AMEA Folklor İnstitutunun əməkdaşları beynəlxalq elmi konfransda məruzə ilə çıxış ediblər

AMEA Folklor İnstitutunun əməkdaşları beynəlxalq elmi konfransda məruzə ilə çıxış ediblər

02 Noyabr 2026, 11:05 / Konfranslar, İclaslar

29–31 oktyabr 2026-cı il tarixlərində Bakı şəhərində AzCLA, DAAD-Azərbaycan, Xəzər Universiteti və ADA Universitetinin tərəfdaşlığı ilə “Heroism in Literatures, Cultures and Collective Memory and Its Modern-Day Heroism Interpretations” (“Ədəbiyyatlarda, mədəniyyətlərdə və kollektiv yaddaşda qəhrəmanlıq”) adlı beynəlxalq elmi konfrans keçirilib. Konfransda AMEA Folklor İnstitutunun əməkdaşları – filologiya üzrə fəlsəfə doktorları, dosentlər Aynurə Səfərova, Xalidə Məmmədova və Xəyalə Ağayeva iştirak ediblər.

"Dədə Qorqud" şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynurə Səfərova “Kitabi-Dədə Qorqud” abidəsində qəhrəmanlıq və onun dastanda ifadəsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə dastanda qəhrəmanlıq kultunun türk dünyasının qədim dünyagörüşünü əks etdirdiyi, torpağın, ailənin, nəslin və el-obanın müdafiəsi, soykökə bağlılıq, milli-mənəvi dəyərlərin qorunması məsələləri diqqətə çatdırılıb.

"Dədə Qorqud" şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xalidə Məmmədova “Kitabi-Dədə Qorqud” dastanında epik qəhrəman və sosial-mənəvi dəyərlərin formalaşması” mövzusunda çıxış edib. Məruzədə Qazan xan, Buğac, Beyrək və Uruz obrazları əsasında igidlik, sədaqət, ədalət, fədakarlıq, ailəyə və elə bağlılıq kimi keyfiyyətlər təhlil olunub. Həmçinin qəhrəmanlıq ənənəsinin nəsildən-nəslə ötürülməsi, ağsaqqal sözünün və qadın obrazlarının sosial-mənəvi dəyərlərin qorunmasındakı rolu vurğulanıb.

Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xəyalə Ağayeva “Hüseyn Cavid yaradıcılığında qəhrəmanlıq və vətənpərvərlik ideyalarının folklor qaynaqları, milli identiklik və kollektiv yaddaş kontekstində” mövzusunda məruzə edib. Çıxışda Hüseyn Cavidin “Səyavuş”, “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər” və “Azər” əsərlərində folklor-mifoloji elementlərin bədii funksiyası, qəhrəmanlıq və vətənpərvərlik ideyalarının ifadəsi araşdırılıb. Məruzədə, həmçinin, sənətkarın yaradıcılığında folklor ənənələrinin milli identiklik və kollektiv yaddaşla əlaqəsi Moris Halbvaks, Yan Assman, Vladimir Propp və Cozef Kempbellin nəzəri yanaşmaları əsasında təhlil olunub.