“I Beynəlxalq Türk dünyası ənənəvi musiqi və mədəni kimlik” simpoziumunun materialları nəşr olunub

“I Beynəlxalq Türk dünyası ənənəvi musiqi və mədəni kimlik” simpoziumunun materialları nəşr olunub

16 Noyabr 2026, 14:29 / Nəşrlər

AMEA Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə Azərbaycan zurna-balaban məktəbinin ustadı Kalvalı Əli Dədənin 150 illik yubileyinə həsr olunmuş "I Beynəlxalq Türk dünyası ənənəvi musiqi və mədəni kimlik" beynəlxalq elmi simpoziumunun materialları nəşr olunub.

Nəşrdə simpoziumun açılış nitqləri və plenar çıxışları ilə yanaşı, türk dünyasının ənənəvi musiqisi və mədəni kimlik məsələlərinə həsr olunmuş 74 elmi məruzə yer alıb. Məruzələrdə Kalvalı Əli Dədənin musiqi yaradıcılığı, onun ifa etdiyi musiqi alətləri, zurna-balaban məktəbinin tarixi və müasir inkişaf xüsusiyyətləri, nəfəs alətlərinin ifaçılıq texnikası və türk xalqlarının musiqi ənənələri müxtəlif aspektlərdən araşdırılıb.

Topluda, həmçinin aşıq sənətinin müasir tədqiqi, ozan-aşıq ənənəsinin regional xüsusiyyətləri, dastançılıq və ifaçılıq məktəbləri, aşıq poeziyasında musiqi-poetik sintez, xalq mərasimlərində musiqinin rolu, qədim musiqi alətlərinin tarixi və funksional xüsusiyyətləri kimi mövzulara müraciət olunub. Bununla yanaşı, türk xalqlarının musiqisində milli kimlik, mədəni yaddaş, musiqi kodları, ənənəvi musiqinin müasir cəmiyyətdə yeri və mədəni irsin qorunması məsələləri də məruzələrdə geniş əksini tapıb.

Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və digər ölkələrdən olan tədqiqatçıların elmi araşdırmalarını bir araya gətirən nəşr türk dünyasının ənənəvi musiqi irsinin, ifaçılıq məktəblərinin və ortaq mədəni dəyərlərinin öyrənilməsinə dair çoxşaxəli elmi materialları əhatə edir.

578 səhifədən ibarət olan kitabın elmi redaktorları filologiya elmləri doktoru, dosent Hikmət Quliyev və filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanovadır. Nəşrin tərtibçiləri isə filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova, filologiya üzrə fəlsəfə doktoru Elçin Qaliboğlu və Lalə Şabanovadır.

Qeyd edək ki, 2025-ci il noyabrın 20-21-də Bakıda baş tutan simpozium AMEA Folklor İnstitutu, Azərbaycan Milli Konservatoriyası, AMEA Memarlıq və İncəsənət İnstitutu, Ankara Musiqi və Gözəl Sənətlər Universiteti, Ərzincan Binəli Yıldırım Universiteti, Kars Kafkas Universiteti Dövlət Konservatoriyası, Hoca Əhməd Yəsəvi Uluslararası Türk-Qazax Universiteti, Azərbaycan Aşıqlar Birliyi, Azərbaycan Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı, Müəllif Hüquqları Uğrunda İctimai Birliyi və Union Printing Group MMC-nin dəstəyi ilə keçirilib.

Kitabla tanış olmaq üçün: Simpozium materialları