XƏBƏRLƏR
Folklor İnstitutunda bayramların sosial həmrəyliyə təsiri təhlil olunub
AMEA Folklor İnstitutunun Folklor nəzəriyyəsi şöbəsində elmi seminar keçirilib. Seminarda şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucovun “Sosial aspektdən dini bayramların nəzəri əsaslarının tədqiqi” mövzusunda məruzəsi dinlənilib.
Məruzədə dini bayramların cəmiyyətdə sosial həmrəyliyin möhkəmləndirilməsi, kollektiv şüurun formalaşması, mənəvi dəyərlərin və mədəni kimliyin nəsildən-nəslə ötürülməsindəki rolu sosioloji nəzəriyyələr əsasında təhlil olunub.
Tahir Orucov fransız sosioloqu Emil Dürkheymin “Dini həyatın ibtidai formaları” əsərində dini ritualların sosial həmrəyliyə təsiri ilə bağlı yanaşmasını diqqətə çatdırıb. Həmçinin Bronislav Malinovski və Talkott Parsonsun funksionalist nəzəriyyələri, Maks Veberin dinin sosial fəaliyyətə təsiri ilə bağlı fikirləri nəzərdən keçirilib. Bildirilib ki, dini bayramlar insanları ümumi dəyərlər ətrafında birləşdirir, qarşılıqlı yardımlaşmanı gücləndirir, ailədaxili münasibətlərin bərpasına və sosial etimadın möhkəmlənməsinə şərait yaradır.
Məruzənin ayrıca hissəsi sovet hakimiyyəti dövründə dini bayramlara münasibətə həsr olunub. Qeyd edilib ki, 1917-ci ildə Rusiyada Bolşevik hakimiyyətinin qurulmasından sonra dinə qarşı ideoloji mübarizə güclənib. 1918-ci il yanvarın 23-də qəbul edilmiş kilsənin dövlətdən və məktəbin kilsədən ayrılmasına dair dekret dini qurumların hüquqi və mülkiyyət imkanlarını məhdudlaşdıran tədbirlərdən biri olub. Azərbaycanda 1920-ci ildə sovet hakimiyyətinin qurulmasından sonra da dinə qarşı məhdudlaşdırıcı siyasət həyata keçirilib.
Məruzəçi 1920–1950-ci illərdə dini ənənələrə qarşı təbliğat və repressiv tədbirlərin təsirindən bəhs edərək Ramazan və Qurban bayramlarının bu təzyiqlərə baxmayaraq, Azərbaycan xalqı tərəfindən qorunub saxlanıldığını vurğulayıb. Bir sıra dini ayin və adətlər evlərdə, ailə daxilində yaşadılaraq nəsildən-nəslə ötürülüb.
Seminarda dini bayramların yalnız dini məzmun daşımadığı, eyni zamanda kollektiv yaddaşın, milli-mədəni kimliyin və sosial həmrəyliyin qorunmasında mühüm rol oynadığı qeyd olunub.

