XƏBƏRLƏR
Professor Maqsud Asadov Azərbaycan və Özbəkistan folklorunun ortaq köklərindən və ədəbi əlaqələrindən danışıb
18 noyabr 2026-cı il tarixində “Türk xalqları folklorunun müqayisəli öyrənilməsi problemləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransın açılış mərasimində plenar iclasda Özbəkistan Respublikası Elmlər Akademiyasının Özbək Dili, Ədəbiyyatı və Folkloru İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Maqsud Asadov “Özbək və Azərbaycan folkloru: ortaq köklər, mənəvi dəyərlər və ədəbi əlaqələr” mövzusunda çıxış edib.
Professor çıxışına Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etməklə başlayıb. O, dövlət bayrağını xalqın qürurunu, şərəfini, milli haqq və arzularını təcəssüm etdirən rəmz kimi səciyyələndirib. Azərbaycan və Özbəkistan alimlərinin birgə elmi platformada iştirakını iki xalq arasında mövcud olan tarixi və mənəvi bağlılığın göstəricisi kimi dəyərləndirib.
Çıxışında Azərbaycan və Özbəkistan xalqları arasındakı tarixi-mədəni yaxınlığın ortaq türk kökləri, dil, ədəbiyyat, şifahi xalq yaradıcılığı və əsrlər boyu formalaşmış mənəvi dəyərlər üzərində təşəkkül tapdığını vurğulayıb. Professor bu bağlılığın yalnız tarixi sənədlərdə deyil, dastanlarda, əfsanələrdə, rəvayətlərdə, atalar sözlərində və mərasim ənənələrində də yaşadığını qeyd edib. O, iki ölkə arasında son illərdə inkişaf edən dövlətlərarası münasibətlərə, elmi, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq təşəbbüslərinə də toxunub.
Maqsud Asadov Azərbaycan və özbək ədəbiyyatları arasındakı əlaqələrdən bəhs edərək Əlişir Nəvai və Məhəmməd Füzulinin yaradıcılığını ortaq türk ədəbi irsinin mühüm nümunələri kimi səciyyələndirib. Hər iki sənətkarın türk dilinin bədii ifadə imkanlarını nümayiş etdirmək istiqamətindəki xidmətlərini vurğulayıb, onların “Leyli və Məcnun” mövzusuna müraciətinin müqayisəli ədəbiyyatşünaslıq baxımından xüsusi tədqiqat əhəmiyyəti daşıdığını bildirib. Çıxışda, həmçinin Azərbaycan ədəbiyyatşünaslığında Nəvai irsinin araşdırılmasında Həmid Araslının, Cənnət Nağıyevanın, Almaz Ülvinin və Yaşar Qasımbəylinin elmi fəaliyyətinə diqqət çəkilib.
Folklor əlaqələrinin təhlilində “Koroğlu” və “Goroğlu” eposları xüsusi yer tutub. Professor bu epik ənənənin Qafqazdan Mərkəzi Asiyayadək geniş coğrafiyada yayıldığını, Azərbaycan və özbək folklorunda fərqli milli xüsusiyyətlər qazandığını bildirib. Hər iki dastanda qəhrəmanların el-oba azadlığı, ədalət və xalqın mənafeyi uğrunda mübarizəsinin aparıcı mövqe tutduğunu qeyd etməklə yanaşı, onların süjet və obraz sistemindəki oxşar və fərqli cəhətlərin müqayisəli araşdırılmasının vacibliyini vurğulayıb.
Maqsud Asadov “Kitabi-Dədə Qorqud” və “Alpamış” eposları arasındakı süjet-motiv yaxınlığına da toxunub. Bamsı Beyrək və Alpamış obrazları arasında müşahidə olunan oxşarlıqları, qəhrəmanın uzun müddət yurdundan ayrı düşməsi, sevgilisinə və ailəsinə qayıtması ilə bağlı epik motivləri müqayisəli təhlil üçün əhəmiyyətli nümunələr kimi təqdim edib. Alim, həmçinin Xorəzm dastançılıq ənənəsində geniş yayılmış “Aşıq Qərib və Şahsənəm” dastanının Azərbaycan folklorundakı “Aşıq Qərib” ənənəsi ilə əlaqələrini diqqətə çatdırıb. “Kitabi-Dədə Qorqud”da əks olunan ailə münasibətləri, övlad tərbiyəsi, adqoyma, nikah və toy mərasimləri, el-oba namusu və böyüklərə hörmət kimi dəyərlərin özbək folklorunda da mühüm yer tutduğunu bildirib.
Professor müasir folklorşünaslığın qarşısında duran vəzifələrdən danışaraq iki ölkənin folklor arxivlərində qorunan əlyazmaların, səs yazılarının, ekspedisiya materiallarının, baxşı və aşıqların ifalarının qarşılıqlı müqayisəli öyrənilməsinin vacibliyini qeyd edib. Bu materialların rəqəmsallaşdırılması, vahid elmi meyarlar əsasında elektron kataloqların və dastan korpuslarının yaradılması, süjet və motiv xəritələrinin hazırlanması, unudulmaqda olan ifa ənənələrinin sənədləşdirilməsini gələcək elmi əməkdaşlığın perspektivli istiqamətləri kimi dəyərləndirib.
Maqsud Asadov üç gün davam edəcək beynəlxalq konfrans çərçivəsində aparılacaq elmi müzakirələrin Azərbaycan və Özbəkistan folklorunun ortaq köklərinin, tarixi inkişaf mərhələlərinin, janr sisteminin, obrazlar aləminin və milli özünəməxsusluqlarının daha dərindən öyrənilməsinə şərait yaradacağına əminliyini ifadə edib. O, belə elmi müzakirələrin iki ölkənin folklorşünasları arasında əməkdaşlığın genişlənməsinə xidmət edəcəyini bildirib.
Sonda professor konfransın təşkilatçılarına, AMEA Folklor İnstitutunun və Özbəkistan Respublikası Elmlər Akademiyasının Özbək Dili, Ədəbiyyatı və Folkloru İnstitutunun Folklor şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirib.







