AMEA–TÜBİTAK elmi əməkdaşlığı yeni beynəlxalq layihə ilə genişlənir

AMEA–TÜBİTAK elmi əməkdaşlığı yeni beynəlxalq layihə ilə genişlənir

31 Oktyabr 2026, 23:49 / Mühüm hadisələr

AMEA və Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) birgə həyata keçirdiyi beynəlxalq elmi layihənin təqdimat seminarı Samsun şəhərində keçirilib.

Tədbirdə layihənin məqsəd və vəzifələri, əsas tədqiqat istiqamətləri və nəzərdə tutulan fəaliyyətlər təqdim olunub, tədqiqat qrupunun üzvləri məruzələrlə çıxış edib, elmi müzakirələr aparılıb. Layihə çərçivəsində Azərbaycan-Türkiyə elmi-mədəni əməkdaşlığının inkişaf perspektivləri də diqqət mərkəzində olub.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) əməkdaşlığı çərçivəsində həyata keçirilən “Türkiyə və Azərbaycanda Türk mədəniyyətinin ən qədim izlərinin müəyyənləşdirilməsi” beynəlxalq elmi layihəsi iki ölkənin ortaq tarixi-mədəni irsinin kompleks və müqayisəli şəkildə öyrənilməsinə yönəlib.

İki il müddətinə nəzərdə tutulan layihənin əsas məqsədi Azərbaycan və Türkiyə ərazilərində Türk mədəniyyətinin qədim izlərini müəyyənləşdirmək, mövcud elmi məlumatları sistemləşdirmək, yeni sahə materialları toplamaq və əldə olunan məlumatları müxtəlif elmi istiqamətlər üzrə müqayisəli şəkildə araşdırmaqdır. Layihədə tarix, arxeologiya, etnoqrafiya, coğrafiya və folklorşünaslıq sahələri üzrə yanaşmalar bir-biri ilə əlaqəli şəkildə tətbiq olunur.

Təqdimat seminarı Türkiyənin Samsun şəhərində, Ondokuz Mayıs Universitetinin ev sahibliyi ilə keçirilib. Tədbirdə universitetin alimləri, Türkiyənin müxtəlif ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən mütəxəssislər, eləcə də media nümayəndələri iştirak ediblər.

Seminarda layihənin Türkiyə tərəfdən rəhbəri, Ondokuz Mayıs Universitetinin professoru İbrahim Tellioğlu layihənin məqsədi, vəzifələri, elmi əhəmiyyəti və əsas tədqiqat istiqamətləri barədə ətraflı məlumat verib. O, layihə çərçivəsində mövzu ilə bağlı əvvəlki elmi araşdırmaların sistemləşdiriləcəyini, hər iki ölkənin ərazisində sahə tədqiqatlarının aparılacağını və əldə olunan materialların müqayisəli şəkildə təhlil ediləcəyini bildirib.

İbrahim Tellioğlu iki ölkənin mədəni oxşarlıqlarını və tarixi əlaqələrini müxtəlif elmi istiqamətlər üzrə əhatə edən genişmiqyaslı müqayisəli sahə tədqiqatlarının məhdudluğunun layihənin aktuallığını artırdığını diqqətə çatdırıb.

Daha sonra tədqiqat qrupunun üzvləri layihənin ayrı-ayrı istiqamətləri, nəzərdə tutulan sahə işləri və tədqiqat prosesində qarşıya qoyulan vəzifələr barədə məruzələrlə çıxış ediblər. Məruzələr ətrafında elmi müzakirələr aparılıb, layihənin metodoloji yanaşmaları, maddi və qeyri-maddi mədəni irsin qarşılıqlı əlaqədə öyrənilməsi, eləcə də gələcək tədqiqatların istiqamətləri barədə fikir mübadiləsi keçirilib. Tədbir çərçivəsində iştirakçılara sertifikatlar təqdim olunub.

Layihənin Türkiyə tərəfdən rəhbəri professor İbrahim Tellioğlu ilə yanaşı, tədqiqat qrupuna professor Muhammet Bahadır, dosent Okay Pekşen və Atatürk Universitetinin professoru Yasin Topaloğlu daxildir. Azərbaycan tərəfindən layihəyə AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent İradə Məmmədova rəhbərlik edir. Tədqiqat qrupunun digər üzvü AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, dosent Aynur İbrahimovadır.

Tədbirdə çıxış edən Ondokuz Mayıs Universitetinin rektor müavini, professor Çetin Kurnaz Azərbaycan və Türkiyə arasındakı tarixi-mədəni əlaqələrin elmi tədqiqatlar vasitəsilə araşdırılmasının əhəmiyyətini vurğulayıb. O, ortaq irsin öyrənilməsinin iki ölkə arasında elmi əməkdaşlığın inkişafına töhfə verdiyini qeyd edib.

AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent İradə Məmmədova  Azərbaycan və Anadolu ərazilərində qədim Türk mədəniyyətinin izlərini daşıyan artefaktların müqayisəli araşdırılmasının əhəmiyyətini vurğulayıb.Tədqiqatçının fikrincə, hər iki coğrafiyada aşkar edilən maddi mədəniyyət nümunələrinin kompleks şəkildə öyrənilməsi qədim mədəni əlaqələrin, tarixi-mədəni varislik məsələlərinin və Türk mədəniyyətinin tarixi köklərinin daha dərindən araşdırılmasına imkan yarada bilər.

İradə  Məmmədova Azərbaycan və Anadolu ərazilərindəki qayaüstü təsvirlərdə, qədim simvollarda və sonrakı dövrlərə aid Türk damğalarında müşahidə olunan oxşarlıqların müqayisəli təhlilinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Onun sözlərinə görə, bu nümunələrin tarixi, arxeoloji və etnoqrafik materiallarla qarşılıqlı əlaqədə öyrənilməsi onların mənşəyi, yayılma arealı və mədəni konteksti haqqında daha əsaslandırılmış elmi nəticələrin əldə olunmasına şərait yarada bilər.Dosent İ. Məmmədova, həmçinin sovet dövründə Azərbaycanın demək olar ki, hər bir kəndində mövcud olmuş, üzərində müxtəlif simvollar və işarələr əks etdirilən qoç heykəllərinin bir qisminin dağıdıldığını, digər qisminin isə naməlum istiqamətlərə aparıldığını diqqətə çatdırıb. O, bu cür maddi irs nümunələrinin müəyyənləşdirilməsi, sənədləşdirilməsi və elmi dövriyyəyə daxil edilməsinin vacibliyini vurğulayıb.

AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, dosent Aynur İbrahimova layihənin metodoloji xüsusiyyətlərindən danışarkən qədim Türk mədəniyyətinin izlərinin araşdırılmasının yalnız arxeoloji və maddi mədəniyyət nümunələrinin öyrənilməsi ilə məhdudlaşmadığını bildirib.Onun sözlərinə görə, qədim abidələrin və arxeoloji materialların daha dolğun şərhi üçün xalqın kollektiv yaddaşında qorunan məlumatların, folklor nümunələrinin və ənənəvi dünyagörüşü elementlərinin də araşdırılması zəruridir. Miflər, əfsanələr, rəvayətlər, xalq inancları və mərasim ənənələri qədim maddi irsin semantik qatlarının öyrənilməsi baxımından əhəmiyyətli elmi materialdır.Bu baxımdan, maddi irsdə qorunan izlərlə xalqın canlı yaddaşının qarşılaşdırılması layihənin mühüm tədqiqat istiqamətlərindən birini təşkil edir. Sahə araşdırmaları zamanı qədim yaşayış məskənləri, dağlar, mağaralar, qayalar və digər tarixi-mədəni məkanlarla bağlı rəvayətlərin, inancların, mifoloji təsəvvürlərin, mərasim ənənələrinin və toponimik məlumatların toplanması nəzərdə tutulur. Aynur İbrahimova çıxışında folklorşünaslığın layihədə həm müstəqil tədqiqat istiqaməti, həm də arxeoloji və etnoqrafik materialların şərhi üçün mühüm elmi mənbə kimi əhəmiyyətini vurğulayıb.

Layihə çərçivəsində tədqiqatçılar Türkiyənin elmi və ali təhsil müəssisələrinin nümayəndələri ilə də görüşlər keçiriblər.

Görüşlər zamanı ortaq tarixi-mədəni irsin araşdırılması, elmi təcrübə mübadiləsi, gələcək birgə tədqiqat təşəbbüsləri və institusional əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Tədqiqat qrupu Türk Tarix Qurumunun sədri professor Haluk Selvi, Ordu Universitetinin rektoru professor Orhan Baş, Giresun Universitetinin rektoru professor Yılmaz Can, Yunus Əmrə İnstitutunun rəhbəri professor Selim Argun və Qafqaz Universitetinin rektor müavini professor Selçuk Ural ilə görüşüb.Görüşlərdə Azərbaycan və Türkiyənin tarixi-mədəni irsinin elmi əsaslarla öyrənilməsi, tədqiqat nəticələrinin mübadiləsi və iki ölkənin elmi-tədqiqat müəssisələri arasında əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Layihənin elmi istiqamətləri və gələcək əməkdaşlıq perspektivləri Azərbaycanın Türkiyədəki səfirliyində keçirilən görüşdə də müzakirə olunub.

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov layihə iştirakçılarını qəbul edib. Görüşdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, səfirliyin müşavirləri Müjdat Həsənov və Füzuli Məcidli, habelə layihənin Türkiyə və Azərbaycan tərəflərini təmsil edən alimlər – professor İbrahim Tellioğlu, dosent Okay Pekşen, dosent İradə Məmmədova və dosent Aynur İbrahimova iştirak ediblər.

Görüş zamanı Türkiyədə aparılmış tədqiqatlar, əldə olunan materiallar və layihənin növbəti mərhələlərinin elmi istiqamətləri barədə məlumat verilib. Azərbaycan və Türkiyə arasında elmi-mədəni əlaqələrin genişləndirilməsi, ortaq tarixi-mədəni irsin birgə tədqiqi, eləcə də yeni elmi təşəbbüslərin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Elmi-tədqiqat müəssisələri, ali təhsil ocaqları və mədəniyyət qurumları arasında əlaqələrin inkişaf etdirilməsinin, elmi təcrübə mübadiləsinin və ortaq irsin daha geniş elmi ictimaiyyətə təqdim olunmasının əhəmiyyəti vurğulanıb.

AMEA və TÜBİTAK-ın birgə layihəsi ortaq tarixi-mədəni irsin elmi əsaslarla araşdırılması və tanıdılması ilə yanaşı, Azərbaycan–Türkiyə mədəni diplomatiyasının inkişafı üçün də imkanlar yaradır. Birgə tədqiqatların nəticələrinin beynəlxalq elmi-mədəni müstəvidə təqdim olunması iki ölkə arasında humanitar əlaqələrin möhkəmləndirilməsinə və gələcək əməkdaşlıq təşəbbüslərinin genişləndirilməsinə töhfə verə bilər.