AMEA Folklor İnstitutunun dosenti İlhamə Qəsəbova beynəlxalq konqresdə iştirak edib

AMEA Folklor İnstitutunun dosenti İlhamə Qəsəbova beynəlxalq konqresdə iştirak edib

17 Noyabr 2026, 11:52 / Konfranslar, İclaslar

AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova Türkiyə Respublikasının Ərzincan şəhərində keçirilən “Bozkırın Kızlarından Küresel Liderlere: Türk Dünyasının Kadın Liderleri” adlı beynəlxalq konqresdə iştirak edib.

12–13 noyabr 2026-cı il tarixlərində Ərzincan Binəli Yıldırım Universitetinin Qadın və Ailə Araşdırmaları Tətbiq və Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə keçirilən konqres Türk dünyasında qadın liderliyinin tarixi köklərinin, inkişaf mərhələlərinin və müasir cəmiyyətdəki rolunun araşdırılmasına həsr olunub. Beynəlxalq elmi platformada müxtəlif ölkələrdən olan alim və tədqiqatçılar qadınların ictimai həyatda, dövlət idarəçiliyində, elm və mədəniyyət sahələrindəki mövqeyi, liderlik imkanları və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Dosent İlhamə Qəsəbova konqresdə “Əsirlikdən həyata: qadınların sosial-psixoloji dirənişi” mövzusunda elmi məruzə ilə çıxış edib. Məruzədə Xocalı faciəsi və Qarabağ münaqişəsi zamanı azərbaycanlı qadınların əsirlik və girovluq təcrübəsi, müharibənin onların mənəvi-psixoloji dünyasına, yaddaşına və sosial münasibətlərinə təsiri araşdırılıb. Qadınların ağır sınaqlar qarşısında yaşamaq əzmi, iradə və dözümlülüyü, mənəvi müqaviməti, sosial həyata yenidən uyğunlaşmaq cəhdləri diqqətə çatdırılıb.

Vurğulanıb ki, dirəniş yalnız fiziki sağ qalmaq deyil, həm də insan ləyaqətini qorumaq, yaşanmış hadisələrin yaddaşını gələcək nəsillərə ötürmək və həyata yenidən bağlanmaq gücüdür.

İlhamə Qəsəbovanın “8 gün erməni əsirliyində qaldıqdan sonra geri qayıtmış Dürdanə Ağayeva və Meyxos Abdullanın «Əsir qadın» romanında Səidə obrazı” haqqında geniş məruzə edib. Məruzədə Dövlət Komissiyasının qadınlar və uşaqlar haqqında arayışında əksini tapmış məlumatlar, Dürdanə Ağayevanın həyat hekayəsi və Meyxos Abdullanın “Əsir qadın” romanındakı Səidə obrazı təhlilə cəlb edilib. Qeyd edib ki, Səidə obrazı yazıçı təxəyyülü deyil.

Məruzəsinin sonunda İlhamə Qəsəbova 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin Azərbaycan qadınının şərəf və ləyaqətinin bərpası, onun üzərində illər boyu yaradılmış mənəvi-psixoloji yükün aradan qaldırılması baxımından da xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, bu Zəfərə görə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizə, sağlamlığını itirmiş qazilərimizə, rəşadətli Azərbaycan Ordusuna və Ali Baş Komandana dərin minnətdarlığını bildirib.

Tədqiqatda real şahidliklə bədii təcəssüm arasındakı əlaqə, əsirlik təcrübəsinin qadınların psixoloji vəziyyətində yaratdığı izlər, travmatik yaddaşın fərdi və sosial münasibətlərə təsiri müqayisəli şəkildə araşdırılıb. Eyni zamanda qadınların yaşadıqları faciələri yaddaşlarında qoruması, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və ağır sınaqlardan sonra həyata qayıtmaq mübarizəsi məsələlərinə diqqət yetirilib.

Konqresin açılış günü dosent İlhamə Qəsəbova Türkiyə Radio və Televiziya Qurumunun (TRT) radiosunun canlı yayımında müsahibə ilə çıxış edib. Müsahibədə beynəlxalq konqresin məqsədi, Türk dünyasında qadınların tarixi və müasir cəmiyyətdəki mövqeyi, milli-mənəvi dəyərlərin qorunmasında və yaşadılmasında rolu barədə fikirlərini bölüşüb.


Qeyd edək ki, konqresin əsas məqsədi Bozkır mədəniyyətinin tarixində mühüm yer tutan qadınlardan başlayaraq müxtəlif dövrlərdə dövlət idarəçiliyi, elm, sənət, diplomatiya, iqtisadiyyat və ictimai həyatın öncül mövqelərində təmsil olunmuş türk qadınlarının fəaliyyətini araşdırmaq, Türk dünyasında qadın liderliyinin gələcəyinə dair ortaq elmi baxış formalaşdırmaqdır.