XƏBƏRLƏR
Hikmət Quliyev: Azərbaycan–Özbəkistan münasibətlərinin yeni mərhələsi folklorşünaslıq sahəsində elmi əməkdaşlığın genişləndirilməsini zəruri edir
18 noyabr 2026-cı il tarixində “Türk xalqları folklorunun müqayisəli öyrənilməsi problemləri” mövzusunda beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu və Özbəkistan Respublikası Elmlər Akademiyasının Özbək Dili, Ədəbiyyatı və Folkloru İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən konfransda çıxış edən AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev Azərbaycan–Özbəkistan münasibətlərinin müasir inkişaf dinamikası, türk xalqlarının ortaq tarixi-mədəni irsinin tədqiqi və folklorşünaslıq sahəsində elmi əməkdaşlığın perspektivləri haqqında fikirlərini bölüşüb.
Hikmət Quliyev qeyd edib ki, Azərbaycan ilə Özbəkistan arasında münasibətlər tarixi, dil, mədəniyyət və mənəvi dəyərlər baxımından dərin köklərə malik olmaqla yanaşı, son illərdə siyasi, iqtisadi, humanitar və elmi-mədəni sahələrdə ardıcıl inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin qarşılıqlı səfərləri və strateji təşəbbüsləri nəticəsində iki ölkə arasındakı münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlib.
İnstitut direktoru bildirib ki, 2026-cı il avqustun 23-də imzalanmış “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” iki xalqın tarixi yaxınlığının və dövlətlərarası münasibətlərin strateji məzmununun daha bir ifadəsidir.
Hikmət Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il fevralın 14-də andiçmə mərasimində səsləndirdiyi “Bizim ailəmiz Türk dünyasıdır” tezisinin əhəmiyyətini xüsusi vurğulayıb. O bildirib ki, bu fikir yalnız siyasi bəyanat deyil, türk xalqlarının ortaq tarixi, dili, mədəniyyəti, mənəvi dəyərləri və sivilizasiya yaxınlığına əsaslanan strateji dünyagörüşünün konseptual ifadəsidir. Türk dünyasının vahid ailə kimi dərk olunması ortaq irsin öyrənilməsini, elmi-mədəni əlaqələrin genişləndirilməsini və birgə humanitar məkanın formalaşdırılmasını zəruri edir. Bu baxımdan, Azərbaycan–Özbəkistan münasibətləri türk dövlətləri arasında əməkdaşlığın konkret və ardıcıl inkişaf edən nümunələrindən biri kimi dəyərləndirilə bilər.
Çıxışda 2026-cı ildə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd olunmasının türkoloji elmin inkişafı baxımından əhəmiyyəti də diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il oktyabrın 22-də Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncam bu tarixi hadisənin elmi və mədəni irsinin yenidən aktuallaşdırılması, türkoloji tədqiqatların genişləndirilməsi və türk xalqları arasında elmi-mədəni həmrəyliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Yubileyin Azərbaycanda və müxtəlif türk dövlətlərində elmi və mədəni tədbirlərlə qeyd olunması Birinci Türkoloji Qurultayın ideyalarının müasir dövrdə də öz aktuallığını qoruduğunu göstərir.
Hikmət Quliyev bu kontekstdə 2026-cı il iyulun 2–3-də Bakıda keçirilən “Türkoloji folklorşünaslıq: nəzəri konteksti, praktik yönləri və təhlil perspektivləri” mövzusunda beynəlxalq elmi simpoziumun əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Birinci Türkoloji Qurultayın yüzilliyinə həsr olunan bu elmi platforma folklorşünaslığın türkoloji tədqiqatlar sistemindəki yerinin, türk xalqlarının ortaq folklor irsinin öyrənilməsinin nəzəri-metodoloji məsələlərinin və müasir tədqiqat istiqamətlərinin müzakirəsi baxımından mühüm mərhələ olub.
İnstitut direktoru vurğulayıb ki, türkoloji folklorşünaslığın müasir inkişafı folklor materiallarının sadəcə toplanması və müqayisəsi ilə məhdudlaşmamalı, onların tarixi-genetik əlaqələri, tipoloji xüsusiyyətləri, yayılma və transformasiya mexanizmləri, eləcə də ayrı-ayrı milli ənənələrdə qazandığı semantik məzmun da elmi şəkildə araşdırılmalıdır. Müqayisəli folklorşünaslıq yalnız ortaq süjet və motivlərin müəyyənləşdirilməsini deyil, həm də onların fərqli tarixi-mədəni şəraitdə necə dəyişdiyini, hansı yeni məna və funksiyalar qazandığını izah etməyi tələb edir.
Hikmət Quliyev bildirib ki, Azərbaycan–Özbəkistan münasibətlərinin hazırkı yüksək səviyyəsi elmi-mədəni əlaqələrin, xüsusilə folklorşünaslıq istiqamətində əməkdaşlığın da yeni mərhələyə yüksəldilməsini zəruri edir. Bugünkü beynəlxalq konfrans məhz iki xalqın dil, tarix, mədəniyyət və mənəvi irs ortaqlığının müasir elmi-nəzəri yanaşmalar əsasında öyrənilməsi, qarşılıqlı tədqiqat əlaqələrinin genişləndirilməsi və ortaq elmi gündəmin formalaşdırılması məqsədinə xidmət edir.
Çıxışda Azərbaycan və özbək folklor ənənələri arasındakı əlaqələrə də xüsusi diqqət yetirilib. “Kitabi-Dədə Qorqud” və “Alpamış” eposları, “Koroğlu” və “Goroğlu” dastanları, eləcə də digər epik nümunələr türk xalqlarının ortaq tarixi yaddaşını və epik təfəkkür ənənələrini öyrənmək baxımından mühüm tədqiqat materialları kimi səciyyələndirilib. Bildirilib ki, bu abidələrin müqayisəli araşdırılması ortaq süjet və obrazların tarixi əsaslarını müəyyənləşdirməklə yanaşı, onların Azərbaycan və özbək folklor mühitində qazandığı milli xüsusiyyətləri, bədii-estetik və semantik fərqləri də üzə çıxarmağa imkan verir.
İnstitut direktoru müasir folklorşünaslığın qarşısında duran yeni tədqiqat istiqamətlərinə toxunaraq rəqəmsal mühitdə folklor yaradıcılığının öyrənilməsinin əhəmiyyətini də qeyd edib. Onun sözlərinə görə, ənənəvi folklor nümunələrinin rəqəmsal kommunikasiya mühitinə daxil olması onların yalnız yayılma formasını deyil, həm də qavranılma, şərh və məna qazanma mexanizmlərini dəyişdirir. Bu səbəbdən türk xalqlarının ənənəvi və rəqəmsal folklor irsinin qarşılıqlı əlaqədə araşdırılması, müasir texnologiyaların və süni intellekt imkanlarının tədqiqat prosesinə cəlb olunması gələcək əməkdaşlığın perspektivli istiqamətlərindəndir.
Hikmət Quliyev Azərbaycan və Özbəkistan folklorşünaslıq mərkəzləri arasında əməkdaşlığın konkret elmi nəticələrlə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. Bu baxımdan, birgə tədqiqatların aparılması, ortaq elmi layihələrin həyata keçirilməsi, folklor materiallarının qarşılıqlı mübadiləsi, birgə monoqrafiya və topluların hazırlanması, eləcə də rəqəmsal arxiv və tədqiqat platformalarının yaradılması mühüm fəaliyyət istiqamətləri kimi diqqətə çatdırılıb.
Qeyd olunub ki, 2026-cı il yanvarın 7-də AMEA Folklor İnstitutu ilə Özbəkistan Respublikası Elmlər Akademiyasının Özbək Dili, Ədəbiyyatı və Folkloru İnstitutu arasında imzalanmış əməkdaşlıq memorandumu bu istiqamətdə institusional əsas yaradıb. Konfrans çərçivəsində 2027–2028-ci illərdə hazırlanması nəzərdə tutulan “Müqayisəli folklorşünaslıq” adlı birgə monoqrafiya layihəsi də əməkdaşlığın mühüm elmi nəticələrindən biri kimi nəzərdə tutulur.
Hikmət Quliyev çıxışının sonunda Azərbaycan və Özbəkistanın elmi müəssisələri arasında mövcud əlaqələrin davamlı inkişafının, ortaq tarixi-mədəni irsin müasir metodoloji yanaşmalarla tədqiqinin və yeni nəsil tədqiqatçıların birgə elmi fəaliyyətə cəlb edilməsinin əhəmiyyətini vurğulayıb.
Sonda qeyd edilib ki, türk xalqlarının ortaq folklor irsinin müqayisəli öyrənilməsi həm tarixi-mədəni əlaqələrin araşdırılması, həm də müasir türk dünyasında elmi-mədəni inteqrasiyanın dərinləşdirilməsi və ortaq humanitar gələcəyin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.


