Azərbaycan və Özbəkistan alimləri türk xalqları folklorunun müqayisəli tədqiqi məsələlərini beynəlxalq konfransda müzakirə edirlər

Azərbaycan və Özbəkistan alimləri türk xalqları folklorunun müqayisəli tədqiqi məsələlərini beynəlxalq konfransda müzakirə edirlər

19 Noyabr 2026, 14:59 / Konfranslar, İclaslar

Azərbaycan və Özbəkistan folklor əlaqələri çərçivəsində “Türk xalqları folklorunun müqayisəli öyrənilməsi problemləri” mövzusunda beynəlxalq elmi konfrans öz işini davam etdirir. 18–20 noyabr 2026-cı il tarixlərini əhatə edən tədbir Azərbaycan Milli Elmlər Akademiyası, Özbəkistan Respublikası Elmlər Akademiyası, AMEA Folklor İnstitutu və Özbəkistan Respublikası Elmlər Akademiyasının Özbək Dili, Ədəbiyyatı və Folkloru İnstitutunun birgə təşkilatçılığı ilə onlayn formatda keçirilir.

Konfransın açılış mərasimi Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Ardınca AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin beynəlxalq elmi konfransın açılışı münasibətilə videomüraciəti təqdim olunub. Akademik İsa Həbibbəyli videomüraciətində konfransın türk dünyasının inteqrasiyasının gücləndiyi müasir dövrdə xüsusi aktuallıq daşıdığını vurğulayaraq, Azərbaycan və özbək xalqlarının ortaq mənəvi dəyərlərinin, ədəbiyyat və folklor ənənələrinin elmi əsaslarla araşdırılmasının əhəmiyyətini qeyd edib. O, iki ölkə arasında inkişaf edən siyasi və elmi əlaqələrin folklorşünaslıq və türkoloji tədqiqatlar üçün yeni imkanlar yaratdığını bildirərək konfransın işinə uğurlar arzulayıb.

Daha sonra Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Bahrom Aşrafxanov videomüraciətində Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən ortaq tarixi, dil, mədəniyyət və mənəvi dəyərlərin əhəmiyyətini vurğulayaraq, “Alpamış” və “Kitabi-Dədə Qorqud” dastanlarını bu irsin mühüm nümunələri kimi səciyyələndirib. O, iki ölkə arasında siyasi, elmi və mədəni əlaqələrin inkişafından bəhs edərək konfransın ortaq türk mədəni irsinin tədqiqinə və alimlər arasında əməkdaşlığın genişlənməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.
Bahrom Aşrafxanovun videomüraciətindən sonra konfrans iştirakçılarına Özbəkistan Respublikası Elmlər Akademiyasının fəaliyyətini əks etdirən tanıtım videosu təqdim olunub.
Ardınca Özbəkistan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Bəhram Abduhalimovun videomüraciəti nümayiş etdirilib. Bahrom Abduhalimov videomüraciətində Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən ortaq tarixi, mədəni və mənəvi bağların qədim köklərə malik olduğunu vurğulayaraq, “Kitabi-Dədə Qorqud”, “Alpamış” və “Koroğlu” dastanlarının türk xalqlarının ortaq folklor irsindəki rolunu qeyd edib. O, konfransın ortaq folklor irsinin müqayisəli tədqiqi, elmi əməkdaşlığın genişləndirilməsi və gənc alimlər arasında təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayaraq iştirakçılara uğurlar arzulayıb.

Açılış proqramı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Akif Mariflinin videomüraciəti ilə davam edib. Akif Marifli videomüraciətində türk xalqlarının folklor irsinin tarixi yaddaşı, mənəvi dünyanı və milli kimliyi yaşadan mühüm mədəni sərvət olduğunu vurğulayaraq, Azərbaycan və özbək xalqlarının ortaq folklor nümunələrinin qorunmasının və elmi şəkildə araşdırılmasının vacibliyini qeyd edib. O, konfransın ortaq folklor irsinin öyrənilməsinə və alimlər arasında elmi əməkdaşlığın genişlənməsinə xidmət edəcəyinə əminliyini ifadə edərək iştirakçılara uğurlar arzulayıb.

Rəsmi açılışdan sonra plenar çıxışlara başlanılıb. İlk olaraq Özbəkistan Elmlər Akademiyasının Özbək Dili, Ədəbiyyatı və Folkloru İnstitutunun direktoru, professor Maqsud Asadov canlı onlayn formatda çıxış edib. Professor Maqsud Asadov çıxışında Azərbaycan və Özbəkistan folklorunun ortaq türk köklərinə, tarixi-mədəni əlaqələrinə və ədəbi irsinə diqqət çəkərək, Əlişir Nəvai və Məhəmməd Füzulinin yaradıcılığını ortaq türk ədəbiyyatının mühüm nümunələri kimi səciyyələndirib. O, “Koroğlu” və “Goroğlu”, “Kitabi-Dədə Qorqud” və “Alpamış” eposları arasındakı süjet-motiv yaxınlıqlarını vurğulayaraq, folklor materiallarının müqayisəli öyrənilməsi, arxivlərin rəqəmsallaşdırılması və iki ölkə alimləri arasında elmi əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.

Ardınca AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyevin plenar iclasda çıxışı dinlənilib. Hikmət Quliyev çıxışında Azərbaycan–Özbəkistan münasibətlərinin yeni inkişaf mərhələsinin folklorşünaslıq sahəsində elmi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaratdığını vurğulayaraq, türk xalqlarının ortaq folklor irsinin müasir nəzəri-metodoloji yanaşmalar əsasında müqayisəli öyrənilməsinin vacibliyini qeyd edib. O, ənənəvi və rəqəmsal folklorun, o cümlədən süni intellekt imkanlarından istifadə etməklə araşdırılmasını, birgə elmi layihələrin, nəşrlərin və rəqəmsal arxivlərin hazırlanmasını əməkdaşlığın prioritet istiqamətləri kimi diqqətə çatdırıb. Həmçinin 2026-cı ildə imzalanmış əməkdaşlıq memorandumu və 2027–2028-ci illərdə hazırlanması nəzərdə tutulan “Müqayisəli folklorşünaslıq” adlı birgə monoqrafiya layihəsi barədə məlumat verib.

Plenar çıxışlardan sonra konfransın elmi məruzələrinin təqdimatına başlanılıb. İlk olaraq Filologiya elmləri doktoru, professor Jabbor Eşonqulov “Folklorşünaslığın aktual məsələləri” mövzusunda onlayn məruzə ilə çıxış edib. Professor Azərbaycan və Özbəkistan arasında tarixi, dil və mədəniyyət birliyinə əsaslanan əlaqələrin inkişafında folklorun rolunu vurğulayıb, iki ölkənin elmi müəssisələri arasında imzalanmış əməkdaşlıq memorandumlarını və bu konfransın elmi əlaqələrin möhkəmləndirilməsindəki yerini qeyd edib.

Alim məruzəsində folklorşünaslığın dörd aktual istiqamətini konkret şəkildə diqqətə çatdırıb: kütləvi mədəniyyətin təsiri altında canlı şifahi ənənənin və ifaçılıq mühitinin zəifləməsi; folklor nümunələrinin qeydə alınması, təsnif edilməsi, rəqəmsallaşdırılması və vahid elektron məlumat bazasının yaradılması; folklor əsərlərinin janr xüsusiyyətləri nəzərə alınmaqla nəzəri-metodoloji əsaslarla tədqiqi; türk xalqları folklorunun müqayisəli araşdırılması. Sonuncu istiqamətlə bağlı elmi terminologiyanın uzlaşdırılması, birgə lüğətlərin və nəşrlərin hazırlanması, ortaq tədqiqatların beynəlxalq elmi müstəviyə çıxarılması zəruri vəzifələr kimi göstərilib.

Daha sonra AMEA Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor Almaz Həsənqızı “Qopuz türk xalqlarının simvolu kimi: milli ənənədən ümumbəşəri mədəni irsə (mühacirət folklorşünaslığı kontekstində)” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə qopuzun qədim türk musiqi aləti kimi tarixi, müxtəlif xalqlar arasında yayılması və dünya mədəniyyətinə təsiri mühacirət folklorşünaslığının tədqiqatları əsasında araşdırılıb. Almaz Həsənqızı, həmçinin Əhməd bəy Ağaoğlu, Əhməd Cəfəroğlu və digər mühacirət alimlərinin bu sahədəki araşdırmalarına, türk ənənələrinin başqa xalqların, o cümlədən almanların epik yaradıcılığına təsirinə diqqət çəkib.
Filologiya elmləri doktoru, professor Şomirzə Turdımov “Dədə Qorqud dastanındakı «Dəli Domrul» boyunun özbək variantı haqqında” mövzusunda məruzə ilə çıxış edib. Alim “Dəli Domrul” boyundakı “can əvəzinə can” motivini özbək folklorunda qeydə alınmış “Nurboy” dastanı və “Sultанxon” nağılı ilə müqayisəli şəkildə təhlil edərək, bu süjetin özbək folklor mühitində də qorunub saxlandığını diqqətə çatdırıb.
Məruzədə hər üç əsərdə Əzrailin qəhrəmanın canını almağa gəlməsi, valideynlərin öz canlarını verməkdən imtina etməsi, yaxın bir şəxsin isə onun əvəzinə canını qurban verməyə razı olması kimi ortaq süjet elementləri müqayisə edilib. Şomirzə Turdımov Azərbaycan və özbək folklor nümunələri arasındakı süjet paralellərinə diqqət çəkərək, özbək variantlarında “kibr və cəza” motivinin “tale və sınaq” məzmunu ilə əvəzləndiyini və bu süjetin tarixi köklərinin araşdırılması baxımından əhəmiyyətini vurğulayıb.

Daha sonra AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Salidə Şərifova “Əşrəf bəy ilə Zəhra xan” (“Eşref bey ile Zühre han”) dastanının janr xüsusiyyətləri, variantları, bədii dili və obrazlar sistemi haqqında məruzə ilə çıxış edib. O, dastanın nəsr və nəzm hissələrinin vəhdətindən ibarət strukturunu, məhəbbət və qəhrəmanlıq dastanlarına xas xüsusiyyətlərini təhlil edərək, onun janr baxımından məhəbbət dastanı kimi səciyyələndirilməsinin əsaslarını diqqətə çatdırıb.

Məruzədə dastanın Azərbaycan folkloru ilə tarixi-mədəni əlaqələri, Qars və Şərqi Anadolu ərazilərində qeydə alınmış variantları, Azərbaycan dilinə yaxınlığı, eləcə də Əşrəf, Zöhrə və Xızır Nəbi obrazlarının bədii-mifoloji xüsusiyyətləri nəzərdən keçirilib. Salidə Şərifova dastanın Azərbaycan dastanları ilə müqayisəli şəkildə araşdırılmasının, Azərbaycan dilinə uyğunlaşdırılaraq nəşr edilməsinin vacibliyini vurğulayıb.

Elmi məruzələrin təqdimatından sonra konfrans bölmə iclaslarında öz işini davam etdirib.

Qeyd edək ki, noyabrın 18–20-də davam edəcək tədbirdə Azərbaycan, Özbəkistan və digər ölkələrdən olan alim və tədqiqatçılar türk xalqlarının folklor irsinin müxtəlif problemləri, ortaq folklor nümunələri, ənənələr arasındakı qarşılıqlı əlaqə və təsirlər, eləcə də müqayisəli folklorşünaslığın nəzəri-metodoloji məsələləri üzrə məruzələrlə çıxış edirlər.