XƏBƏRLƏR
AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin Zəfər Günü münasibətilə Akademiya əməkdaşlarına təbriki
Hörmətli Akademiya əməkdaşları!
8 Noyabr Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində və ölkəmizin müstəqillik salnaməsində xüsusi yer tutan möhtəşəm Zəfərin təntənəsidir. Bu tarixi Zəfər xalqımızın Vətən sevgisinin, milli həmrəyliyinin, sarsılmaz iradəsinin və dövlətimizin qüdrətinin parlaq təcəssümüdür.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpası ilə nəticələnmiş, dövlətimizin beynəlxalq nüfuzunu daha da yüksəltmişdir.
Zəfər Günü həm də Azərbaycan xalqının milli birliyinin, tarixi yaddaşının və dövlətçilik düşüncəsinin təntənəsidir. Bu tarixi Zəfər müstəqil Azərbaycan dövlətinin gələcək inkişafı üçün yeni və geniş imkanlar yaratmışdır. Ötən 6 il ərzində Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən geniş miqyaslı quruculuq işləri, dönmədən həyata keçirilən Böyük Qayıdış prosesləri Zəfərimizin tarixi nəticələrinin real təcəssümüdür.
Zəfər tariximizin salnaməsinin yazılması, onun milli-mənəvi və siyasi-tarixi əhəmiyyətinin gələcək nəsillərə çatdırılması Azərbaycan Milli Elmlər Akademiyasının alimlərinin qarşısında duran mühüm vəzifələrdəndir. Son illərdə bu istiqamətdə mühüm nəşrlər ərsəyə gətirilmiş, Qarabağın zəngin tarixi-mədəni irsinin öyrənilməsinə dair fundamental tədqiqatlar aparılmış, kitablar çap olunmuşdur.
Bu əlamətdar gündə torpaqlarımızın azadlığı uğrunda həyatlarını fəda edən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə can sağlığı arzulayır, müharibə iştirakçılarına dərin minnətdarlığımızı bildiririk.
Bu gün üçrəngli Dövlət Bayrağımız əzəli torpaqlarımızda əbədi olaraq dalğalanır!
8 Noyabr – Zəfər Bayramımız mübarək olsun!
Hörmətlə,
İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik