XƏBƏRLƏR
Folklor İnstitutunun əməkdaşları beynəlxalq simpoziumda məruzə ilə çıxış ediblər
2-4 noyabr 2023-cü il tarixlərində Türkiyənin Sivas şəhərində Sivas Cümhuriyyət Universiteti və Motif Vəqfinin birgə təşkilatçılığı ilə Beynəlxalq türk aşıqlıq ənənəsi və Aşıq Veysəl simpoziumu keçirilib.
Türkiyə Cümhuriyyətinin 100 illiyi və türk aşıq sənətinin böyük nümayəndələrindən biri Aşıq Veysəlin vəfatının 50-ci ildönümü münasibətilə Sivas Cümhuriyyət Universitetinin ev sahibliyi ilə keçirilən simpoziumun paralel sessiyalarında aşıq sənətinin müxtəlif istiqamətlərdə araşdırılmasına, aşıq əbədiyyatı nümayəndələrinin irsinə, Aşıq Veysələ həsr olunmuş məruzələr dinlənilib. Tədbirin üçüncü günündə Sivasın tarixi yerlərinə, muzeylərə gəzinti təşkil olunub.
Simpoziumda iştirak edən AMEA Folklor İnstitutunun əməkdaşları – Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy “Aşıq ənənəsində Həzrət Əli konsepti: epik-mistik kodun funksional strukturu”, Folklor nəzəriyyəsi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Fidan Qasımova “Aşıq şeirlərində təbiət kultu (Aşıq Ələsgər və Aşıq Veysəl şeirləri əsasında)”, Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimova “Koroğlu-Goroğlu” dastanlarında aşıq obrazları, sazla sözün vəhdəti” və Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova “Aşıq Ələsgər və Aşıq Veysəl yaradıcılığının müqayisəli araşdırılması” mövzularında məruzələrlə çıxış ediblər.
Sonda simpozium iştirakçılarına təşəkkür bəlgələri təqdim olunub.