XƏBƏRLƏR
“Hikmət Quliyev: Qərbi Azərbaycan folkloru tarixi yaddaşın və milli mənsubiyyətin ifadəsidir”
28 oktyabr 2026-cı il tarixində Göyçay şəhərində AMEA Folklor İnstitutu, Qərbi Azərbaycan İcması və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildinin təqdimat mərasimi keçirilib.
Tədbirdə AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev “Qərbi Azərbaycan folkloru: milli kimliyin kodları və mədəni özünəməxsusluq” mövzusunda məruzə ilə çıxış edib.
Hikmət Quliyev çıxışında 2022-ci ildən nəşrinə başlanılmış “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin elmi-konseptual istiqamətindən, qarşıya qoyduğu məqsədlərdən və milli-mədəni yaddaşın öyrənilməsindəki əhəmiyyətindən bəhs edib. Bildirib ki, çoxcildliyin əsas məqsədi Qərbi azərbaycanlıların yaddaşında qorunub saxlanılan folklor nümunələrini toplamaq, sistemləşdirmək, sənədləşdirmək və elmi dövriyyəyə daxil etməkdir.
İnstitut direktoru vurğulayıb ki, Qərbi Azərbaycan folklorunun öyrənilməsi yalnız şifahi xalq ədəbiyyatı nümunələrinin toplanması və nəşri ilə məhdudlaşmır. Bu irs xalqın tarixi təcrübəsini, dünyagörüşünü, məkan təsəvvürlərini, milli kimliyini və mədəni özünəməxsusluğunu araşdırmaq üçün mühüm elmi mənbədir. Folklor mətnlərində qorunan yer adları, inanclar, mərasimlər, ənənələr və xatirələr doğma yurdla bağlılığın nəsillər boyunca ötürülən mənəvi ifadələridir.
Məruzədə məkan, məna və cəmiyyət münasibətlərinə xüsusi diqqət yetirən Hikmət Quliyev toponimlərin kollektiv yaddaşın qorunmasında mühüm rol oynadığını qeyd edib. Onun sözlərinə görə, Göyçə, İrəvan, Dərələyəz və digər tarixi məkan adları Qərbi azərbaycanlıların yaddaşında sadəcə coğrafi göstəricilər kimi deyil, tarixi təcrübəni, mənəvi bağlılığı və mədəni mənsubiyyəti özündə birləşdirən yaddaş işarələri kimi yaşayır. Bu baxımdan folklor doğma məkanın yalnız fiziki deyil, həm də mənəvi və simvolik varlığını qoruyan mühüm vasitədir.
Hikmət Quliyev qeyd edib ki, Qərbi azərbaycanlıların tarixi torpaqlarından deportasiyasından uzun müddət keçməsinə baxmayaraq, doğma yurda bağlılıq, vətən həsrəti və məkanla əlaqəli xatirələr kollektiv yaddaşda yaşamaqda, nəsildən-nəslə ötürülməkdə davam edir. Folklor nümunələri bu yaddaşın məzmununu, ifadə formalarını və davamlılıq mexanizmlərini öyrənmək baxımından xüsusi əhəmiyyət daşıyır.
Sonda vurğulanıb ki, “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin nəşri yalnız zəngin şifahi irsin toplanması və qorunması deyil, həm də xalqın tarixi yaddaşının, milli kimliyinin və doğma yurda mənəvi bağlılığının elmi əsaslarla gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

















