özbək baxşılıq ənənəsinin ifaçılıq xüsusiyyətləri, repertuarı, ustad-şəyird münasibətləri və sosial funksiyalarının müqayisəli tədqiqi xüsusi əhəmiyyət daşıyır.
Hikmət Quliyev müasir folklorşünaslığın metodoloji imkanlarının genişləndirilməsi məsələsinə də toxunub. O, folklorun yalnız mətn və janr sistemi kimi deyil, həm də sosial-mədəni hadisə kimi araşdırılmasının vacibliyini qeyd edərək sosial-antropoloji yanaşmanın, performans nəzəriyyəsinin və s. təhlil metodlarının birgə tədqiqatlarda tətbiqini təklif edib. Bildirilib ki, folklor nümunələrinin yarandığı sosial mühit, daşıyıcıları, ötürülmə mexanizmləri, ifa şəraiti, auditoriya ilə qarşılıqlı münasibətləri və kollektiv yaddaşdakı funksiyaları müqayisəli araşdırmaların mühüm komponentləri olmalıdır.
Müasir elmi əməkdaşlığın perspektivli istiqamətlərindən biri kimi rəqəmsal folklor və rəqəmsal yaddaş məsələləri də diqqətə çatdırılıb. Qeyd olunub ki, ənənəvi folklor nümunələrinin rəqəmsal mühitdə yayılması və transformasiyası yeni folklorik mənayaratma prosesləri meydana gətirir. Bu baxımdan türk xalqlarının rəqəmsal folklor irsinin müqayisəli tədqiqi, rəqəmsal arxivlərin yaradılması, süni intellekt texnologiyalarının folklorşünaslıq tədqiqatlarında tətbiqi Azərbaycan və Özbəkistan alimlərinin gələcək birgə fəaliyyətində mühüm yer tuta bilər.
Gələcək əməkdaşlığın konkret istiqamətlərindən danışan direktor Azərbaycan və özbək folklor materiallarının müqayisəli tədqiqi üzrə fundamental elmi nəşrlərin hazırlanmasını, birgə folklor ekspedisiyalarının təşkilini, audio, video, foto və mətn materiallarını əhatə edən ortaq rəqəmsal arxivin yaradılmasını, türkoloji folklorşünaslıq üzrə metodoloji tədqiqat platformasının formalaşdırılmasını və gənc tədqiqatçıların elmi mübadilə proqramlarına cəlb edilməsini prioritet vəzifələr kimi müəyyənləşdirib.
Hikmət Quliyev vurğulayıb ki, ortaq türk mədəni irsinin elmi tədqiqi zamanı milli folklor ənənələrinin özünəməxsusluğunun nəzərə alınması vacibdir. Onun fikrincə, müqayisəli folklorşünaslığın elmi dəyəri yalnız oxşarlıqların aşkarlanmasında deyil, həm də fərqli tarixi, sosial və mədəni şəraitdə formalaşmış folklor sistemlərinin inkişaf xüsusiyyətlərinin izah edilməsində ortaya çıxır. Folklorun mətn, sosial təcrübə və kommunikativ proses kimi kompleks şəkildə öyrənilməsi müasir türkoloji folklorşünaslığın nəzəri-metodoloji imkanlarını genişləndirə bilər.
Daha sonra Özbəkistan Respublikası Elmlər Akademiyasının Özbək dili, ədəbiyyatı və folkloru İnstitutunun professoru, filologiya elmləri doktoru Şomirzə Turdımov çıxış edib. O, Azərbaycan və Özbəkistan xalqları arasında mövcud olan ortaq mədəni əlaqələrin və folklor irsinin elmi tədqiqinin davam etdirilməsinin vacibliyini vurğulayıb. Alim iki xalqın dastanlarının müqayisəli şəkildə öyrənilməsini gələcək araşdırmalar üçün mühüm istiqamətlərdən biri kimi dəyərləndirib.
Şomirzə Turdımov xalqların şifahi ənənələrinin, xüsusilə bayatıların folklor yaddaşında qorunub saxlanılmasının əhəmiyyətinə toxunub. Bayatıların xalqın mədəni köklərini, dilini və mənəvi dünyasını öyrənmək baxımından dəyərli folklor materialı olduğunu bildirib. Bu nümunələrin toy mərasimlərində və digər ictimai-mədəni mühitlərdə yaşadılmasının onların ənənəvi yaddaşda davamlılığını göstərdiyini qeyd edib.
Professor gənc tədqiqatçıların türk xalqlarının folkloru, dastanları və ortaq mədəni irsi ilə bağlı araşdırmalara cəlb olunmasının vacibliyini diqqətə çatdırıb. Əvvəllər başlanmış elmi tədqiqatların davam etdirilməsinin, Azərbaycan və Özbəkistan alimləri arasında əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb. Çıxışının sonunda konfransın təşkilatçılarına və iştirakçılarına təşəkkür edib.
Ardınca çıxış edən AMEA Folklor İnstitutu Folklor nəzəriyyəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Füzuli Bayat Azərbaycan və Özbəkistan xalqları arasındakı münasibətlərin yalnız ədəbi əlaqələr kontekstində deyil, həm də ortaq mənşə və tarixi köklər baxımından araşdırılmasının vacibliyini vurğulayıb. O, Azərbaycan və özbək xalqlarını “bir atanın iki övladı”, vahid millətin iki qolu kimi səciyyələndirərək onların ortaq tarixi və mədəni irsinin daha dərindən öyrənilməsinə çağırıb.
Füzuli Bayat sovet dövründə Azərbaycan-Özbəkistan, Azərbaycan-Qazaxıstan və Özbəkistan-Türkmənistan ədəbi əlaqələrinin araşdırıldığını, lakin türk xalqları arasındakı münasibətlərin ortaq mənşə və qaynaqlara əsaslandığı üçün daha geniş müstəvidə tədqiq edilməli olduğunu bildirib. Alim türk xalqlarının folklorunda mövcud olan ortaq motivlərin, süjetlərin, dastanların, nağılların, əfsanələrin və miflərin müqayisəli şəkildə araşdırılmasının əhəmiyyətinə toxunub.
Professor qeyd edib ki, tədqiqatlar yalnız xalqlar arasındakı qarşılıqlı təsirlərin müəyyənləşdirilməsi ilə məhdudlaşmamalı, ortaq türk keçmişinin izlərinin üzə çıxarılmasına yönəlməlidir. Bu baxımdan Özbəkistan, Türkmənistan, Qazaxıstan və digər türk xalqlarının folklor nümunələrinin qarşılıqlı müqayisəsinin ortaq mədəni irsin bərpası və öyrənilməsi baxımından mühüm elmi imkanlar yaratdığını bildirib.
Professor 3 gün davam edən beynəlxalq konfransın yüksək səviyyədə təşkil olunduğunu və türk xalqlarının ortaq elmi-mədəni irsinin araşdırılması istiqamətində yeni əməkdaşlıq imkanları yaratdığını qeyd edərək təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirib.
Daha sonra Özbəkistan Respublikası Elmlər Akademiyasının Özbək dili, ədəbiyyatı və folkloru İnstitutunun professoru, filologiya elmləri doktoru Jabbor Eşonqulov çıxış edib. O, üç gün davam edən beynəlxalq konfransın Azərbaycan və Özbəkistan alimləri arasında səmimi elmi-mədəni ünsiyyət və fikir mübadiləsi mühiti yaratdığını bildirib. Belə görüşlərin iki ölkə arasında elmi əlaqələrin və birgə tədqiqatların inkişafı baxımından əhəmiyyətini vurğulayıb.
Jabbor Eşonqulov konfransın əsas məqsədlərindən birinin türk xalqları arasında birliyin, qarşılıqlı anlaşmanın və mədəni əməkdaşlığın möhkəmləndirilməsi olduğunu qeyd edib. O, tədbirin təşkilində əməyi olan şəxslərə, təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirib.
Alim konfrans çərçivəsində təqdim olunan elmi məruzələrin əhəmiyyətinə toxunaraq əsas məqsədin müzakirələr zamanı irəli sürülən fikirlərin konkret birgə tədqiqatlara çevrilməsi olduğunu diqqətə çatdırıb. Bu baxımdan Azərbaycan və Özbəkistan alimlərinin elmi əsərlərinin, kitab və tədqiqat materiallarının qarşılıqlı nəşrinin vacibliyini vurğulayıb. Özbəkistanda hazırlanmış elmi əsərlərin Azərbaycanda, Azərbaycan alimlərinin tədqiqatlarının isə Özbəkistanda nəşr olunmasının elmi əlaqələrin genişlənməsinə xidmət edəcəyini bildirib.
Jabbor Eşonqulov birgə elmi fəaliyyətin yeni tədqiqat materiallarının hazırlanmasına və ortaq nəşr layihələrinin həyata keçirilməsinə imkan yaradacağını qeyd edib. Konfransın gələcək əməkdaşlıq üçün başlanğıc və istiqamətverici platforma olduğunu vurğulayan alim növbəti elmi görüşlərdə yenidən bir araya gəlmək arzusunu ifadə edib.
Daha sonra AMEA Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Əfzələddin Əsgər çıxış edib. O, türk xalqlarının ortaq folklor keçmişi ilə bağlı olduğunu bildirərək tədqiqatların ilk növbədə hər bir xalqın milli folklorunun ayrıca və dərindən öyrənilməsindən başlamalı olduğunu vurğulayıb. Alim folklor araşdırmalarının yalnız şifahi mətnlərin öyrənilməsi ilə məhdudlaşmadığını, ənənələri və həmin ənənələri yaşadan, nəsildən-nəslə ötürən insanları da əhatə etdiyini qeyd edib.
Əfzələddin Əsgər türk xalqlarının folklor nümunələri arasındakı oxşarlıqların yalnız sonrakı tarixi təmaslarla izah edilməsinin doğru olmadığını, bu bənzərliklərin daha qədim ortaq mənbədən – prototürk folklorundan qaynaqlana biləcəyini diqqətə çatdırıb. Onun fikrincə, müasir türk xalqlarının folklorunun ayrı-ayrılıqda araşdırılması ortaq ənənənin arxaik qatlarını, köklərini və əsas xüsusiyyətlərini müəyyənləşdirməyə imkan verir.
Alim Azərbaycan və Özbəkistanda türk xalqlarının folklorunu araşdıracaq mütəxəssislərin hazırlanmasının vacibliyini vurğulayıb. Bu baxımdan Özbəkistanda Azərbaycan folkloru, Azərbaycanda isə özbək, qazax və digər türk xalqlarının folkloru üzrə ixtisaslaşmış tədqiqatçıların yetişdirilməsini zəruri hesab edib. O, folklor ənənələrinin həm milli xüsusiyyətlərinin, həm də ortaq qaynaqlarının kompleks şəkildə öyrənilməsinin vacibliyini bildirib.
Professor Azərbaycan və özbək xalqları arasında qarşılıqlı yaxınlığın və doğmalıq hissinin ortaq folklor ənənələri ilə də bağlı olduğunu qeyd edib. Çıxışının sonunda bu sahədə görüləcək işlərin hələ başlanğıc mərhələsində olduğunu bildirərək gələcəkdə daha geniş tərkibli elmi görüşlərin keçirilməsinə ümidvar olduğunu ifadə edib.
Çıxışlardan sonra beynəlxalq elmi konfransın qərar layihəsi iştirakçıların diqqətinə çatdırılıb. Müzakirələr və təkliflər əsasında hazırlanmış qərarda Azərbaycan və Özbəkistan folklorşünaslığı arasında elmi əməkdaşlığın genişləndirilməsi, ortaq folklor irsinin sistemli və müqayisəli şəkildə öyrənilməsi, müasir folklor proseslərinin tədqiqi və birgə elmi layihələrin həyata keçirilməsi istiqamətləri əksini tapıb.
Qərarda Azərbaycan və özbək folklorşünaslığının elmi irsinin qarşılıqlı öyrənilməsi, ənənəvi və rəqəmsal folklor nümunələrinin müqayisəli tədqiqi, “Kitabi-Dədə Qorqud” və “Alpamış”, Azərbaycan “Koroğlu” və özbək “Goroğlu” dastanlarının birgə araşdırılması, ortaq folklor irsinə dair kollektiv monoqrafiyanın hazırlanması, elmi tədbirlərin mütəmadi təşkili, mərasim folkloru, aşıq və baxşılıq ənənələrinin öyrənilməsi, folklor materiallarının rəqəmsallaşdırılması, elmi əsərlərin qarşılıqlı tərcüməsi və nəşri ilə bağlı müddəalar yer alıb.
Qeyd edək ki, 18 noyabr tarixində öz işinə başlayan və üç gün davam edən beynəlxalq konfrans Azərbaycan və Özbəkistan alimləri ilə yanaşı, müxtəlif ölkələrdən olan tədqiqatçıları bir araya gətirib. Konfrans çərçivəsində türk xalqlarının folklor irsi, ortaq mədəni dəyərləri, folklor əlaqələri və müqayisəli folklorşünaslığın aktual problemləri ətrafında elmi müzakirələr aparılıb.














