Folklor İnstitutunda “Sədnik Pirsultanlının yaradıcılığında qadın aşıqlar” mövzusunda elmi seminar keçirilib

Folklor İnstitutunda “Sədnik Pirsultanlının yaradıcılığında qadın aşıqlar” mövzusunda elmi seminar keçirilib

23 Oktyabr 2026, 15:45 / Konfranslar, İclaslar

AMEA Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsində elmi seminar keçirilib. Seminarda filologiya üzrə fəlsəfə doktoru Sahibə Paşayevanın “Sədnik Pirsultanlının yaradıcılığında qadın aşıqlar” mövzusunda elmi seminarı keçirilib.

Seminarda Azərbaycan aşıq sənətində qadın aşıqların yeri və rolu, onların ədəbi irsinin toplanması və tədqiqi məsələləri müzakirə olunub. Məruzədə folklorşünas alim Sədnik Pirsultanlının qadın aşıqların həyat və yaradıcılığının araşdırılması, onların əsərlərinin toplanaraq nəşr edilməsi istiqamətində gördüyü işlərdən bəhs edilib.

Bildirilib ki, Sədnik Pirsultanlı Şamama Bəyim, Gəncəli Məhbub xanım, Aşıq Bəsti, Aşıq Nabat, Aşıq Həmayıl, Aşıq Pəri, Narınc Xatun və Aşıq Cəvahir kimi sənətkarların yaradıcılığına müraciət edərək onların həyat yolu və ədəbi irsinin öyrənilməsinə xüsusi diqqət yetirib. Alimin araşdırmalarında qadın aşıqların şeirləri, saz havalarının ifaçılığı, dastan ənənəsi və yaşadıqları dövrün ictimai münasibətlərinin yaradıcılıqlarında əksi məsələləri diqqətə çatdırılıb.

Aşıq Nabatın həyat və yaradıcılığına həsr olunan hissədə onun həm peşəkar ifaçı, həm də aşıq sənətinin daşıyıcısı kimi fəaliyyəti vurğulanıb. Sədnik Pirsultanlının 1984-cü ildə Aşıq Nabatla görüşü zamanı onun repertuarından topladığı nümunələr, eləcə də aşığın ifaçılıq xüsusiyyətləri haqqında məlumat verilib. Alimin 2012-ci ildə nəşr olunan “Əldə xına, gözdə yaş” kitabında Aşıq Nabatın tərcümeyi-halı, şeirləri və “Nabat və Musa” dastanının yer aldığı bildirilib.

Sahibə Paşayeva məruzəsində Sədnik Pirsultanlının araşdırmalarının yalnız ayrı-ayrı sənətkarların həyat və yaradıcılığı haqqında məlumatların toplanması ilə məhdudlaşmadığını, eyni zamanda onların şeirlərinin, ifaçılıq ənənələrinin və sənət xüsusiyyətlərinin öyrənilməsinə yönəldiyini vurğulayıb. Qadın aşıqların yaradıcılığının tədqiqi Azərbaycan aşıq sənətinin tarixi və poetik zənginliyinin daha dolğun öyrənilməsinə imkan verən istiqamətlərdən biri kimi dəyərləndirilib.

Seminar mövzu ətrafında fikir mübadiləsi və iştirakçıların suallarının cavablandırılması ilə başa çatıb.