AMEA Folklor İnstitutunda “Dastanlaşmış şanlı Zəfər” adlı tədbir keçirilib

AMEA Folklor İnstitutunda “Dastanlaşmış şanlı Zəfər” adlı tədbir keçirilib

06 Noyabr 2023, 17:00 / Konfranslar, İclaslar

06 noyabr 2023-cü il tarixində AMEA Folklor İnstitutunda 8 Noyabr – Zəfər Günü münasibətilə “Dastanlaşmış şanlı Zəfər” adlı tədbir keçirilib. Tədbirə qonaq qismində I Qarabağ savaşı və 44 günlük Vətən müharibəsi iştirakçısı, polkovnik-leytenant Tahir Məmmədov da dəvət olunub. Tədbir iştirakçıları öncə Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda həyatlarını itirən bütün şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Folklor İnstitutunun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov tədbiri giriş sözü ilə açaraq, Zəfər Günü münasibətilə hər kəsi təbrik edib, 44 günlük savaşın, bu savaşın sonunda əldə edilən şanlı Qələbənin əhəmiyyətindən danışıb. Akademik Dövlət Bayrağımızın artıq Xankəndi şəhərində dalğalanmasının qürurverici olduğunu, tarixi Zəfərin xalqın özünəqayıdışında, özünü güvənli, məğrur hiss etməsində böyük rol oynadığını diqqətə çatdırıb. Alim vurğulayıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun əzmi sayəsində 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə dövlətçilik tariximizin ən parlaq səhifələrindən biridir. “Prezident İlham Əliyevin müdrik siyasəti, Ordumuzun rəşadəti, xalqımızın əzm və iradə, birlik və həmrəylik nümayiş etdirərək “dəmir yumruq” ətrafında sıx birləşməsi sayəsində əldə olunan bu Zəfər hər birimiz üçün sonsuz qürur mənbəyidir”, – deyə akademik vurğulayıb.

Sonra Folklor studiyasının Zəfər Günü münasibətilə hazırladığı videoçarx nümayiş olunub.

Videoçarxın nümayişindən sonra söz tədbirdə qonaq qismində iştirak edən polkovnik-leytenant Tahir Məmmədova verilib. O həm I Qarabağ savaşında, həm də 44 günlük Vətən müharibəsində keçdiyi döyüş yolundan, cəbhə təəssüratlarından söz açıb. Tahir Məmmədov qeyd edib ki, bu tarixi qələbənin böyük əhəmiyyəti xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək və heç vaxt unudulmayacaq. O, Zəfər Gününə həsr olunmuş belə bir tədbirə dəvət olunduğu üçün Folklor İnstitutunun rəhbərliyinə təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, 44 günlük Vətən müharibəsi şəhidi mayor Vüsal Vəliyevin qardaşı Əpoş Vəliyev 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə bütün tədbir iştirakçılarını təbrik edib, bu gün qalib ölkənin vətəndaşı olduğu üçün çox qürurlu olduğunu bildirib. Əməkdaşımız 2023-cü ilin sentyabrında təxminən 24 saat davam edən antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş Xankəndi, Xocalı və Ağdərə kimi şəhərlərimizdə üçrəngli Bayrağımızın dalğalanmasının böyük tarixi hadisə kimi mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Daha sonra institutun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent, I Qarabağ müharibəsi veteranı Şakir Albalıyev çıxış edərək, tarixi Qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından, ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən bəhs edib. Əməkdaşımız bildirib ki, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər Azərbaycan xalqının iftixar və qürur günü kimi tarixə düşüb.

Sonda tədbirdə qonaq qismində iştirak edən polkovnik-leytenant Tahir Məmmədova institutun nəşrləri və audio-disklər hədiyyə olunub və xatirə şəkilləri çəkilib.