Folklor İnstitutunda Axısqa türklərinin sürgün həyatı və folkloru mövzusunda seminar keçirilib

Folklor İnstitutunda Axısqa türklərinin sürgün həyatı və folkloru mövzusunda seminar keçirilib

19 Noyabr 2026, 16:47 / Konfranslar, İclaslar

AMEA Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsində elmi seminar keçirilib. Seminarda şöbənin elmi işçisi Südabə Həsənovanın “Axısqa türklərinin sürgün həyatı və folkloru” mövzusunda məruzəsi dinlənilib.

Seminarda Axısqa türklərinin tarixində mühüm yer tutan 1944-cü il deportasiyasından, xalqın doğma torpaqlarından zorla köçürülməsindən və sürgün həyatının onların sosial-mədəni yaşamına təsirindən bəhs olunub. Qeyd edilib ki, on minlərlə insanın Orta Asiya respublikalarına köçürülməsi Axısqa türklərinin həyatında ciddi dəyişikliklərə səbəb olsa da, xalq öz dilini, adət-ənənələrini, ailə dəyərlərini və milli kimliyini qoruyub saxlamağa çalışıb.

Məruzədə sürgün dövründə folklorun milli kimliyin və mədəni yaddaşın qorunmasındakı roluna xüsusi diqqət yetirilib. Axısqa türklərinin nağılları, əfsanələri, rəvayətləri, atalar sözləri, bayatıları, ağıları, laylaları və mərasim nəğmələrinin xalqın tarixi təcrübəsini, yaşadığı ağrı-acıları, doğma torpağa bağlılığını və Vətənə qayıtmaq arzusunu əks etdirdiyi vurğulanıb. Xüsusilə bayatı və ağıların ayrılıq, yurd həsrəti, ailə üzvlərinin itirilməsi və sürgün yolunda yaşanan faciələrin ifadəsində mühüm yer tutduğu diqqətə çatdırılıb.

Südabə Həsənova ailə və mərasim ənənələrinin, toyların, laylaların, xalq mahnılarının və rəqslərin milli kimliyin qorunmasında rolundan da danışıb. Yaşlı nəslin nümayəndələrinin sürgünlə bağlı xatirələrinin gənc nəslin tarixi yaddaşının formalaşmasına xidmət etdiyini qeyd edib.

Seminarda, həmçinin 1989-cu ildə Özbəkistanın Fərqanə bölgəsində baş verən hadisələrdən sonra Axısqa türklərinin yenidən köç etmək məcburiyyətində qalması və onların bir hissəsinin Azərbaycanda məskunlaşması məsələsinə toxunulub. Bu gün Azərbaycanda yaşayan Axısqa türklərinin milli adət-ənənələrini və folklor nümunələrini qoruyub yaşatdıqları bildirilib.

Seminarın sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb, məruzə iştirakçılar tərəfindən müzakirə olunub.