Beynəlxalq elmi konfransın panel iclaslarında türk xalqlarının folklor irsi geniş müzakirə olunub

Beynəlxalq elmi konfransın panel iclaslarında türk xalqlarının folklor irsi geniş müzakirə olunub

20 Noyabr 2026, 10:32 / Konfranslar, İclaslar

18–20 noyabr 2026-cı il tarixlərində Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu və Özbəkistan Respublikası Elmlər Akademiyasının Özbək Dili, Ədəbiyyatı və Folkloru İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən “Türk xalqları folklorunun müqayisəli öyrənilməsi problemləri” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində panel iclasları təşkil olunub.
Konfransın elmi proqramına uyğun olaraq, Azərbaycan və Özbəkistan alimlərinin, eləcə də müxtəlif ölkələrdən olan tədqiqatçıların iştirakı ilə əyani və onlayn formatlarda panel iclasları keçirilib. Panel iclaslarında türk xalqlarının folklor irsinin müqayisəli-tipoloji aspektləri, ortaq süjet və motivlər, epik ənənələr, mərasim folkloru, mifoloji obrazlar, milli-mədəni kodlar və folklor yaddaşının müasir transformasiyaları müzakirə edilib.
İclaslarda “Koroğlu”, “Alpamış” və “Kitabi-Dədə Qorqud” dastanlarının müqayisəli tədqiqi, türk xalqlarının folklorunda ortaq epik motivlər, qəhrəmanlıq modeli, qadın obrazları, ailə dəyərləri, mərasim ritualları, Novruz ənənələri, uşaq folkloru, atalar sözləri, lətifələr və xalq inancları ilə bağlı məruzələr dinlənilib.
Müzakirələrdə, həmçinin folklorun rəqəmsal mühitdə öyrənilməsi, türk folklorunun rəqəmsal atlasının yaradılması, ortaq süjetlərin, motivlərin və mədəni kodların xəritələndirilməsi, folklor yaddaşının rəqəmsal yaddaşa transformasiyası kimi aktual tədqiqat istiqamətlərinə də diqqət yetirilib.
Panel iclasları zamanı müxtəlif türk xalqlarının folklor ənənələri elmi müqayisə müstəvisində təhlil olunub, təqdim edilən məruzələr ətrafında fikir mübadiləsi aparılıb. Konfrans çərçivəsində alimlər arasında elmi əlaqələrin genişləndirilməsi və türk xalqlarının ortaq folklor irsinin kompleks şəkildə araşdırılması məsələləri müzakirə edilib.