Folklor İnstitutunda Novruzun Azərbaycan ədəbiyyatında ritual-mifoloji semantikası müzakirə olunub

Folklor İnstitutunda Novruzun Azərbaycan ədəbiyyatında ritual-mifoloji semantikası müzakirə olunub

30 Oktyabr 2026, 12:16 / Konfranslar, İclaslar

AMEA Folklor İnstitutunun Mifologiya şöbəsində elmi seminar keçirilib. Seminarda şöbə əməkdaşları ilə yanaşı, Folklor və yazılı ədəbiyyat şöbəsinin əməkdaşları da iştirak ediblər.

Elmi seminarda Mifologiya şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Roma qızı Nəsibova “Azərbaycan ədəbiyyatında Novruzun ritual-mifoloji semantikası və bədii təcəssüm formaları” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə Azərbaycan xalqının qədim milli-mənəvi dəyərlərindən biri olan Novruz bayramının Azərbaycan ədəbiyyatında əks olunması, mifoloji kökləri, ritual-mərasim xüsusiyyətləri və müxtəlif tarixi dövrlərdə qazandığı bədii-fəlsəfi mənalar elmi-nəzəri baxımdan araşdırılıb.

Novruz bayramı yalnız yazın gəlişini və təbiətin oyanışını ifadə edən mövsüm mərasimi kimi deyil, həm də xalqın tarixi yaddaşını, milli kimliyini və mənəvi dəyərlərini yaşadan mühüm etnomədəni hadisə kimi dəyərləndirilib. Bayramın qədim mifoloji-kosmoqonik təsəvvürlərlə əlaqəsi, su, od, yel və torpaq ünsürlərinin simvolik mənaları, eləcə də ağac kultunun Novruz ənənələrindəki yeri təhlil edilib.
Novruz motivlərinin klassik Azərbaycan ədəbiyyatındakı təzahürləri Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai və Məhəmməd Füzulinin yaradıcılığı əsasında şərh olunub. “Bahariyyə” və “Novruziyə” ənənələrinin dirçəliş, ilahi yaradılış, eşq və mənəvi kamillik ideyaları ilə əlaqəsi göstərilib.

Molla Pənah Vaqif, Aşıq Ələsgər, Əhməd Cavad, Məhəmmədhüseyn Şəhriyar, Səməd Vurğun və digər sənətkarların yaradıcılığı əsasında Novruz mövzusunun sonrakı dövrlərdəki inkişafı nəzərdən keçirilib. Sovet dövründə mövcud məhdudiyyətlərə baxmayaraq, bayramın milli-mənəvi yaddaşda və bədii ədəbiyyatda yaşadıldığı vurğulanıb, Novruz bayramının Azərbaycan ədəbiyyatında müxtəlif poetik formalarda təzahür edərək xalqın milli kimliyinin, mənəvi bütövlüyünün və mədəni varisliyinin qorunmasında mühüm rol oynadığı müəyyənləşdirilib.

Seminarın sonunda məruzə ətrafında müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.