Folklor İnstitutunun alimləri “Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı” mövzusunda tədbirdə iştirak ediblər

Folklor İnstitutunun alimləri “Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı” mövzusunda tədbirdə iştirak ediblər

23 Oktyabr 2026, 15:12 / Konfranslar, İclaslar

2026-cı il oktyabrın 23-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı və Qərbi Azərbaycan İcmasının Səbail rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan – milli yaddaşımızın ünvanı” mövzusunda tədbir keçirilib.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsinin müdiri, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli və şöbənin aparıcı elmi işçisi, Qərbi Azərbaycan İcmasının Səbail rayon nümayəndəsi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev iştirak ediblər.

Tədbirdə çıxış edən Əziz Ələkbərli İcmanın əsas vəzifələrindən birinin soydaşlarımızı tarixi torpaqlarına qayıdış ideyası ətrafında birləşdirmək, Qərbi Azərbaycanın tarixi, coğrafiyası və mədəni irsi ilə bağlı həqiqətləri araşdırmaq, sənədləşdirmək və dünya ictimaiyyətinə çatdırmaq olduğunu bildirib. O, İcmanın fəaliyyəti nəticəsində qayıdış məsələsinin ümummilli ideya səviyyəsinə yüksəldiyini qeyd edib.

Ə. Ələkbərli təşkilatın rayon və kənd icmalarının fəaliyyətindən, elmi-tədqiqat işlərindən, beynəlxalq əməkdaşlıqdan və Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq təşkilatların sənədlərində əks olunması istiqamətində görülən işlərdən bəhs edib. O, ali təhsil müəssisələrində yaradılan Qərbi Azərbaycan araşdırma mərkəzlərinin gənc nəslin tarixi biliklərinin artırılması və qayıdış ideyasının gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətini vurğulayıb.

İcma sədri Qərbi Azərbaycana qayıdış məsələsinin yalnız deportasiya edilmiş soydaşlarımızın deyil, bütövlükdə Azərbaycan xalqının milli maraqları ilə bağlı olduğunu bildirib. Bu məqsədə nail olmaq üçün ictimai həmrəyliyin gücləndirilməsinin və tarixi həqiqətlərin ardıcıl təbliğinin vacibliyini diqqətə çatdırıb.

Daha sonra çıxış edən Əpoş Vəliyev Qərbi Azərbaycan folklorunun toplanılması, qorunması və elmi tədqiqi istiqamətində görülən işlər barədə məlumat verib. O bildirib ki, Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızın yaddaşında qorunan xatirələr, şifahi xalq ədəbiyyatı nümunələri, adət-ənənələr və ailə tarixçələri milli-mədəni irsin mühüm tərkib hissəsidir.

Alim yaşlı nəslin nümayəndələrinin xatirələrinin qeydə alınmasının və folklor nümunələrinin toplanılmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, bu məlumatların vaxtında toplanması tarixi faktların və mənəvi irs nümunələrinin gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Ə. Vəliyev Qərbi Azərbaycan folklorunun sistemli şəkildə araşdırıldığını, bu sahədə elmi nəşrlərin hazırlandığını, respublika və beynəlxalq konfransların keçirildiyini diqqətə çatdırıb. O, elmi tədqiqatların nəticələrinin geniş ictimaiyyətə çatdırılmasının və bölgənin tarixi-mədəni irsinin təbliğinin vacibliyini qeyd edib.

Çıxışının sonunda alim gəncləri ailələrində qorunan köhnə fotoşəkilləri, fotoalbomları, şifahi xatirələri və folklor nümunələrini toplamağa, onların tarixini araşdırmağa və müvafiq elmi müəssisələrə çatdırmağa çağırıb. O vurğulayıb ki, milli irsin qorunması yalnız elmi müəssisələrin deyil, hər bir ailənin və hər bir vətəndaşın məsuliyyətidir.

Tədbir çərçivəsində iştirakçılar Qərbi Azərbaycan İcmasının Səbail rayon nümayəndəliyi üçün ayrılmış yeni ofislə də tanış olublar.