XƏBƏRLƏR
Folklor İnstitutunun alimi Qaraçorlu Səhəndin 100 illiyinə həsr olunmuş elmi konfransda məruzə ilə çıxış edib
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Azərbaycanın görkəmli şairi, Güney Azərbaycan ədəbi mühitinin tanınmış nümayəndəsi Bulud Qaraçorlu Səhəndin anadan olmasının 100 illiyinə həsr olunmuş “Səhənd poeziyasında tarixi-fəlsəfi yaddaş, milli kimlik və azadlıq mübarizəsi” mövzusunda elmi konfrans keçirilib.
Konfransda Azərbaycan elminin müxtəlif sahələrini təmsil edən alim və tədqiqatçılar iştirak edərək Səhənd yaradıcılığının milli-mədəni, tarixi-fəlsəfi və ədəbi-estetik aspektlərini müzakirə ediblər. Çıxışlarda şairin zəngin poetik irsinin Azərbaycan xalqının tarixi yaddaşının, milli özünüdərkinin və mənəvi dəyərlərinin qorunmasında oynadığı rol diqqətə çatdırılıb.
Tədbirdə AMEA Folklor İnstitutunun Güney Azərbaycan folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru Mətanət Abbasova “Bulud Qaraçorlu Səhəndin yaradıcılığında folklor yaddaşı və milli-mədəni irs” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə Səhənd yaradıcılığı Azərbaycan xalqının tarixi yaddaşı, etnomədəni kimliyi və milli-mənəvi dəyərləri kontekstində təhlil olunub. Qeyd edilib ki, şairin poetik irsində folklor yalnız ənənəvi bədii ifadə vasitəsi və ya xalq yaradıcılığından qaynaqlanan motivlər sistemi kimi deyil, həm də etnosun tarixi təcrübəsini, dünyagörüşünü, mənəvi dəyərlərini və milli özünüdərk proseslərini özündə yaşadan mühüm yaddaş mexanizmi kimi çıxış edir. Bu baxımdan Səhənd poeziyasında folklorun süjet, motiv, janr və obrazlar sistemi şairin fərdi yaradıcılıq təfəkkürü ilə xalqın kollektiv yaddaşının qovuşduğu müstəvidə nəzərdən keçirilib.
M. Abbasova vurğulayıb ki, Səhəndin yaşadığı dövrün mürəkkəb ictimai-siyasi reallıqları onun yaradıcılığının ideya istiqamətinə və milli məzmununa ciddi təsir göstərib. Şimali Azərbaycanda sovet siyasi rejiminin, Güney Azərbaycanda isə Pəhləvi hakimiyyətinin yaratdığı ideoloji və mədəni məhdudiyyətlər şəraitində xalqın milli-mənəvi irsinin qorunmasında şifahi xalq ədəbiyyatı, aşıq sənəti və ənənəvi mədəniyyət mühüm rol oynayıb. Məruzədə xüsusilə ana dilinin, folklor nümunələrinin və tarixi-mədəni yaddaşın nəsildən-nəslə ötürülməsinin milli varlığın mühafizəsindəki əhəmiyyəti diqqətə çatdırılıb.
Çıxışda Səhəndin yaradıcılığında nağıl, əfsanə, rəvayət, bayatı, atalar sözləri, dastan və aşıq yaradıcılığına məxsus elementlərin bədii-fəlsəfi məzmunu da təhlil edilib. Şairin ana-nənələrdən eşitdiyi folklor nümunələrinə müraciət etməklə xalqın yaddaşında yaşayan tarixi həqiqətləri müasir dövrün ictimai-siyasi problemləri ilə əlaqələndirdiyi bildirilib. Xüsusilə “Kitabi-Dədə Qorqud” dastanının qəhrəmanlıq dünyası, Oğuz elinin mənəvi dəyərləri, saz və qopuz ənənəsi, aşıq sənətinin milli özünüdərkin formalaşmasındakı rolu Səhənd poeziyasının mühüm ideya-estetik qaynaqları kimi səciyyələndirilib.
Məruzədə şairin folklor irsinə müraciətinin yalnız keçmişin bədii təsviri ilə məhdudlaşmadığı, eyni zamanda milli kimliyin qorunmasına, tarixi yaddaşın aktuallaşdırılmasına və azadlıq düşüncəsinin ifadəsinə xidmət etdiyi əsaslandırılıb. Bu kontekstdə Səhəndin poetik nümunələrində Təbriz obrazı, Arazın rəmzi məzmunu, Vətən həsrəti, milli birlik və tarixi ədalət ideyalarının folklor yaddaşı ilə üzvi şəkildə əlaqələndiyi diqqətə çatdırılıb.
Mətanət Abbasova çıxışında Səhəndin yaradıcılığının öyrənilməsində folklorşünaslıq yanaşmasının əhəmiyyətini xüsusi vurğulayaraq qeyd edib ki, şairin poetik irsi Azərbaycan xalqının kollektiv yaddaşını, etnomədəni özünəməxsusluğunu və milli-mənəvi dəyərlər sistemini araşdırmaq baxımından mühüm elmi mənbədir. Bu irsin folklor kontekstində tədqiqi Güney və Qüzey Azərbaycan mədəniyyətinin ortaq yaddaş qatlarının, tarixi-mədəni əlaqələrinin və milli kimlik göstəricilərinin üzə çıxarılmasına imkan yaradır.
Konfrans Bulud Qaraçorlu Səhəndin ədəbi irsinin müasir elmi düşüncə müstəvisində yenidən dəyərləndirilməsi, onun yaradıcılığında milli yaddaş, folklor və azadlıq ideyalarının qarşılıqlı əlaqəsinin araşdırılması baxımından əhəmiyyətli elmi platforma kimi diqqət çəkib.



