Folklor İnstitutunda Azərbaycan əfsanələrində fobik təsəvvürlər araşdırılıb

Folklor İnstitutunda Azərbaycan əfsanələrində fobik təsəvvürlər araşdırılıb

04 Noyabr 2026, 09:56 / Konfranslar, İclaslar

AMEA Folklor İnstitutunun Mifologiya şöbəsində elmi seminar keçirilib. Seminarda şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlu “Azərbaycan əfsanələrində fobik təsəvvürlər” mövzusunda məruzə ilə çıxış edib.

Elçin Qaliboğlu bildirib ki, mifoloji düşüncədə fobiya (qorxu) insanın təbiət, cəmiyyət, ölüm və fövqəltəbii qüvvələrlə münasibətini ifadə edən psixoloji hadisələrdən biridir. Onun sözlərinə görə, mif və əfsanələrdə qorxu müxtəlif obrazlar, süjetlər, məkanlar, qadağalar və davranış normaları vasitəsilə təcəssüm olunur. Bu təsəvvürlər insanın izah edə bilmədiyi hadisələr qarşısında keçirdiyi narahatlığı əks etdirir.

Məruzəçi mif və əfsanələrdə qorxu təsəvvürlərinin fərqli xüsusiyyətlərinə də toxunub. Qeyd edib ki, miflərdə qorxu daha çox dünyanın və varlığın mifoloji izahı ilə, əfsanələrdə isə konkret hadisə, məkan, insan taleyi və mənəvi davranışın nəticələri ilə əlaqələnir. Fobik təsəvvür anlayışının folklor mətnlərində qorxunun obrazlı, simvolik və mədəni ifadə formalarını müəyyənləşdirən analitik anlayış kimi işlədildiyini vurğulayıb.

Elçin Qaliboğlu qaranlıq, gecə, ölüm, yeraltı aləm, şər ruhlar, fövqəltəbii varlıqlar, təbiət hadisələri, qarabasma və yuxu ilə bağlı qorxu təsəvvürlərini təhlil edib. Bildirib ki, qaranlıq insanın nəzarət edə bilmədiyi, görünməyən varlıqların və gizli təhlükələrin mövcudluğu ilə əlaqələndirilən simvolik məkan kimi mifoloji düşüncədə mühüm yer tutur. Gecə eşidilən anlaşılmaz səslər, kölgələr və təbiətdəki qeyri-adi dəyişikliklər də fövqəltəbii qüvvələrin fəaliyyəti ilə əlaqələndirilirdi.

Məruzədə Azərbaycan əfsanələrində pir, türbə və digər müqəddəs məkanlarla bağlı qorxu təsəvvürlərindən də bəhs olunub. Məruzəçi qeyd edib ki, bu məkanlara münasibətdə ehtiram, şəfa və qorunma inamı ilə yanaşı, müqəddəsliyə hörmətsizlik etməkdən çəkinmə də özünü göstərir. Əfsanələrdə belə məkanların nüfuzu çox vaxt qeyri-adi hadisələrlə əsaslandırılır.

Alim, həmçinin dağ, qaya, mağara, bulaq və göl kimi təbiət obyektləri ilə bağlı əfsanələrdə qorxunun ifadə formalarına diqqət çəkib. Bildirib ki, bəzi nümunələrdə təbiət obyektinin yaranması, adının mənşəyi və qeyri-adi görünüşü insan taleyi ilə əlaqələndirilir. Təhlükəli hesab edilən məkanlar, həmin yerlərlə bağlı qadağalar və qeyri-adi hadisələr fobik təsəvvürlərin formalaşmasında mühüm rol oynayır.

Elçin Qaliboğlu ölüm qorxusunun mif və əfsanələrdəki ifadə xüsusiyyətlərini də müqayisə edib. Vurğulayıb ki, miflərdə ölüm insanın varlıq aləmindəki yeri və yeraltı dünya haqqında ümumi təsəvvürlərlə əlaqələndirildiyi halda, əfsanələrdə konkret insanın ölümü, xatirəsi, dəfn yeri və ölümlə bağlı qeyri-adi hadisələr ön plana çıxır.
Məruzədə qorxu təsəvvürlərinin nəsildən-nəslə ötürülməsi, kollektiv yaddaşda qorunması, sosial qadağalar və mənəvi davranış normaları ilə əlaqəsi də diqqətə çatdırılıb. Qeyd olunub ki, əfsanələrdə qorxu konkret hadisə, məkan, şahidlik iddiası və mənəvi nəticə çıxarmaq kimi məqamlar vasitəsilə ifadə olunur.

Seminar mövzu ətrafında müzakirələrlə başa çatıb.