Əməkdaşlarımız “İraq türkmanları və Türk dünyası: Tarixi yaddaşın bərpası” mövzusunda beynəlxalq konfransda iştirak ediblər

Əməkdaşlarımız “İraq türkmanları və Türk dünyası: Tarixi yaddaşın bərpası” mövzusunda beynəlxalq konfransda iştirak ediblər

01 Noyabr 2023, 14:53 / Mühüm hadisələr

Oktyabrın 30-da Bakıda “İraq türkmanları və Türk dünyası: Tarixi yaddaşın bərpası” mövzusunda beynəlxalq konfrans keçirilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanla yanaşı, İraq, Niderland, Almaniya və Türkiyədən gələn tanınmış ictimai xadimlər, media və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbirin plenar iclasında konfrans çərçivəsində Türk dünyası ölkələrinin bir-birinə daha da yaxınlaşması, eyni irsin, dilin, ədəbiyyatın tədqiq olunması, gələcək əməkdaşlıqların qurulması istiqamətində aparılacaq müzakirələrin, müxtəlif dövlət qurumları ilə görüşlərin, təqdimatların Türk dünyasına töhfə verəcəyi vurğulanıb.

Konfransın “Azərbaycan və İraq türkmanları arasında mədəni əlaqələr: Dünən, bu gün, sabah”, “İraq türkmanlarının Türk dünyasında yeri: Azərbaycanın və Türkiyənin nümunəsində”, “İraq türkmanları bu gün”, “İraq türkmanlarının mədəni-mənəvi irsi və Azərbaycan”, “İraq türkmanlarının söz sənəti ümumtürk ədəbiyyatının nümunəsi kimi”, “İraq türkmanlarının mətbuatı və Azərbaycan: Gələcəyə baxış” mövzularında keçirilən 6 bölmə iclasında 30-a yaxın məruzə dinlənilib.

Sözügedən konfransda AMEA Folklor İnstitutu icraçı direktor, fil.ü.f.d., dos. Afaq Ramazanova, Türk xalqları folkloru şöbəsinin müdiri, fil.e.d., prof. Əfzələddin Əsgərov, həmin şöbənin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Səkinə Qaybalıyeva, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Əli Şamil və Təhsil şöbəsinin müdiri, fil.ü.f.d., dos. Ləman Süleymanovadan ibarət heyətlə təmsil olunub.

Konfransın “İraq türkmanları bu gün” bölməsində prof. Əfzələddin Əsgərovun “Böyük türkmanlardan İraq türkmanlarına doğru etnogenez prosesi”, “İraq türkmanlarının söz sənəti ümumtürk ədəbiyyatının nümunəsi kimi” bölməsində isə dos. Səkinə Qaybalıyevanın “İraq-türkman ziyalılarının yaradıcılığında Azərbaycan” və dos. Ləman Süleymanovanın “Azərbaycan bayatıları və İraq türkmanlarının xoyratları” mövzularında məruzələri dinlənilib.