Folklor İnstitutunda Güney Azərbaycan folklorunda mərasimlərin spesifikası müzakirə olunub

Folklor İnstitutunda Güney Azərbaycan folklorunda mərasimlərin spesifikası müzakirə olunub

29 Oktyabr 2026, 15:03 / Konfranslar, İclaslar

AMEA Folklor İnstitutunun Cənubi Azərbaycan folkloru şöbəsində elmi seminar keçirilib. Seminarda şöbənin böyük elmi işçisi Lalə Bədirovanın “Güney Azərbaycan folklorunda Aşura mərasimləri” mövzusunda məruzəsi dinlənilib.

Məruzədə Güney Azərbaycanda Aşura mərasimlərinin tarixi, folklor xüsusiyyətləri və yerli icra formaları haqqında məlumat verilib. Qeyd olunub ki, Kərbəla hadisəsi ilə bağlı formalaşan bu mərasimlər dini-mənəvi təsəvvürlərlə yanaşı, xalqın tarixi yaddaşını, şifahi yaradıcılıq nümunələrini və ənənələrin nəsildən-nəslə ötürülməsi prosesini də əks etdirir.

Lalə Bədirova Təbriz, Ərdəbil, Zəncan, İsfahan və digər bölgələrdə yaşadılan Aşura ənənələrindən bəhs edib. Sinəvurma, zəncir vurma, Şahsey (Şaxsey) ayini, ələm gəzdirmə, nəzir şamlarının yandırılması, Qasım toyu, şir çıxarma və pülkə mərasimlərinin səciyyəvi xüsusiyyətlərinə toxunub.

Məruzədə Təbrizdə keçirilən şir çıxarma ayini və Əcəbişirin Şişvan (Şavan) kəndində yaşadılan pülkə mərasimi ayrıca nəzərdən keçirilib. Həmçinin Qasım toyu mərasiminin dini matəm ənənələri ilə xalq teatrı elementləri arasındakı əlaqəni əks etdirdiyi vurğulanıb. Lalə Bədirova uşaqların və böyüklərin iştirak etdiyi “Kiçik Pülkə” və “Böyük Pülkə” mərasimlərindən də bəhs edib. Qeyd edilib ki, bu mərasimlər ənənənin müxtəlif yaş qrupları arasında yaşadıldığını göstərir.

Çıxışda mərsiyə, növhə və ağıların Aşura mərasimlərinin mühüm tərkib hissəsi olduğu bildirilib. Bu şifahi yaradıcılıq nümunələrinin Kərbəla hadisəsinin xalq yaddaşında yaşadılmasında və dini-mənəvi dəyərlərin nəsillərə ötürülməsində rolu diqqətə çatdırılıb.
Sonda Güney Azərbaycan Aşura mərasimlərinin sistemli şəkildə araşdırılmasının və sənədləşdirilməsinin vacibliyi qeyd olunub.

Mərasimlərin audio-video yazılarının hazırlanması, yerli rəvayətlərin, mərsiyə və növhələrin toplanması, eləcə də mərasim atributlarının arxivləşdirilməsi bu folklor irsinin qorunması baxımından mühüm istiqamətlər kimi göstərilib.
Seminar mövzu ətrafında müzakirələrlə davam edib.