Ərdəbil nağıllarında ənənəvi formulların bədii funksiyaları araşdırılıb

Ərdəbil nağıllarında ənənəvi formulların bədii funksiyaları araşdırılıb

29 Oktyabr 2026, 15:57 / Konfranslar, İclaslar

AMEA Folklor İnstitutunun Cənubi Azərbaycan folkloru şöbəsində elmi seminar keçirilib. Seminarda şöbə əməkdaşları ilə yanaşı, Folklor və yazılı ədəbiyyat şöbəsinin əməkdaşları da iştirak ediblər.
Elmi seminarda şöbənin böyük elmi işçisi Səbuhi Bədəlovun “Güney Azərbaycan folklorunda ənənəvi formullar (Ərdəbil nağılları əsasında)” mövzusunda məruzəsi dinlənilib. Məruzədə ənənəvi formulların folklorşünaslıq baxımından mahiyyəti, nağıl mətnlərinin strukturunda yeri və bədii funksiyaları araşdırılıb. Bildirilib ki, nağılların başlanğıcında, hadisələrin inkişafında, qəhrəmanların nitqində və sonluğunda işlənən sabit ifadələr şifahi ənənənin qorunub saxlanılmasında mühüm rol oynayır.

Səbuhi Bədəlov Ərdəbil nağıllarında işlənən ənənəvi formulların regional xüsusiyyətlərindən bəhs edib. Qeyd olunub ki, qəlibləşmiş ifadələr nağılın kompozisiya bütövlüyünü qorumağa, hadisələrin ardıcıllığını təmin etməyə, dinləyicinin diqqətini cəlb etməyə və mətnin emosional təsirini gücləndirməyə xidmət edir.

Məruzədə ənənəvi formulların təsnifatı, mətn daxilində işlənmə mövqeyi, semantik məzmunu və üslubi funksiyaları diqqətə çatdırılıb. Həmçinin Ərdəbil nağıllarındakı formul nümunələrinin Azərbaycan nağıllarının digər regional variantları ilə müqayisəli şəkildə öyrənilməsinin ortaq bədii xüsusiyyətləri və yerli fərqləri müəyyənləşdirmək baxımından əhəmiyyəti vurğulanıb.

Sonda ənənəvi formulların araşdırılmasının Güney Azərbaycan nağıl ənənəsinin poetik xüsusiyyətlərinin, kollektiv yaddaşın və şifahi ötürülmə mexanizmlərinin öyrənilməsi baxımından əhəmiyyəti qeyd olunub.

Seminar iştirakçıların mövzu ilə bağlı fikir mübadiləsi ilə yekunlaşıb.