XƏBƏRLƏR
Folklor İnstitutunda paremioloji vahidlərin freym nəzəriyyəsi əsasında tədqiqi müzakirə olunub
AMEA Folklor İnstitutunun Folklor nəzəriyyəsi şöbəsində elmi seminar keçirilib. Seminarda şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Çiçək Əfəndiyevanın “Paremioloji vahidlərin konstruktiv tədqiqində freym nəzəriyyəsi” mövzusunda məruzəsi dinlənilib.
Məruzədə koqnitiv linqvistikanın əsas anlayışlarından olan freym nəzəriyyəsi və onun Azərbaycan paremioloji vahidlərinin, xüsusilə atalar sözləri və zərbi-məsəllərin tədqiqində tətbiqi məsələləri araşdırılıb. Qeyd olunub ki, koqnitiv linqvistika dil, düşüncə və insan təcrübəsi arasındakı əlaqələri öyrənir. Bu baxımdan atalar sözləri və məsəllərin konseptual-freym təhlili onların məna xüsusiyyətlərini, ifadə etdiyi bilikləri və xalqın gerçəklik haqqında təsəvvürlərini müəyyənləşdirməyə imkan verir.
Çiçək Əfəndiyeva məruzəsində freym və konsept anlayışlarını izah edib, bu anlayışların qarşılıqlı əlaqəsindən bəhs edib. Bildirilib ki, freym insanın və cəmiyyətin həyatının müxtəlif sahələrinə dair biliklərin müəyyən quruluşda təqdim olunmasıdır. Atalar sözləri və məsəllərin mənasının düzgün anlaşılması isə yalnız onların hərfi məzmunundan deyil, həm də istifadə olunduğu nitq situasiyasından, danışanın niyyətindən və dinləyicinin əvvəlki bilik və təcrübəsindən asılıdır.
Tədqiqat zamanı Azərbaycan atalar sözləri və zərbi-məsəlləri məna xüsusiyyətlərinə görə beş tematik qrupa ayrılıb: insan və həyat hadisələri, insan və cəmiyyət, insan şəxsiyyət kimi, insan həyatında Allah, insan həyatında sözün dəyərliliyi. Bu qruplar çərçivəsində həyat, tale, ailə, zaman, zəhmətsevərlik, qarşılıqlı münasibətlər, ağıl və ağılsızlıq, ədəblilik və digər anlayışları əhatə edən freymlər müəyyənləşdirilib.
Məruzədə paremioloji vahidlərin səthi və dərin məna səviyyələri də nəzərdən keçirilib. Qeyd olunub ki, heyvanlar, bitkilər və təbiət hadisələri ilə bağlı obrazlar bir sıra atalar sözləri və məsəllərdə səthi səviyyədə ifadə olunsa da, onların dərin mənasında insan həyatına və davranışına aid biliklər dayanır. Tədqiqatın nəticələrinə əsasən, araşdırılan Azərbaycan paremioloji vahidlərinin 90 faizinin insan həyatının müxtəlif sahələri ilə bağlı olduğu bildirilib.
Sonda Azərbaycan atalar sözləri və məsəllərinin toplanması, akademik nəşrinin metodlarının təkmilləşdirilməsi və elmi tədqiqi istiqamətində qarşıda duran məsələlərə diqqət çəkilib.

