XƏBƏRLƏR
Hikmət Quliyev: “Rəqəmsal dövrdə ideoloji təhlükəsizlik xüsusi əhəmiyyət daşıyır”
Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Müşavirədə çıxış edən AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayının Azərbaycanın ictimai-siyasi həyatında mühüm tarixi hadisə olduğunu vurğulayıb. Qeyd edib ki, dövlət başçısının da diqqətə çatdırdığı kimi, Qurultay Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunduğu, ölkəmizin öz taleyini müstəqil şəkildə müəyyənləşdirdiyi yeni tarixi mərhələdə keçirilir.
Hikmət Quliyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi xətt Azərbaycanın dövlətçilik tarixində mühüm dönüş yaradıb. Bu siyasət ölkədə siyasi sabitliyin təmin olunmasına, iqtisadi inkişafın sürətlənməsinə, müdafiə qabiliyyətinin gücləndirilməsinə və Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsinə zəmin yaradıb. Natiq xatırladıb ki, 1992–1993-cü illərdə ölkədə hökm sürən xaos, siyasi qeyri-sabitlik və mərkəzi hakimiyyətin zəifliyi dövlət müstəqilliyini və ölkənin gələcəyini ciddi təhlükə qarşısında qoymuşdu. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlətçiliyin möhkəmləndirilməsi, sabitliyin bərpası və müxtəlif sahələrdə köklü islahatların həyata keçirilməsi istiqamətində ardıcıl addımlar atıldı.
Hikmət Quliyevin sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfərin və Azərbaycanın suverenliyinin tam bərpasının siyasi-strateji əsasları məhz Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik kursuna söykənir. Bu gün Azərbaycan xalqı öz tarixi qələbələri ilə qürur duyan, milli iradəsini nümayiş etdirən və gələcəyini özü müəyyənləşdirən xalqdır. Dövlətimizin heç bir xarici qüvvədən asılı olmadan müstəqil siyasət yürütməsi, milli maraqlarını qətiyyətlə müdafiə etməsi bu siyasi kursun mühüm nəticələrindəndir.
Natiq vurğulayıb ki, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışına yalnız mövcud vəziyyətin siyasi qiymətləndirilməsi kimi deyil, həm də keçmişin təcrübəsindən nəticə çıxarmaq, əldə olunmuş nailiyyətləri dəyərləndirmək və gələcək inkişafın strateji istiqamətlərini müəyyənləşdirmək baxımından yanaşmaq lazımdır. Çıxışda dövlətçiliyin möhkəmləndirilməsi ilə yanaşı, müasir dövrün yeni təhlükəsizlik çağırışlarına hazır olmaq, cəmiyyətin ideoloji dayanıqlılığını artırmaq və milli maraqların qorunmasını dəyişən informasiya mühitinin tələblərinə uyğun təşkil etmək məsələləri də xüsusi əhəmiyyət daşıyır.
Hikmət Quliyev qeyd edib ki, müasir şəraitdə milli təhlükəsizlik anlayışı yalnız ərazi bütövlüyünün, sərhədlərin və fiziki məkanın qorunması ilə məhdudlaşmır. İnformasiya texnologiyalarının sürətli inkişafı, rəqəmsal kommunikasiya vasitələrinin geniş yayılması və süni intellektin ictimai həyata artan təsiri ideoloji təhlükəsizliyi də strateji prioritetlərdən birinə çevirir. Bu baxımdan, cəmiyyətin yad ideoloji təsirlərə, dezinformasiyaya və məqsədyönlü informasiya manipulyasiyalarına qarşı dayanıqlılığının gücləndirilməsi xüsusi aktuallıq kəsb edir.
Çıxışda ideoloji təhlükəsizliyin təmin olunmasında təhsilin, biliyin və tənqidi düşüncənin rolu önə çəkilib. Bildirilib ki, informasiya bolluğu şəraitində insanın yalnız məlumat əldə etməsi kifayət deyil; o, həmin məlumatı təhlil etməyi, etibarlı mənbəni müəyyənləşdirməyi, həqiqətlə yalanı və yanlış informasiyanı fərqləndirməyi, manipulyativ məzmunun məqsədini dərk etməyi də bacarmalıdır. Buna görə də rəqəmsal və media savadlılığının artırılması, kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması və gənclərdə müstəqil təhlil bacarıqlarının inkişaf etdirilməsi ideoloji təhlükəsizliyin mühüm şərtlərindəndir.
Hikmət Quliyev diqqətə çatdırıb ki, müasir dövrdə ideoloji işin səmərəliliyi onun məzmununun və kommunikasiya üsullarının yenilənməsindən birbaşa asılıdır. Ənənəvi təbliğat mexanizmləri yeni informasiya mühitinin xüsusiyyətləri, insanların, xüsusilə gənclərin kommunikasiya vərdişləri və rəqəmsal platformaların təsir imkanları nəzərə alınmaqla təkmilləşdirilməlidir. İdeoloji fəaliyyət formal tədbirlərin keçirilməsi ilə məhdudlaşmamalı, cəmiyyətin real ehtiyaclarına cavab verməli, insanlarla səmərəli ünsiyyətə, inandırıcı məzmuna və milli maraqların şüurlu şəkildə dərk olunmasına əsaslanmalıdır.
Natiq milli-mənəvi dəyərlərin, tarixi yaddaşın və milli kimliyin qorunmasını ideoloji təhlükəsizliyin fundamental dayaqları kimi səciyyələndirib. Vurğulayıb ki, vətənpərvərlik yalnız keçmiş qələbələrlə qürur duymaq deyil, həm də dövlətçilik məsuliyyətini dərk etmək, milli maraqlara həssas yanaşmaq və ölkənin gələcəyinin qurulmasında fəal iştirak etməkdir. Gənc nəslin müasir bilik və texnologiyalara yiyələnməsi ilə yanaşı, milli-mənəvi dəyərlərə bağlılığının və tarixi yaddaşla əlaqəsinin qorunması davamlı inkişafın mühüm şərtidir.
Hikmət Quliyev rəqəmsallaşma və süni intellekt sahəsində həyata keçirilən dövlət siyasətinin əhəmiyyətinə də toxunub. Qeyd edib ki, Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsi və süni intellekt texnologiyalarının tətbiqi istiqamətində müəyyənləşdirilən prioritetlər ölkənin texnoloji potensialının artırılması və müasir çağırışlara uyğun inkişafının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu kontekstdə Rəqəmsal İnkişaf Şurasının Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sədrliyi ilə fəaliyyətinə də diqqət çəkilib.
Bildirilib ki, texnoloji inkişafın əsas məqsədi yalnız yeni rəqəmsal vasitələrdən istifadə edən cəmiyyət formalaşdırmaq deyil, həm də həmin vasitələrin imkanlarını və risklərini dərk edən, şəxsi və ictimai informasiya təhlükəsizliyinə məsuliyyətlə yanaşan, rəqəmsal mühitdə təhlükəsiz davranış qaydalarına əməl edən və informasiya manipulyasiyalarına qarşı tənqidi mövqe nümayiş etdirən vətəndaşlar yetişdirməkdir. Bu istiqamətdə təhsil müəssisələrinin, ailələrin, ziyalıların, alimlərin və bütövlükdə cəmiyyətin üzərinə mühüm vəzifələr düşür. Rəqəmsal və media savadlılığının tədris prosesində inkişaf etdirilməsi, ailədə milli-mənəvi dəyərlərin aşılanması, elmi-intellektual mühitdə müasir çağırışların müzakirəsi və dövlətlə cəmiyyət arasında etibarlı kommunikasiyanın qurulması ideoloji təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir.
Sonda Hikmət Quliyev vurğulayıb ki, fiziki, ideoloji və kibertəhlükəsizlik vahid milli təhlükəsizlik sisteminin bir-birini tamamlayan istiqamətləridir. Azərbaycanın gələcək inkişafı dövlətçilik ənənələrinin qorunmasını, milli maraqların ardıcıl müdafiəsini, yeni texnoloji imkanlardan səmərəli istifadəni və cəmiyyətin informasiya təsirlərinə qarşı dayanıqlılığının artırılmasını tələb edir. Bu vəzifələrin sistemli şəkildə həyata keçirilməsi dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, milli-mənəvi dəyərlərin və tarixi yaddaşın qorunmasına, müasir biliklərə yiyələnən, eyni zamanda milli kimliyinə bağlı yeni nəslin formalaşmasına mühüm töhfə verəcəkdir.




