“Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər” mövzusunda II Respublika elmi konfransının materialları nəşr olunub

“Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər” mövzusunda II Respublika elmi konfransının materialları nəşr olunub

27 Oktyabr 2026, 12:25 / Nəşrlər

AMEA Folklor İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər” mövzusunda II Respublika elmi konfransının materialları kitab şəklində nəşr olunub.

Elm və təhsil” nəşriyyatında çapdan çıxan 400 səhifəlik topluda konfransın plenar iclasında təqdim olunan çıxışlarla yanaşı, 103 elmi məruzə yer alıb. Məqalələrdə Qərbi Azərbaycan folklorunun müxtəlif janr və istiqamətləri, mərasim və mifoloji ənənələr, ozan-aşıq sənəti, xalq poeziyası, dialekt və şivələr, toponimika, tarixi yaddaş, milli kimlik və mədəni irs məsələləri araşdırılıb.

Nəşrdə, həmçinin Qərbi Azərbaycan folklor nümunələrinin toplanması və nəşri, folklor mətnlərinin tədris prosesində istifadəsi, yurd itkisi və vətən həsrətinin şifahi ənənədə ifadəsi, kollektiv yaddaşın qorunması, eləcə də süni intellektin Qərbi Azərbaycan mövzusunun tədqiqində tətbiqi imkanları ilə bağlı araşdırmalar təqdim olunub. Məqalələr folklorşünaslıq, tarix, dilçilik, ədəbiyyatşünaslıq və mədəniyyət araşdırmalarının müxtəlif istiqamətlərini əhatə edir.

Kitab Qərbi Azərbaycan folklorunun elmi əsaslarla öyrənilməsi, bölgənin zəngin şifahi irsinin sistemləşdirilməsi və bu sahədə aparılan tədqiqatların nəticələrinin elmi ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətli nəşrlərdəndir.

Qeyd edək ki, AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə çap olunan kitabın elmi redaktoru AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev, tərtibçiləri isə filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Hüseynqızı-Əmirli və Səadət İbrahimlidir.