Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş “Folklorşünaslığın yeni tarixi və aktual problemləri” mövzusunda respublika elmi konfransı keçirilib

Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş “Folklorşünaslığın yeni tarixi və aktual problemləri” mövzusunda respublika elmi konfransı keçirilib

03 Noyabr 2023, 17:00 / Konfranslar, İclaslar

Noyabrın 3-də AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş “Folklorşünaslığın yeni tarixi və aktual problemləri” mövzusunda respublika elmi konfransı keçirilib. Konfransı giriş sözü ilə açan AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov bildirib ki, düz 100 il əvvəl – 2 noyabr 1923-cü il tarixində yaradılan Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti elmin səmərəli inkişafı, elm sahələrinin istiqamətləndirilməsi məqsədinə xidmət edib. Azərbaycan Milli Elmlər Akademiyasının bünövrəsini təşkil edən elmi, ictimai-siyasi təşkilatlardan biri olan, C.Məmmədquluzadə, Ü.Hacıbəyli, Salman Mümtaz, Ə.Abid kimi ziyalıların təmsil olunduğu bu Cəmiyyətin ən mühüm tarixi xidmətlərindən biri  1926-cı ildə I Türkoloji Qurultayı təşkil etməsi olub. Akademik vurğulayıb ki, görkəmli folklorşünas alim Hənəfi Zeynallının rəhbərliyi ilə folklor komissiyasının da fəaliyyət göstərdiyi Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılması Azərbaycanda folklorşünaslığın elmi sahə kimi təməlini qoyan qurumlardan, müəssisələrdən biri olmaqla yanaşı, şifahi xalq yaradıcılığı örnəklərinin toplanmasına, nəşrinə və tədqiqinə böyük təkan verib.

Sonra məruzələr dinlənilib. AMEA Folklor İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanovanın “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti və azsaylı xalqlar” mövzusunda məruzəsi maraqla qarşılanıb. Əməkdaşımız bildirib ki, olduqca həssas bir mövzu olan azsaylı xalqlar, onların tarixi, həyatı və məişəti, folkloru, bir sözlə, maddi və mənəvi mədəniyyətinin tədqiqi ilk gündən Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin prioritet məqsədinə çevrilib. Cəmiyyətdə azsaylı xalqlarla birbaşa məşğul olan komissiyalar və ya altkomissiyalar yaradılıb. Dos. Afaq Ramazanova Cəmiyyətin azsaylı xalqları tədqiq edən tat, talış, kürd və başqa komissiyalarının fəaliyyəti haqqında arxiv materiallarına əsaslanan maraqlı faktlardan bəhs edib.

İnstitutun Klassik folklor şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Rza Xəlilov “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyətində folklor məsələləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Tədqiq və Tətəbbö Cəmiyyətinin Azərbaycanın elmi-mədəni mühitində, milli folklorşünaslığımızın meydana çıxmasında və təşəkkülündə müstəsna əhəmiyyətindən bəhs edib. “Sözügedən cəmiyyətin təşəbbüsü ilə təşkil edilən folklor ekspedisiyaları folklor məkanımızın geniş ərazilərini, coğrafiyasını əhatə etməyə başladı, toplayıcılıq işi isə bu vaxtadək olan fərdi təşəbbüskarlıq, sistemsizlik xarakterindən çıxıb sistemli kütləvilik qazanmış oldu”, – deyə dos. Rza Xəlilov qeyd edib.

Konfransda AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi Akifə Xəlilovanın “Aleksandr Baqri və Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti” mövzusunda məruzəsi də dinlənilib. Məruzəçi prof. A.Baqrinin Tədqiq və Tətəbbö Cəmiyyətində aktiv fəaliyyətindən, eləcə də alimin Azərbaycan nağılşünaslığında özünəməxsus xidmətlərindən, “Azərbaycan biblioqrafiyası” adlı məlumat kitabını hazırlaması və “Azərbaycan və ətraf ölkələrin folkloru” üçcildliyini tərtib etməsindən danışıb. Akifə Xəlilova qeyd edib ki, A.Baqrinin zəngin irsi təkcə folklor nümunələrinin öyrənilməsi baxımından deyil, eyni zamanda elmi-nəzəri və metodoloji baxımdan əhəmiyyətini bu gün də qoruyur.

Daha sonra çıxış üçün söz alan Folklor İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tədqiqatçı Əli Şamil Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti haqqında maraqlı faktları diqqətə çatdırıb.

Sonda folklorşünaslığın yeni tarixi və aktual problemləri mövzusu ətrafında fikir mübadiləsi aparılıb.