Folklor İnstitutunun əməkdaşı Ukrayna mədəniyyətinin təbliğinə həsr olunan tədbirdə iştirak edib

Folklor İnstitutunun əməkdaşı Ukrayna mədəniyyətinin təbliğinə həsr olunan tədbirdə iştirak edib

17 Noyabr 2026, 10:38 / Konfranslar, İclaslar

16 noyabr 2026-cı il tarixində Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qumru Şəhriyar Ukraynanın Azərbaycandakı Səfirliyinin təşkil etdiyi “Ukrayna mədəniyyətinin yeni üfüqləri: kino və ədəbiyyat günləri” adlı tədbirdə iştirak edib.

Tədbirdə Qumru Şəhriyar Azərbaycan dilinə tərcümə etdiyi üç bədii roman haqqında məlumat verib.

Alimin Azərbaycan dilinə tərcümə etdiyi ilk roman ukraynalı yazıçı Viktoriya Qranetskanın 2021-ci ildə nəşr olunan “Xoşbəxt” əsəridir. Roman ukraynalı pravoslav qızla Qarabağdan müharibə nəticəsində qaçqın düşmüş türk-müsəlman oğlanın sevgi hekayəsindən bəhs edir. Əsər real hadisələr əsasında qələmə alınıb.

Tərcümə olunan ikinci əsər Svitlana Taratorinanın müəllifi olduğu “Duz ev” fantastik romanıdır. Krımın azadlığı uğrunda mübarizəyə həsr olunan əsər zəngin folklor terminologiyası, etno-kulturoloji xüsusiyyətləri ilə seçilir.

Qumru Şəhriyarın Azərbaycan dilinə tərcümə etdiyi üçüncü roman isə Anastasiya Nikulinanın “Dəstə” əsəridir. Yeniyetmələrin həyatından bəhs edən romanda parkur həvəsi, dostluq münasibətləri və cəsarət mövzuları ön plana çıxarılır.

Tədbirdə iştirak edən yazıçı Svitlana Taratorina Krıma həsr olunmuş “Duz ev” romanının Azərbaycan dilinə tərcümə edilməsindən məmnunluğunu ifadə edib. O, əsərin Azərbaycanda tərcümə olunaraq nəşr edilməsini Ukraynanın ağır günlərində Krımda yaşayan Krım-tatarlara göstərilən mənəvi dəstəyin ifadəsi kimi qiymətləndirib.