Folklor İnstitutunda ümumtürk folklorunun ortaq kökləri və dastan söyləyiciliyi ənənələri müzakirə olunub

Folklor İnstitutunda ümumtürk folklorunun ortaq kökləri və dastan söyləyiciliyi ənənələri müzakirə olunub

16 Noyabr 2026, 11:12 / Konfranslar, İclaslar

AMEA Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin növbəti elmi seminarı keçirilib. Seminarda şöbə əməkdaşları ilə yanaşı, Folklorun toplanması və sistemləşdirilməsi şöbəsinin əməkdaşları da iştirak ediblər.

Elmi seminarda şöbənin müdiri, filologiya elmləri doktoru, professor Əfzələddin Əsgər “Türk xalqlarının folklorunun müqayisəli araşdırılması" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə türk xalqlarının etnik və mədəni yaxınlığı, ortaq tarixi və mədəni kökləri, prototürk birliyinin formalaşması və ümumtürk folklorunun araşdırılması məsələləri nəzərdən keçirilib.

Professor qeyd edib ki, hazırda tanıdığımız türk xalqlarının və etnik birliklərinin əksəriyyəti XV–XVI əsrlərdən sonra formalaşıb, bəzilərinin isə təşəkkül prosesi XX əsrdən sonra başlayıb. Məruzəçi türk xalqları arasında mövcud olan mədəni və mənəvi qohumluğun ortaq siyasi tarixdən daha qədim dövrlərə – prototürk birliyinə söykəndiyini bildirib. Bu birliyin elmi ədəbiyyatda ehtimal olunan tarixi vətənin adı ilə “Altay birliyi” adlandırıldığını diqqətə çatdırıb. O, ortaq mədəni zəmin əsasında hər bir xalqın özünəməxsus etnik mədəniyyətini yaratdığını vurğulayıb.

Məruzədə prototürk dövründə formalaşmış mədəniyyətin türk xalqlarının şüur tipinə, dünyagörüşünə, psixologiyasına və davranış stereotiplərinə təsirindən də bəhs olunub. Bildirilib ki, türk xalqlarının mədəniyyətindəki oxşarlıqlar və fərqliliklərin öyrənilməsi arxaik türk mədəniyyətinin mənzərəsini üzə çıxarmaq baxımından mühüm əhəmiyyət daşıyır.
Professor şöbənin fəaliyyət istiqamətlərinə də toxunaraq bildirib ki, Folklor İnstitutunda “Türk xalqları folkloru” şöbəsi 1997-ci ildən fəaliyyət göstərir. Türk xalqlarının folklorunun müqayisəli araşdırılmasının mövcud tədqiqat istiqamətlərindən biri olduğunu qeyd edən məruzəçi ümumtürk folklorunun konkret bir xalqın folklorunun öyrənilməsində kontekst rolunu oynadığını vurğulayıb. Onun fikrincə, ayrı-ayrı türk xalqlarının folklorunu ümumtürk folklorundan təcrid olunmuş şəkildə düzgün anlamaq mümkün deyil.

Ə.Əsgər şöbənin əsas tədqiqat predmetinin türk xalqlarının ana və ya kök folklorunun öyrənilməsi olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu araşdırmaların məqsədi türk xalqlarını ortaq mədəni insan tipi kimi səciyyələndirən düşüncə və davranış stereotiplərini üzə çıxarmaqdır. Məruzədə “türk xalqları folkloru”, “türk folkloru” və “ümumtürk folkloru” anlayışlarının elmi mahiyyəti, onların araşdırma obyekti və predmeti ilə əlaqəsi də müzakirə olunub. Məruzəçi superetnik məzmun daşıyan “ümumtürk folkloru” ifadəsinin prototürk, başqa sözlə, ana və ya kök folkloru mənasında işlədilməsinin mümkünlüyünü qeyd edib.

Daha sonra şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Səkinə Qaybalıyeva “Türk xalqları folklorunda dastan söyləyicisi tipləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə türk xalqlarının dastan ifaçılığı ənənəsində söyləyicilərin yeri və rolu, onların sosial statusu, repertuar xüsusiyyətləri və auditoriya ilə qarşılıqlı əlaqəsi diqqətə çatdırılıb. Azərbaycan aşığı, qazax akını, özbək baxşısı, qırğız manasçısı, türkmən aşığı, altay kayçısı, xakas hayçısı, başqurd seseni və tıva toolçusu kimi dastan ifaçılarının fəaliyyətindən bəhs olunub.

S. Qaybalıyeva dastan söyləyicisinin auditoriyasının repertuara və ifa olunan mətnlərin məzmununa təsirini də qeyd edib. Bildirib ki, auditoriyanı gənclər təşkil etdikdə dastanlarda mübarizə səhnələri, ağır döyüşlər və qəhrəmanın sehrli macəralarla müşayiət olunan mücadiləsi daha çox ön plana çıxır. Yaşlı nəslin nümayəndələrinin üstünlük təşkil etdiyi auditoriyalarda isə ənənəyə bağlılıq, ailə əxlaqı və sosial davranış sisteminin qorunub saxlanılması kimi meyllər qabardılır. Məruzədə dastan söyləyicilərini birləşdirən əsas xüsusiyyətlər kimi fenomenal yaddaş, zəngin təxəyyül, yüksək yaradıcı qabiliyyət, artistlik bacarığı və çeviklik göstərilib.

Seminar məruzələr ətrafında müzakirələrlə davam edib.