XƏBƏRLƏR
AMEA Folklor İnstitutunun “Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitabı – VII cild işıq üzü görüb. Nəşrdə Şəmkir və Ağstafa rayonlarında məskunlaşmış Qərbi Azərbaycan sakinlərindən toplanmış folklor örnəkləri, etnoqrafik məlumatlar və söyləyici xatirələri yer alıb. Kitabda təqdim olunan materiallar 2025-2026-cı illərdə bölgəyə təşkil edilmiş folklor ezamiyyələri zamanı toplanıb.
Kitab janr və məzmun baxımından rəngarəng materialların olduğu “Etnoqrafik mətnlər”, “Əfsanə və rəvayətlər”, “Xatirələr”, “Nağıllar”, “Lətifələr”, “Yuxugörmələr”, “İnanclar”, “Türkəçarələr”, “Atalar sözləri və məsəllər”, eləcə də “Söyləyicilər haqqında məlumat” bölmələrindən ibarətdir.
Etnoqrafik mətnlər bölməsində verilmiş “Yaylaq həyatı”nda Qərbi azərbaycanlıların ənənəvi təsərrüfat və məişət mədəniyyətinin mühüm istiqamətlərindən biri olan yaylağa köç, onun təşkili, gündəlik həyata təsiri sistemli şəkildə təsvir olunur. Toplanmış materiallar yaylağı özünəməxsus məişəti, təsərrüfat ənənələri və sosial münasibətləri olan sosial-mədəni mühit kimi səciyyələndirməyə imkan verir. Bölmədə köç marşrutları, yazlıq və payızlıq yerlər, oba və yurd adları, dəyə və digər müvəqqəti yaşayış tikililərinin qurulması, süd məhsullarının hazırlanması və saxlanması üsulları, eləcə də yaylaq mətbəxi və çoban həyatı ilə bağlı məlumatlar yer alır. Toplanmış materiallar göstərir ki, köçəri həyat mal-qaranı saxlamaq üçün yeni otlaq və örüş sahələrinə ehtiyacdan yaransa da, zaman keçdikcə özünəməxsus ənənələri olan zəngin yaylaq mədəniyyəti formalaşmışdır.
Kitabda Qərbi Azərbaycanın toy və yas adətlərinə, qurban ənənələrinə, bayram mərasimlərinə də geniş yer verilib. Bu materiallarda mərasimlərin keçirilmə qaydaları, regional xüusisyyətləri, onlarla bağlı inanclar əks olunur. Uzun müddət şifahi yaddaşda qorunmuş mərasim nümunələrinin toplanaraq elmi dövriyyəyə daxil edilməsi Qərbi azərbaycanlıların ailə-məişət münasibətlərinin, mənəvi dəyərlərinin, dini təsəvvürlərinin və kollektiv yaddaşının öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Kitabın diqqətçəkən cəhətlərindən biri də Qərbi Azərbaycanda vaxtilə mövcud olmuş pir və seyid ocaqları haqqında zəngin məlumatların yer almasıdır. Nəşrdə Həmzə pir, Hacı Mahmud Əfəndi, Hacı Xəlil Əfəndi, Miskin Abdal, Seyid Bayram, Zimmi seyidləri, Qızılvəngli Seyid Əli, Ağbulaqlı Seyid Mirəli və Seyid Nağı kimi bölgə sakinləri üçün mühüm ziyarətlərə çevrilmiş ocaqlar haqqında məlumatlar təqdim olunur. Bu ocaqların yaranması, ocaq sahiblərinin kəramətləri, onlarla bağlı rəvayətlər və inanclar verilib. Həmin materiallar Qərbi azərbaycanlıların dini təsəvvürlərinin, müqəddəs məkanlarla bağlı folklor ənənələrinin və bu ocaqların yerli icmaların mənəvi həyatındakı rolunu öyrənmək baxımından xüsusi əhəmiyyət daşıyır.
Qan davaları ilə bağlı materialların toplanması da kitabın diqqətəlayiq məqamlarındandır. Bu materiallar keçmişdə baş vermiş münaqişələrin şifahi yaddaşda qorunmuş izlərini üzə çıxarmaqla yanaşı, nəsillərarası münasibətləri, dövrün sosial-əxlaq normalarını, münaqişələrin yaranma səbəblərini və nəticələrini araşdırmağa imkan verir. Xüsusilə qan davalarının tayfa və nəsillərarası münasibətlərə, o cümlədən sosial-demoqrafik proseslərə təsiri həmin mətnlərə əlavə tarixi-etnoqrafik dəyər qazandırır.
“Xatirələr” bölməsində Qərbi azərbaycanlıların bölgədən köçürülməsi, bu proses zamanı üzləşdikləri çətinliklər və deportasiyanın onların həyatında buraxdığı izlər əks olunur. Söyləyici xatirələri göstərir ki, bölgədən köçlər 1949-1952 və 1988-1991-ci illərlə məhdudlaşmır, daha əvvəllərə gedib çıxır. Materiallar bu prosesin ermənilərin Cənubi Qafqaza köçürülməsi ilə paralel başladığını göstərir. Bölmədə mətbuatda geniş işıqlandırılmamış 1965-ci il hadisələrinə dair məlumatlar da verilir. Ermənilərin “azad İrəvan” şüarı ilə keçirdiyi mitinqlər və azərbaycanlılara qarşı artan təzyiqlər söyləyici xatirələri əsasında təqdim olunur. Həmin təziqlər nəticəsində təkcə Yengicə kəndindən 13 ailə Göygöl, Göyçay və İsmayıllı rayonlarına köçmək məcburiyyətində qalmışdır.
Folklor hər bir toplumun kollektiv yaddaşını və dünyagörüşünü özündə yaşadan, regional mühitlə qarşılıqlı əlaqədə formalaşan canlı mədəni sistemdir. Folklor nümunələri yalnız mətn kimi mövcud olmur, müxtəlif icra ortamlarında, mərasimlərdə, gündəlik həyatda və sosial münasibətlər prosesində funksionallıq qazanır. Buna görə də folklorun yaşaması onu yaradan və yaşadan sosial-mədəni mühitlə sıx bağlıdır. Həmin mühitdən ayrılma folklor ənənələrinin zəifləməsinə, zaman keçdikcə unudulmasına səbəb olur. Bu baxımdan, Qərbi Azərbaycan folklorunu təbii mühitindən qoparılmış ağaca bənzətmək olar. Doğma məkanından və icra ortamından uzaq düşən folklorun yaşama və nəsildən-nəslə ötürülmə imkanları məhdudlaşır. Bu gün Qərbi azərbaycanlılar arasında müşahidə olunan adət-ənənələrin unudulması, bayram mərasimlərinin əvvəlki funksionallığını itirməsi məhz ənənəvi folklor mühitlərinin dağılmasının acı nəticəsidir.
Kitabın layihə rəhbəri filologiya elmləri doktoru Hikmət Quliyevdir. Toplayıb tərtib edən, öz sözün müəllifi İlkin Rüstəmzadə, elmi redaktoru isə Əziz Ələkbərlidir. 432 səhifə həcmində olan kitab “Turan Advertising” MMC nəşriyyatında çap olunmuşdur.