XƏBƏRLƏR
Folklor İnstitutunun zəngin nəşr irsi 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində
AMEA Folklor İnstitutunun rəhbərliyi və əməkdaşları Bakı Ekspo Mərkəzində keçirilən 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində iştirak ediblər.
Sərgidə Folklor İnstitutunun 2005–2026-cı illərdə apardığı elmi tədqiqatların, folklor toplama və sahə araşdırmalarının nəticələrini əks etdirən kitablar, monoqrafiyalar və dövri nəşrlər təqdim olunur.
Nəşrlər sırasında “Azsaylı xalqların folkloru” seriyasından olan səkkizcildlik, Qərbi Azərbaycan folkloruna həsr edilmiş altıcildlik, "Güney Azərbaycan folkloru" seriyasından on səkkizcildlik, “Dədə Qorqud” mövzusunda tədqiqatlar, ilkin mənbələrin transkripsiyası, atalar sözləri və digər folklor janrlarına dair kitablar yer alır. Bu nəşrlərdə Azərbaycanın müxtəlif bölgələrindən toplanmış folklor nümunələri, o cümlədən Qərbi Azərbaycandan olan soydaşlarımızın yaddaşında qorunub saxlanılan folklor irsi öz əksini tapır. Sərgidə, həmçinin “Usta söyləyicilərin repertuarı” seriyasından olan kitablar, ayrı-ayrı alimlərin Azərbaycanda və xaricdə nəşr edilmiş monoqrafiyaları, eləcə də “Dədə Qorqud” və “Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” jurnalları nümayiş olunur.
Təqdim edilən nəşrlər Azərbaycan folklorunun toplanması, sistemləşdirilməsi, nəşri və elmi tədqiqi istiqamətində görülən işləri, milli-mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində İnstitutun fəaliyyətini əks etdirir.
Qeyd edək ki, 12-ci Bakı Beynəlxalq Kitab Sərgisi oktyabrın 27-dək davam edəcək. Ziyarətçilər sərgi müddətində Folklor İnstitutunun nəşrləri ilə tanış ola bilərlər.








